Bizi keçmişdən nə uzaqlaşdırır? - ARAŞDIRMA

XX əsrin ikinci yarısından etibarən dünyada cəmiyyətin sosial və iqtisadi həyatında əhəmiyyətli dəyişikliklərə şərait yaradan stiusiyalar baş vermişdir. Bunlardan ən əhəmiyyətlisi, heç şübhəsiz ki, informasiya və telekommunikasiya texnologiyalarının (İKT) inkişaf etməsi olmuşdur. Bununla əlaqədar olaraq məşğulluq səviyyəsində müşahidə olunan artış, informasiyaya olan təlabatı da artırmışdır. Dünya iqtisadiyyatında telekommunkiya, hesablaşma texnologiyaları və digər inkişaf etmiş texnologiyaların istehsal edilməsi vacib bir sahəyə çevrilmişdir. İKT-nin inkişafı dünyada çox əvvəldən başlasa da, Azərbaycanda 90-cı illərdə özünü göstərmişdir, əsasən isə 1997-1998-ci illərdən sürətlə vüsət almışdır. Artıq getdikcə hər şey elektronlaşmaya doğru gedir. Günümüzdə ənənəvi qol saatlarından istifadə belə azalıb. Əksər insanlar ağıllı (smart) saatlardan istifadə edir. İstifadə sahəsi günü-gündən artan ağıllı saatların ən diqqət çəkən xüsusiyyəti sağlamlıq məlumatlarıdır. Bununla belə, bu məlumatların dəqiqliyi və məlumatların pozulması riskləri də müzakirə mövzusudur. Bəs, bizi keçmişdən uzaqlaşdıran nədir? Niyə elektron cihazlar həyatımıza bu qədər sirayət edib. SİA mövzu ilə bağlı araşdırma aparıb.

Smart saat nədir?

Telefonlarımızdan sonra ən sürətli ağıllı cihazlar saatlarımızdır. Ağıllı saat sözü ingilis dilində olan "Smart Watch" sözündən yaranıb. Klassik mexaniki və elektron saatlardan fərqli olaraq, onlar smartfona qoşulur, mobil cihazdan yüklənən bütün məlumatı istifadəçiyə çatdırmaq üçün sensor ekrandan istifadə edir.

Başqa sözlə, bu sizin smartfonun əksidir. Əgər smart saat telefonsuz işləyirsə, onlar müxtəlif ötürücülər - ürək ritminin ölçülməsi, addım ölçən, məsafə ölçən və hətta arterial təzyiq ölçən kimi ötürücüləri çalışdırır. Göstəricilər birbaşa saatın displeyində əksini tapır.

Rəqəmsal rəqəmlər saat və dəqiqə əqrəblərini əvəz etdi. Telefonlarımız saatlarımıza qoşuldu və onlar vasitəsilə mesajlarımızı oxumağa, e-poçtlarımızı yoxlamağa başladıq.

İndi ağıllı saatlar qan oksigenini ölçür, EKQ çəkir, ürək döyüntüsünü izləyir və hətta bizə gündəlik içməli olduğumuz suyun miqdarını bildirir.

Bu cihazların təqdim etdiyi məlumatlar əslində böyük potensiala malikdir, lakin elmi araşdırmalar göstərir ki, bu cihazların verdiyi məlumatlar təəssüf ki, 100 faiz dəqiq deyil. Bununla belə, xüsusilə uzun müddətli təqib tələb edən xəstələrdə ağıllı saatların çox yaxşı işlədiyini söyləmək olar.

Ağıllı saatdan istifadə sağlamlıq üçün zərərlidirmi?

Ağıllı saat istifadəsində bəlkə də ən narahatedici məsələlərdən biri onun sağlamlığa mənfi təsirləridir.

Mövzu ilə bağlı araşdırmalar göstərir ki, ağıllı saatlar telefonla danışmağımızı təmin edən texnologiyalardan fərqli üsullardan istifadə etdikləri üçün ciddi problemlər yaratmır.

Ağıllı saatlar hansı təhlükələr doğurur?

Bir çox ağıllı saatlarda təhlükəsizlik mühafizəsi olsa da, hakerlər mobil şəbəkələrə qoşulan cihazları sındıra bilər. Cihazınız mobil ödənişlərə açıqdırsa və ya evinizdə və avtomobilinizdəki digər cihazları idarə edə bilirsə, bu təhlükə arta bilər.

Sağlamlıq məlumatlarının toplanmasına insanın yerinin müəyyən edilməsindən tutmuş əl hərəkətlərinin qeydə alınmasına (ağıllı qolbaq və ya ağıllı saatdan istifadə edərkən) və parolların əldə edilməsinə qədər potensial təhlükələr daxildir.

Məsələn, 10 milyondan çox insanın istifadə etdiyi sağlamlıq proqramında istifadəçilər qaçış marşrutlarını ictimai xəritədə paylaşırlar. Bu sahədə ABŞ-ın Suriya və Əfqanıstandakı gizli hərbi bazaları üzə çıxmışdı. Çünki əsgərlər tətbiqdən istifadə edərək qaçış xəritələrini paylaşmışdı və bu da həmin bölgələrdəki bazaların üzə çıxmasına səbəb olmuşdu.

Bəs, cihazlara nəzarəti necə təmin etmək olar?

Əvvəla, telefonlarımızda olduğu kimi, saatlarımızda da hesablara və geolokasiyaya giriş sorğularına icazə verməməliyik.

Cihaz parollarının dəyişdirilməsi və kilid ekranının aktivləşdirilməsi də müdafiənizi artıra bilər. Son olaraq təhlükəli olan əlavə tətbiqlərdən qaçınmaq da faydalıdır.

Niyə bu qədər inkişaf etdi?

Texnologiya daim özünü yeniləyir və günü-gündən inkişaf edir. Bu sabit deyil. Buna görə hər keçən gün yeni bir texnoloji inkişafla qarşılaşmaq mümkündür. Bu inkişaflar insanın həyatına təsir edir. Texnologiyanın bu qədər inkişaf etməsinin səbəbi nədir? Mövzu barədə texnoloq Fərhad Mirəliyev fikirlərini bölüşüb: “Düşünürəm ki, bu, təhsilin səviyyəsi, daha doğrusu əlçatanlığı ilə bağlıdır.

XVIII əsrdə kağız (kitab, dəftər) istehsalının dəyəri azaldı. Sürətli bilik mübadiləsi imkanı yarandı. Buna görə də hətta kasıb təbəqə də elmlə məşğul olmağa başladı. Bu da öz növbəsində, elmin sürətli inkişafına, elektrik enerjisinin və internetin kəşfinə səbəb oldu. Müharibə komputerin ixtirasına kömək etdi. Bundan əlavə, sürət məsələsi də var.

Artıq cəmiyyət olaraq, bəşəriyyət olaraq gündəlik həyatımız sürətli reaksiyalar tələb edir. Bu tələblər isə yeni texnologiyaları doğurur”.

Texnologiya insanın həyatını asanlaşdırır...

İnsanların texnologiyanı belə asanlıqla qəbul etməsi isə bir başqa mövzudur. Bunun ən tez ağılagələn səbəbi insanların işini asanlaşdırmasıdır. Başqa sözlə, insanlar texnologiyanı tez bir zamanda qəbul etdilər və həyatlarında istifadə etdilər. İnsanların gündəlik həyatında texnoloji iştirakı bir çox kəşflər kimi uzun illər almadı. İnsanların həyatını hər cür asanlaşdırdığından, qısa bir müddət saxlanılır və qəbul edilir. Texnologiya insanların həyatına müxtəlif yollarla faydalana bilər. Bəzi insanlar texnologiyanı istifadə edərək işlərini daha sürətli edirlər və bunu tətbiq edirlər. Hər iki vəziyyət bir çox insanın həyatını asanlaşdırır və bir çox insanlar üçün həyat səviyyəsini qaldırır. Buna görə də qəbul edilir və üstünlük təşkil edir.

Elektron hökumətin faydası

Ümumilikdə elektronlaşmadan söhbət gedirsə bilirik ki, artıq nəinki sadəcə insanlar hökumətlər də elektronlaşır. Bəs, dövlətlərin, hökumətlərin rəqəmsallaşması hər hansı zərəri varmı? Bu barədə İT mütəxəssisi Vahid Qasımov öz fikirlərini bildirib: “Elektron hökumətin ancaq və ancaq faydası var. Xidmətlər elektronlaşmalıdır. Vətəndaşlar evdən çıxmadan, idarəyə getmədən rahat şəkildə lazım olan sənədləri, məlumatları əldə etməlidir. Həddən ziyadə digitallaşmanın yaratdığı sadəcə bir problemi var, bu, sosioloji və psixoloji problemdir. Yəni belə olanda insanlar normal ünsiyyətdən məhrum qalırlar. Bir-birləri ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər.

Azərbaycanda hökumətin elektronlaşmasının hansı səviyyəsinə gəldikdə isə mütəxəssis qeyd edib ki, elektron hökumət mövzusunda ölkəmizin vəziyyəti heç də pis deyil. Hətta müqayisə etsək, bəzi Avropa ölkələrindən daha yaxşı səviyyədəyik. Səbəb isə bizim bu trendə gec girişməyimizlə bağlıdır. Gec girişdiyimizə görə ən yeni texnologiyalara sahibik. Kim ki bizdən əvvəl bu sahəyə girişib, onun tətbiq etdiyi texnologiyalar bu gün üçün köhnədir. Həmin texnologiyanı yeniləmək isə hazırda ona sərf etmir. Çünki pul ödəyib.

Nəzərə alsaq ki, Azərbaycan neft ölkəsidir, deməli, bizim pul problemimiz də yoxdur. Ona görə də elektronlaşma mövzusunda bizim imkanlarımız normal səviyyədədir. Bizdə qənaətbəxş olmayan şey xidmətdir. Digital müraciət sadəcə yoldur, xidməti göstərən insanlardır. “Sizə cavab qırx və ya beş iş günü ərzində veriləcək” deyilməsi problemdir, çünki müddətlər həddən artıq uzundur. Yəni xidmət aşağı, sistem yüksək səviyyədədir. Bu isə kadr problemindən qaynaqlanır. Kadr bizim ümummilli problemimizdir”.

Azərbaycan cəmiyyətində elektronlaşma bir qədər fərqli inkişaf edir. Niyəsə texnologiyanın inkişafından düzgün istifadə edə bilmirik. Elektronlaşma cəmiyyətimizdə hansı şəkildə təzahür edir? Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net-in təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı geniş şəkildə danışıb: “Bəşəriyyət böyüyən dövrlərdə elə ixtiralar, texniki yeniliklər edir ki, həm insanlar üçün rahat olsun, həm inkişafa stimul versin, həm təbiətin qorunmasına kömək etmiş olsun. Bu mənada son illərin "ağıllı" avadanlıqları, xüsusilə də elektrik enerjisi ilə işləyən müxtəlif texniki vasitələr bütövlükdə insanların komfortuna hesablanıb. Dünyanın ən nəhəng şirkətləri ixtisaslaşmış xüsusi intellektualların, texniki mühəndislərin iştirakı ilə müxtəlif smart cihazlar ixtira edirlər. Bunlar məişətimizi, kənd təsərrüfatımızı, sənayemizi, hətta kosmosu belə fəth etməyə başlayıb. Artıq IV sənaye dövründə yaşayırıq. İndi texniki qurğulardan yalnız sənayedə, məişətdə istifadə edilmir. Elmin, təbabətin və ümumilikdə həyatın elə bir sahəsi yoxdur ki, orada avtomatlaşdırma, süni intellektləşdirmə və robotlaşma getməsin. Azərbaycan cəmiyyəti hər zaman bu texniki yeniliklərə açıq olub. Biraz lovğalanmağı da xoşladığımız üçün ən yeni texnologiyanı ölkəmizdə görmək istəyirik. Doğrudur, yeni texnologiyaya açıq olmaq müsbət bir haldır. Amma bunun mənfi cəhətləri də var. Cəmiyyət olaraq lazım oldu və ya olmadı çox bahalı texniki avadanlıqlara vəsait ayırırıq. Tələbə hara, ən bahalı telefondan və ya maşından istifadə etmək hara? Bu, izafi xərclərdir. Əgər həmin telefondan, kompüterdən, ağıllı saatlardan biznesimizin inkişafı və ya başqa işimiz üçün istifadə ediriksə, bu başadüşüləndir. Amma özünü başqalarına göstərmək üçün belə bahalı avadanlıqların istifadəsi çox gülünc görünür. Əgər 150 dollarlıq və brend adı altında satılan 1500-3000 manatlıq cihazlar eyni funksiyanı yerinə yetirirsə, niyə sırf bahalı olanı almalıyıq?

Ümumilikdə isə elektronlaşma çox güclü gedəcək bir prosesdir. Biz cəmiyyət olaraq buna hazır olmalıyıq. Artıq dövlət olaraq da biz elektronlaşmaya gedirik. Yüksək sürətli optik internet, Qarabağda smart kəndlərin yaradılması, Sumqayıt və digər texnozonalarda smart cihazların istehsalına təkan verə biləcək zavodların tikilməsi onu sübut edir ki, dövlət olaraq bu yöndə yaxşı istiqamət götürmüşük. Amma insanlarımız bu yöndə bir qədər tənbəldir. Bəlkə də ölkəmizin iqtisadi imkanları nəhəng ölkələrin bazarı kimi geniş deyil və öz bilik, bacarıqlarını burada tətbiq edə bilmirlər deyə daha çox xaricə üz tuturlar. Dünyanın hər yerində artıq azərbaycanlı mütəxəssislərin uğurlarının şahidi oluruq. Amma Azərbaycanda sadəcə göstəriş üçün bu cihazlara üz tuturlar. Belə olduğu halda biz elektronlaşmanın yalnız əsirinə çevrilə bilərik, nəinki qəhrəmanına. Niyə Azərbaycanda "iPhone" istehsal edilməsin? Düşünürəm ki, Azərbaycanda Çin, İran və digər ölkə maşınlarını istehsal etməkdənsə, yeni texnologiyalara üstünlük vermək lazımdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə