"Qayınana ilə münasibət qızların ailə tərbiyəsindən asılıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qayınana ilə münasibət qızların ailə tərbiyəsindən asılıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qayınana ilə münasibət, əsasən, qızların ailə tərbiyəsindən, hansı ailədən çıxmasından asılıdır. Həmçinin, insanın xarakteri, həyata baxışı da rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, bu məsələdə həm də yaş faktoru da öz işini görür: "Qız uşaqlarının əsas tərbiyəsiçisi anasıdır. O qız övladı ki, evdə nənə-baba tərbiyəsi görür, mehriban münasibətlər yaşayırsa, orada sadiqlik, nəvazişin şahidi olur. Ona görə uşaqlıqdan gələcək qayınana-qayınataya qarşı müsbət fikirlər formalaşır. Əgər ailədə anası və nənəsi arasında konflikt yaşanırsa, qız uşağı travma alır və düşünür ki, anam kimi mən də qayınana ilə yaşasam bu cür mübahisələrlə üzləşə bilərəm. Elə bu səbəbdən də həmin qız hər zaman ayrı, hüzur içində yaşamaq istəyir. Başqa bir səbəb kimi həmin qızların evdarlıqlarının az olmasını və ailəyə tam bağlı olmamaqlarını da misal gətirə bilərik. O qisim qızlar həyatlarında hansısa qadağaları sevmirlər. Onlar daima həyat yoldaşları üçün diqqət mərkəzində olmaq, eyni zamanda, kişinin anasına deyil, ona bağlı olmağına üstünlük verirlər. Bu qızlar böyüklər tərəfindən heç bir məsləhət almaq istəmirlər. Onlar hətta həyat yoldaşları tərəfindən belə hansısa qadağalara dözə bilmirlər”.

O vurğulayıb ki, bir qisim qızlar isə, natamam ailədə böyüdüyü üçün onlar hər zaman böyük ailə arzusunda olur: “Məsələn, ya ana, ya ata nəvazişindən məhrum olan qızlar hər zaman geniş ailədə yaşamaq istəyirlər. Digərləri isə öz peşə fəaliyyətini davam etdirmək üçün qaynanası ilə bir yerdə yaşamağa üstünlük verir. Bu zaman o, ailə məsuliyyətinin bir qismini qaynanası ilə paylaşmaq istəyir. Hətta olur ki, qızlar birlikdə yaşamaq istəyirlər, əksinə, oğlan valideynləri ilə qalmaq istəmir. Yəni, belə situasiyalar da var”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə