"Bütün yol boyu bərpa və quruculuq işlərinin şahidi oluruq" - SİYASİ PARTİYA RƏHBƏRLƏRİ - SORĞU

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə 29 aprel tarixində Laçın şəhərinə təşkil olunub. SİA mövzu ilə bağlı partiya sədrlərinin fikirlərini öyrənib.

Azad Vətən Partiyasının sədri Akif Nağı: “Biz hələ Laçın şəhərinin özünə çatmamışıq, yaxınlaşırıq. Həkəri çayının sahilində dayandıq. Sonra Zabuqçay su anbarı var, orada da dayandıq. Digər görməli yerlərdə də dayandıq. İndi də Həkəri çayının sahilindəyik. Təəssürat olduqca gözəldir. Hər tərəf füsunkar təəssürat bağışlayır.

Biz keçdik Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının ərazilərindən. Hər yerdə diqqətlə baxdıq: həm erməni vəhşiliklərinin izlərini, həm də bərpa və quruculuq işlərinin geniş şahidi olduq. Hər yerdə tikinti işləri gedir: yol çəkilişləri, evlərin inşası – hərəkətlilik çox sevindiricidir. Sus kəndindən, Bəylik kəndindən keçdik. Hər yerdə yeni evlər tikilib, insanlar artıq həmin ərazilərdə yaşayır, həyətlərdə uşaqlar var. Həyat öz axarına qayıdır. Bu, çox qürurverici və ümidverici bir mənzərədir. Biz də buna sevinirik. Eyni zamanda Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə, hörmətli Ədalət Vəliyevə təşəkkür edirik ki, belə bir təşəbbüslə çıxış ediblər. Bu, həm bizim məlumatlanmağımız, həm də partiya rəhbərləri, siyasi ekspertlər və mətbuat rəhbərlərinin prosesi yaxından izləməsi baxımından çox vacibdir.

Təmas baxımından da əhəmiyyətlidir – partiya rəhbərlərinin, mətbuat nümayəndələrinin və siyasi ekspertlərin birlikdə səfərə çıxması, bir araya gəlməsi, özlərini eyni camiyanın üzvü kimi hiss etmələri cəmiyyətin siyasi mədəniyyəti üçün müsbət haldır. Ümid edirik ki, bu cür təşəbbüslər davamlı olacaq”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: “Laçın rayonunun ərazisinə daxil olduq. İlk tanışlığımız Həkəri çayı üzərində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi tərəfindən qurulan bu nəhəng və geniş sahəni əhatə edən su anbarı ilə oldu. Niyyət gələcəkdə ətraf yaşayış məntəqələrini təsərrüfat suyu ilə təmin etməkdir.

İndi biz Laçının dolama yolları ilə Həkəri çayı boyunca Laçına doğru irəliləyirik. Yol boyu sol tərəfdə, Həkəri çayınının axınının sağ tərəfində Azərbaycanın şanlı bayrağı ilə ermənilərin də bayrağının bir-birinə yaxın sancıldığının şahidi oluruq. Sərhəd demək olar ki bir-birinə yaxın yerdən keçir. Burada təbiət çox qeyri-adidir. Hər tərəf yaşıllıqdır. Biz ağac və kolların əhatəsi ilə hələ təmiri başa çatmamış, ancaq torpaqdan ibarət yol ilə hərəkətimizi davam etdiririk. Bütün yolboyu bərpa və quruculuq işlərinin şahidi oluruq. Əsas diqqət Həkəri çayını bənd arasına salmaq və yol infrasturukturunu yaratmaqadır. Burada bununla bağlı işlər getməkdədir və davam edəcəkdir.

İkinci dayanacağımız Laçının girişi, Həkəri çayının sahilidir. Burada bulvar da yaradıblar. Biz artıq bundan sonra Laçın şəhərinin özünə daxil olacağıq. Laçın şəhərinin alt hissəsində, Həkəri çayının qırağında çox möhtəşəm bir hava var. İnsan buradan ayrılmaq istəmir. Bildirim ki, istirahət parkı, yaşıllıq zonası salınır. Gördüyünüz yolun o tərəfi Həkəri çayının başlanğıc hissələrində hesab olunur və biz bu kəndi keçərək artıq Bəylik kəndinin ərazisinə daxil olacağıq. Bu kəndlər öncədən də bir-birinə yaxın olmuşlar. Hal-hazırda Laçın şəhərinin birinci mərhələdə olan birinci fazası eyni zamanda Zabux və bununla yanaşı Sus kəndi tamamilə təhvil verilmiş hesab olunur. Növbəti planlarımıza əsasən Bəylik kəndinin açılışı gözlənilir və hal-hazırda lahiyələndirmə mərhələsindədir”.

Ağ Partiyasının sədri Tural Abbaslı: “Bu görüş artıq altıncı dəfədir ki, təşkil olunur. Təbii ki, biz hər dəfə qeyd elədiyimiz kimi, bu görüşləri çox müsbət qiymətləndiririk. Həm ona görə ki, bu tarixi torpaqlarımıza, illərlə həsrətində olduğumuz torpaqlara gəlirik, burada görülən işləri görürük və illərlə talanmış torpaqlarımızda həyatın necə qayıtdığına şahid oluruq. Bu, təbii ki, bizi qürurlandırır.

Eyni zamanda, şəhidlərimizin qanı bahasına bu torpaqların azadlığını görürük. Təbii ki, partiyalar və media nümayəndələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə qeyri-rəsmi formatda görüşlərimiz olur, söhbətlərimiz olur, fikir mübadiləsi aparılır, ümumi yanaşma formalaşır, bir-birimiz haqqında olan, tutaq ki, önyarğılar demək olar ki, aradan qalxır, yeni məsələlər müzakirə olunur. Bütün bunlar nəzərə alındıqda, təbii ki, bu görüşləri müsbət qiymətləndirirəm. Yenə deyirəm, mənim həmişə bura olan səfərlərimizlə bağlı son sözüm budur: Gün o gün olsun, digər tarixi torpaqlarımıza məsələn, Zəngəzura da belə səfərlər təşkil olunsun və biz orada birlikdə iştirak edək. Yəni, mən düşünürəm ki, belə səfərlər Azərbaycanın yeni reallıqlarına uyğun, yeni siyasi münasibətlər sisteminin yaranmasında xeyli faydalı ola bilər. Artıq bu əsrin əvvəllərindəki, məsələn, 90-cı illərin sonundakı münasibətlər sistemi sıradan çıxıb. Artıq yeni, daha sivil, daha mədəni, daha verimli bir münasibətlər sisteminin formalaşmasına töhfə verəcəyinə inanıram”.

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa: “Bizim Prezident Administrasiyasının müvafiq şöbəsininin təşəbbüsü ilə Laçın şəhərinə artıq 6-cı səfərimizdir ki bu gerçəkləşir. Ədalət Vəliyev də bizimlə bu səfərlərdə iştirak edir və çox gözəl şərait yaradır ki, hər bir detal ilə tanış olaq, quruculuq işləri haqqında məlumat alaq. Mən hesab edirəm ki, burada biz çox yaxşı şəkildə məlumatlanırıq və bu da bizim üçün bu torpaqların gələcəyi ilə bağlı hansısa fikrə sahib olmağımıza imkan yaradır. Düşünürəm ki, bu siyasi partiyaların xüsusilə də informasiya əldə etməsi faydalıdır. Çünki biz də ölkənin bərpa və quruculuq işləri ilə bağlı məlumatlı olmalıyıq ki, təşəbbüsləri qaldıra və fikirlər bildirə bilək.

Biz qürur duyuruq ki, Azərbaycan Prezidenti və Onun komandası həqiqətən də burada möhtəşəm bir iş görür. Quruculuq, bərpa işləri, iş yerləri üstəlik də insanların bura köçürülməsinin mərhələli şəkildə baş verməsi sevindirici haldır. Bu bizim böyük bir tarixi uğurumuzdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə