Aprelin 25-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Qəbələ rayon təşkilatı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-nin birgə təşkilatçılığı ilə “Konstitusiya Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-də keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsi, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsi, suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Vurğulayıb ki, Bu Sərəncam olduqca mühüm bir dövrə təsadüf etdi: 2025-ci il müstəqil Azərbaycan Respublikasınının ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu, eləcə də Vətən müharibəsində Ermənistan ordusu üzrədinə qazanılan böyük Qələbəmizin 5-ci ildönümündə imzalandı.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-nin direktoru Qalib Nəbiyev çıxışı zamanı Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanmasının vacibliyindən danışıb. O bildirib ki, konstitusiyamız müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. Bildirib ki, 1995-ci il iyunun 5-də Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən nəzarət edib, məsələlərlə yaxından maraqlanıb.
Yap Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov qeyd edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ərazi partiya təşkilatının sədri Reyhan Məmmədova bildirib ki, dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Əsas qanunda cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilmişdir.
Partiya fəalı Türkan Gözəlli çıxışında qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz.
Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə