Yunanıstanda tətil səbəbindən dəmir yolu və bərə xidmətləri dayandırılıb

Ümumyunanıstan Dəniz Federasiyasının təşkil etdiyi tətil səbəbindən bərə xidmətləri iflic olub. SİA “AP” agentliyinə istinadla xəbər verir ki, aprelin əvvəlindən Yunanıstanda ölkənin ən böyük həmkarlar ittifaqı qiymət artımına qarşı mübarizə çərçivəsində əmək haqlarının artırılması tələbi ilə tətilə başlayıb. Həmkarlar ittifaqları hökumətdən beynəlxalq kreditorların on il əvvəl ortaya atdığı qənaət tədbirlərinə son qoymağı tələb edirlər.

“Biz işdən çıxarılan bütün işçilərlə müqavilələrin bərpası, “boz” iş sxemlərinin ləğvi və bütün kateqoriyalardan olan dəniz nəqliyyatı işçiləri üçün kollektiv əmək müqavilələrinin imzalanması üçün mübarizəmizi davam etdiririk”, - deyə federasiyanın bəyanatında bildirilir.

Bundan əlavə, etirazçılar iş qrafikinin pozulmasına son qoymağa çağırır və dəniz nəqliyyatı işçilərinə tibbi xidmətin yaxşılaşdırılmasında israr edirlər.

Dəmir yolu işçiləri də dənizçilərə qoşulub, Afinada iki əsas həmkarlar ittifaqının çağırışı ilə 1 May bayramı ilə əlaqədar nümayiş keçirilib. Tədbirdə yeddi minə yaxın insan iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə