O, 70 yaşı deyil, ölümü seçdi - FOTOLAR

Yazda, güllü-çiçəkli bir vaxtda doğulmuşdu. May ayının 28-i Azərbaycanın müstəqil bir dövlət kimi dünya xəritəsində yer aldığı vaxt, Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gün onun doğum günü idi. Bilərəkdən doğum günü tarixinə biganəlik edib ad günü keçirmək istəməsə də, doğulduğu günün nə qədər əhəmiyyətli olduğunun mahiyyətindən çox ürəklə danışardı. Biz onu bir neçə dəfə telefonla, "facebook" üzərindən təbrik etmişdik. Təvəzökarlığı o qədər böyük idi ki, diqqəti özündən yayındırıb başqa məcraya yönəltməyə çalışırdı. Bu yazda da keçən illərdə olduğu kimi onu təbrik etdim və dedim ki, elə-belə quru təbriklə olmur, televiziyamız sizin haqqınızda yaxşı bir sənədli film çəkmək istəyir.

Artıq onun başqa bir söz deməsinə yer qoymamışdım. Amma təklifimə cavab olaraq "gələn ilə saxlayaq" dedi. Dedi ki, gələn il 70 yaşım tamam olacaq, gəl saxlayaq 2023-ə. Həqiqətən də maraqlı təklif olduğundan razılaşdım. Bir də fikirləşdim ki, Nazim Bababəyli üçün ən böyük yubiley hədiyyəsi məhz televiziyamızın hazırladığı film olar. Çox təəssüf ki, zalım əcəl bizim arzularımızı yarıda qoydu. Qəfil xəstələnməsi, ürəyində baş verən narahatlıqlar az bir zaman ərzində onu bu dünyadan apardı. Bizim isə birlikdə bir çox planlarımız, arzu və istəklərimiz reallaşa, gerçəkləşə bilmədi.

Demək olar ki, Naxçıvanda onu tanımayan az sayda adam olardı. Uşaqdan-böyüyə onu tanıyanlar sosial media hesablarından Nazim Bababəylinin dünyasını dəyişməsi xəbərini oxuyanda bunun bir zarafat olduğunu zənn etdilər. Əslində isə bu, gülüş doğurmayan bir zarafat idi. Sonuncu dəfə Nazim Bababəyli öz ölüm xəbəri ilə son zarafatını hamıyla etdi. Bu xəbəri eşidəndə əksər insan internet üzərindən axtarış verəndə eşitdikləri xəbərin yalan olması üçün hətta Allaha da yalvarırdı. Mən də Allaha yalvarırıdım ki, bu xəbər yalan ola. Amma 5 dəqiqənin içərisində bu xəbər elə sürətlə tirajlandı ki, bütün ölkə mətbuatı onun ölümündən yazdı. Tanıyanlar, bilənlər sosial hesablar üzərindən edilən başsağlığına qoşuldular. Yazılan başsağlıqlarını oxuduqca məndə bir fikir formalaşdı ki, yaxşı, dəyərli, gözəl, səmimi, mehriban, qayğıkeş, mərhəmətli olmaqla, zalım, əzazil insanların da ürəyini ofsunlamaq olarmış. Hətta heyvanları da, çiçəkləri də, havanı da ram etmək üçün mütləq yaxşı adam olmaq lazımdır.

Bəlkə də onun ölüm xəbərini eşidənlərin arasında yaxınları qədər narahat olanların əksəriyyəti onun tələbələri idi. Müəllim -tələbə sevgisi gerçək həyatımızda bir o qədər inandırıcı görünməsə də, istisnalar var. Biz bunu professor Hüseyn Həşimlinin, Rafiq Babayevin, Hacı Qadir Qədirzadənin timsalında da gördük. Məsəl var, deyirlər ki, “Adam var evdən gedir, adam da var eldən gedir”. Bəli, Nazim Bababəyli də eldən gedən adam olduğu üçün, onun yoxluğu təkcə ailə üzvlərini, qohumlarını deyil, həmçinin bütün onu tanıyanları yandırıb yaxdı.

İndi fikirləşirəm ki, əgər Nazim Bababəyli ilə bağlı film çəkmiş olsaydıq, mən girişi necə başlayardım? Bəli, indi ipucu tapa bilmirəm. Amma əgər sağ olsaydı girişdə təbii ki, Naxçıvanımızın gözəl təbiətini onun öz səsi ilə tərənnüm etməsindən başlayardım. Doğma Naxçıvanımıza qəlbən, ruhən, mənən bağlı adam idi coğrafiyaçı alim Nazim Bababəyli.

Sağlığında deyirdi ki, mənim Moskvada, Bakıda qalıb işləmək şanslarım var idi, amma qala bilmədim. Hara getdimsə doğulub boya-başa çatdığım Naxçıvan torpağı məni maqnit kimi özünə cəlb etdi. 5-10 günlük konfranslara gedişim belə mənə ən uzun səfər kimi görünürdü.

O, həm də televiziya işçilərinin yaxın dostu idi. Buradan, televiziyamızdan tanımadığı, yeni gələn müxbirlər belə ona zəng edib müsahibə almaq istəyəndə, onlara da yox demirdi. Bəlkə də dünyada yeganə adam idi ki, leksikasında yox kəliməsi yox idi. Bəlkə də yeganə insan idi ki, bu dünyada könül qırmamışdı, kiminsə xətrinə dəyib, küskün salmamışdı.

2 böyük universitetdə dərs deyirdi. Böyük idarənin müdiri, Ali Məclisin deputatı idi, tez- tez xaricdən, Bakıdan qonaqlar olurdu və jurnalistlərin də ensklopedik bilik mənbəyi idi. Bildiyi sahələrdən sual verəndə elə ürəklə, səmimi cavab verirdi ki, sözünü kəsməyə, onu dayandırmağa heç qıymırdın. Naxçıvanın təbiəti, fauna və florası, təbii ehtiyatları, sərvətləri, geoloji quruluşu, coğrafi mövqeyi ilə bağlı kimə məlumat lazım idisə dərhal Nazim Bababəyliyə üz tuturdu. Soyuqdan, istidən, küləkdən, borandan çəkinmədən söz verirdisə mütləq gəlirdi.

Nazim Bababəylinin müəllimliyi ilə bağlı da çox maraqlı məqamlar var. O, özünün, ardıcıllarının yetişməsindən ötəri bütün bilik və bacarqılarını tələbələrinə verməkdən çəkinmirdi. 50 tələbənin içərisində birinin onun dediklərinə marağını duyunca, o, bir nəfər daha da çox öyrənsin deyə 90 dəqiqə dayanmadan dərs keçir, izahlar verirdi. Bilirik ki, müəllim sözü ərəb, xoca sözü isə türklərin öz qrammatikasında gələn sözdür. Deyirdi ki, mənə xocam deyə müraciət edəndə daha da həvəslənirəm. Elə bilirəm bu sözün altında öyrətməklə yanaşı, həm də bir atalıq, qardaşlıq, dostluq dəyərləri yatır.

Dünyanın çox yerində olmuşdu. Elmi konfranslarda, yığıncaqlarda, yüksək səviyyəli toplantılarda iştirak etmişdi. Hətta bir çox tədbirdə erməniləri faktlarla, sübutlarla yerində oturduğuna görə düşmənlərimizin təyziqləri ilə qarşı-qarşıya da qalmışdı. O, heç vaxt diletant sayağı, boğazdan yuxarı danışmaz, əsassız söhbətlərə görə mübahisə etməzdi.

Çöhrəsindəki təbəssüm, yumoristik söhbətləri hamını özünə bağlayırdı. Təriflərə qarşı kompleksi olduğundan həmişə diqqəti özündən yayındırıb, gülüş, təbəssüm yaradan, özüylə bağlı gülməli hadisələrə üstünlük verərdi. Atası Səfəralı müəllim uzun müddət Naxçıvanda yüksək vəzifələrdə çalışmışdı. Hətta Naxçıvanda ilk dəfə televiziya yarananda komitə sədri də işləmişdi. Şair ruhlu Səfəralı müəllim həm də bir neçə kitabın müəllifi olmuşdur. Atasının yaradıcılığı ilə bağlı bir neçə dəfə ona suallarda ünvanlamışdım. Bir dəfə soruşdum ki, Nazim müəllim, Səfəralı müəllim çox bilikli, dünyagörüşlü birisi olub. Onun bu qədər bilik dairəsi hardan qaynaqlanır? O, isə dedi ki, atam folklorumuzu, adət-ənənələrimizi çox yaxşı bilirdi. Bu istedad, bu qabiliyyət Nazim müəllimə də keçmişdi. Deyə bilmədiyi, ürəyində saxladığı, tədqiq etmək istədiyi nə qədər arzusu yarıda qaldı. Əgər onun keçdiyi ömür yoluna baxmaq, ömür kitabını vərəqləmək istəsək, bunun üçün xeyli vaxt lazım gələr. Yaşadığı ömürün hər bir ili ilə bağlı bir kitab yazmaq olar. Təbii ki, Nazim müəllimi tanıyanlar, yaxud haqqında eşidib, daha ətraflı məlumat əldə etmək istəyənlər çoxdur. Biz də bunu nəzərə alıb dünyasını dəyişdiyi gün Naxçıvan Dövlət Unversitetinin öz səhifəsində paylaşdığı rekviumu necə varsa, o şəkildə də yazımıza daxil edirik. Gəlin onun böyük ömür yolunu kiçik yazıya sığdırıb birlikdə vərəqləyək.

Nazim Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1961-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbə daxil olan Nazim Bababəyli 1971-ci ildə həmin məktəbi bitirib. 1971–1975-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsində təhsil alıb. Nazim Bababəyli 1975-ci ildə Azərbaycan SSR EA "Kaspi" mərkəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1977-1978-ci illərdə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində, 1978-1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb. 1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışmaqda idi.

2004-cü ildə “Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti” adlı dissertasiya müdafiə edib və coğrafiya üzrə fəlsəfə doktoru elmi adını alıb.

1994-cü ildə Naxçıvan şəhər Məclisinin, 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırış və 2020-ci ildə VI çağırış Naxçıvan MR Ali Məclisinin deputatı, Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü olub.

Naxçıvan MR-in əməkdar müəllimi olan Nazim Bababəyli “Tərəqqi” medalı, “Akademik Plyuqin” medalı və “Akademik H.Əliyev adına döş nişanı” ilə təltif olunub. 269 elmi məqalənin, o cümlədən, 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.

Qeyd edək ki, Nazim Bababəyli 2010-cu ildən Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya kafedrasının dosenti, 2003-cü ildən 2016-cı ilədək həmin kafedranın müdiri vəzifəsində işləyib.

Bəli, zalım əcəl bizdən özümüzə ideal saydıqlarımızı, sevib dəyər verdiklərimizi cismən ayıra bilər. Amma həmin İdeal sayılanlar bizim yaddaşımızda, qəlbimizdə, özlərinin xeyirxah və gözəl əməlləri ilə böyük yer ediblər ki, həmişəlik tutduqları yerlərdə qalırlar. Onların yeri nə dolur, nə də ki, başqaları ilə əvəz olunmur. Bu gün yeri hər yerdə görünən, əvəzi olmayanlar arasında siz də varsınız Nazim Bababəyli. Titullarınız, mükafatlarınız, fəxri adlarınız çoxdur. Amma fəth etdiyiniz, əbədi rəğbətini qazandığınız könüllər onlardan da çoxdur. Yeriniz cənnət, ruhunuz bir daha şad olsun əziz müəllimimiz.

Müzəffər Əsgərov

Vaqif Agalarov

Naxçıvan televiziyasının əməkdaşları

Bütün xəbərlər Facebook səhifəmizdə