İsrail Suriyanı hücumlarla hədələdi

Suriyanın yeni hakimiyyət orqanları ölkədəki druz icmasına qarşı hücumların qarşısını ala bilməsə, İsrail buna cavab verəcək. SİA xəbər verir ki, bu bəyanatla İsrailin müdafiə naziri İsrael Katz çıxış edib.

"Əgər druzlara qarşı hücumlar bərpa olunarsa və Suriya rejimi onlara qarşı mübarizə apara bilməsə, ölkəmiz qətiyyətli güclü addımlar atacaq. İsrail druzları qorumağa sadiqdir və vəziyyəti diqqətlə izləyir", - nazir qeyd edib.

Nazir həmçinin deyib ki, aprelin 30-da Suriyada druz icmasına edilən hücumlardan sonra o, baş nazir Benyamin Netanyahu ilə birlikdə IDF-yə ekstremist qruplara qarşı qabaqlayıcı zərbələr endirməyi tapşırıb. Suriya hökumətinə də druz icmasına qarşı hücumların qarşısını almaq üçün məsuliyyət daşıdığı barədə aydın mesaj verilib.

Həmin gün İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir hərbçilərə druzlara qarşı zorakılıq davam edərsə, Suriyanın yeni hökumətinin hədəflərini vurmağa hazırlaşmağı əmr edib. Ordunun mətbuat xidməti vurğulayıb ki, çərşənbə günü İsrail Hərbi Hava Qüvvələri druz icmasından olan mülki şəxslərə hücum edən yaraqlılara Dəməşqin kənarında hücum edib.

Bütün xəbərlər Facebook səhifəmizdə