Böyük Britaniyanın Apellyasiya Məhkəməsi ABŞ-ın Texas ştatında yerləşən “Optis Cellular Technology” şirkətinin “Apple”a qarşı patent mübahisəsində qələbəsini tanıyaraq, texnologiya nəhəngini 502 milyon dollar birdəfəlik təzminat ödəməyə məcbur edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Optis” 2019-cu ildə “Apple”a qarşı London məhkəməsində iddia qaldıraraq “iPhone” və “iPad” kimi cihazlarda istifadə olunan 4G texnologiyası ilə bağlı bəzi patentlərin hüquqlarını pozduğunu bildirmişdi.
Şirkət bu patentlərin texnoloji standartlar üçün vacib olduğunu vurğulayaraq onların istifadəsi üçün daha yüksək məbləğdə kompensasiya tələb etmişdi.
Əvvəlki məhkəmə qərarında “Apple”a daha aşağı məbləğ müəyyən olunsa da “Optis” bu qərarı apellyasiya qaydasında mübahisələndirərək fevral və mart aylarında keçirilən dinləmələrdə uğur qazanıb. Apellyasiya məhkəməsi qismən redaktə olunmuş yazılı qərarında “Apple”ın 2013-2027-ci illəri əhatə edən dövr üçün “Optis”in patentlərindən istifadəyə görə 502 milyon dollar ödəməli olduğunu bildirib. Bu məbləğ faizləri nəzərə almır və qlobal lisenziya əsasında hesablanıb.
“Apple” sözçüsü qərardan məyus olduqlarını və apellyasiyaya müraciət etməyi planlaşdırdıqlarını açıqlayıb: ““Optis” heç bir məhsul istehsal etmir, onların əsas fəaliyyəti patent alıb şirkətləri məhkəməyə verməkdir. Biz onların əsassız ödəniş tələblərinə qarşı mübarizəmizi davam etdirəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə