Bu ərazilər məhsul yetişdirmək üçün istifadə edilə bilər...

Alimlər Çernobıldakı qəzadan təsirlənən torpaqların təhlükəsizliyini təsdiqləyiblər

...Beynəlxalq alimlər qrupu Ukraynanın şimalında Çernobıl AES-də baş vermiş qəzadan sonra tərk edilmiş kənd təsərrüfatı torpaqlarının yararlılığını qiymətləndirmək üçün protokol təqdim edib.

SİA-nın məlumatına görə, tədqiqat Journal of Environmental Radioactivity (J Environ Radioact) jurnalında dərc olunub.

Söhbət icbari köçürmə zonası adlanan ərazilərdən gedir ki, burada nəinki yaşamaq, hətta əkinçiliklə məşğul olmaq rəsmən qadağandır.

…Və mütəxəssislər göstəriblər ki, bu ərazilərdən bəziləri nə işçilərin, nə də istehlakçıların sağlamlığına təhlükə yaratmadan məhsul yetişdirmək üçün istifadə edilə bilər.

Protokol torpağın radionuklidlərlə, ilk növbədə sezium-137 və stronsium-90 ilə çirklənməsinin qiymətləndirilməsinə əsaslanır.

Məhsulda bu maddələrin miqdarının icazə verilən dəyərləri aşması ehtimalı da hesablanmışdır. Tədqiq olunan 100 hektar ərazidə radiasiya səviyyəsi heç bir parametr üzrə Ukraynada müəyyən edilmiş həddi keçməyib.

Əlavə sınaqlar kənd təsərrüfatı işçilərinin radiasiyaya məruz qalma səviyyələrinin icazə verilən illik dozadan xeyli aşağı qaldığını təsdiqləyib.

Müəlliflər vurğulayırlar ki, üsulu təkcə Çernobıl torpaqlarına deyil, dünyanın uzunmüddətli radiasiya ilə çirklənməsinə məruz qalan digər ölkələrinə də tətbiq etmək olar. Bu yanaşma radiasiya ölçmələrindən və torpaq nümunələrinin götürülməsindən sınaq məhsulunun yığılmasına qədər cəmi bir neçə addım tələb edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə