Müqəddəs tariximizə mübarizə səhifəsi kimi yazılmış 20 Yanvar qətliamı

“Bu təcavüz təşkil olunmuşdu və bunu təkcə Qorbaçov, yaxud Moskvada Sovet hökumətinin, Kommunist Partiyasının digər rəhbərləri təşkil etməmişdi. Bunu birinci növbədə Azərbaycan Respublikasının o vaxtkı Kommunist Partiyasının rəhbərləri öz xalqını boğmaq, əzmək, tapdalamaq üçün, xalqın azadlıq hərəkatını yatırtmaq üçün, xalqın mənliyini təhqir etmək üçün təşkil etmişdilər.” (Heydər Əliyev)

Müqəddəs tariximizə qanlı faciə və şanlı mübarizə səhifəsi kimi yazılmış 20 Yanvar qətliamının 33-cü ildönümünü bu gün dünyanın hər yerində soydaşlarımız vətənpərvərlik duyğuları ilə yanaşı, həm də, iki il üç ay əvvəl Vətən müharibəsində şəhidlərimizin qanı bahasına qazandığımız tarixi qələbədən doğan qürur hissləri ilə qeyd edirlər. Şəhidlərimizin mübarizə hədəfi olan müstəqilliyimizə otuz il əvvəl qovuşmuşuq. Ərazi bütövlüyümüzün isə otuz il sonra bərpa edilməsi ilə şəhidlərimizin bu böyük arzusu da gerçəkləşdi. Artıq şəhidlərimizin apardıqları mübarizə tam qələbə ilə başa çatıb, düşmənlərdən onların intiqamı alınıb. Artıq ikinci ildir ki, Vətən qurbanlarının narahat ruhları dinclik tapıb.

“Bu qanlı faciə Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı.” (İlham Əliyev)

20 Yanvar faciəsi 1988-ci ilin əvvəllərindən Azərbaycana qarşı başladıqları təcavüzkarlıq siyasətinin dərinləşməsi gedişində xain erməni millətçi-separatçı dairələrinə havadarlıq edən keçmiş SSRİ rəhbərliyinin bu qəsdə qarşı ümummilli cəbhə yaratmış xalqımızı cəzalandırması aksiyası kimi baş versə də, nəticədə, ərazi bütövlüyümüz uğrunda mübarizəni azadlıq hərəkatı müstəvisinə çıxardı. 20 Yanvara gedən 2 illik yolun özü də çətin, mürəkkəb, kəşməkeşli sınaqlarla müşayiət olunmuşdu.

“Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi.” (İlham Əliye)

Faciədən əvvəlki aylarda və günlərdə respublikada vəziyyət getdikcə çətinləşir, pisləşirdi. Xalq açıq aşkar görürdü ki, Azərbaycanla əlaqəsi çoxdan kəsilmiş, Moskvadan Bakıya xüsusi diqtə ilə göndərilmiş Ə.Vəzirov hər dəfə erməni millətçilərinə, mərkəzə güzəştə gedirdi. Ona görə Azərbaycan xalqı belə rəhbərdən xilas olmaq, öz sözünü demək üçün ayağa qalxdı. Xalq tələb edirdi ki, respublika rəhbərliyi Qarabağ probleminin həllində daha prinsipial mövqe tutsun, onun qayğıları, arzuları ilə yaşasın. Tarixdən məlumdur ki, azadlıq siyasi mədəniyyətin yüksək olduğu şəraitdə daha az itki ilə əldə edilə bilər. Sovet rəhbərliyi çalışırdı ki, müxalifətdən olan radikal qüvvələr hər hansı bir təxribata əl atsınlar ki, onlara qarşı cəza tədbirləri görməyə bəhanə olsun, Qarabağ problemi kölgədə qalsın. Belə bir şəraitdə Ermənistanın silahlı birləşmələri Azərbaycan kəndlərinə basqın edir, dinc əhalini öldürürdü, mərkəz isə səsini çıxarmır, biganəlik göstərirdi.

“Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” (Heydər Əliyev)

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdur.

Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. İkincisi, 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Üçüncüsü, müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, zərər çəkmişlərə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 3 onillik öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.

Biz yaxın tarixin müdhiş faciəsinə Heydər Əliyevin nəzərləri ilə baxanda nələri görür və yəqin edirik? 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o vaxt kı sovet rəhbərliyinin ali vəzifə borcuna və adi insanlıq xislətinə zidd olaraq, bütün qoşun növlərini səfərbər etməklə, güc nazirlərinin bilavasitə iştirakı ilə ittifaq dövlətinin müttəfiq bir subyekti olan Azərbaycan SSR-in paytaxtına irimiqyaslı hücum təşkil etməsi, nəticədə çox sayda dinc insanın qətlə yetirilməsi və yaralanması uşaqdan-böyüyə, qadından-qocaya hamını ayağa qaldırdı, nifrət və qəzəb adlı nəhəng bir tonqalı alovlandırdı.

Törədilmiş vəhşiliyin qanlı görüntüləri, xəyanətkar izləri milyonlarla insanı yüksək bir cərəyan kimi silkələyib eyni məcraya yönəltdi. Yumruq halına gəlmiş xalqımız heç bir hərbi gücün ram edə bilməyəcəyi qüdrətli bir sipərə döndü. Şəhərə yeridilmiş zəhmli bir güc gecə yatmış şəhərin başında fırtına qoparmış müasir hərbi texnikanın və mərkəzi obyektlərə sıx-sıx yerləşdirilmiş qoşun bölüklərinin özü səhərin açılması ilə güclü bir qasırğanın qoynuna düşüb acizləşdi.

Gecənin qana bələdiyi şəhərin yaralarına gur işıq salan o qırğın səhəri vətəndaşı olduğu dövlətdən xəyanət və qəddarlıq görmüş xalqımız gur axınlarla Mərkəzi Komitə deyilən respublikanın baş qərargahına tərəf axışıb, gecəni burada keçirmiş, qorxub-çəkinmədən yerində dayanaraq zirehli texnikanın əhatəsində qalmış dinc, əliyalın soydaşlarımıza qoşulmağa can atırdı. Qəzəblənmiş insan seli çox keçmədi ki, zirehli texnikadan “hörülmüş” dəmir hasarı uçuraraq, sanki, alov püskürən böyük bir vulkana döndü. Qəzəb püskürən çıxışlarda qanlı ədalətsizlik hiddətlə lənətlənir, sovet rəhbəri Mixail Qorbaçov cəllad adlandırılırdı. İmperiyanın dördüncü böyük, cənubun isə ən böyük şəhərini gecənin qaranlığında gülləbaran edərək işğal etmiş sovet rejimi öz qanlı əməlinin girovuna çevrilərək bu mənzərələri acizliklə seyr etməyə məhkum olmuşdu.

Bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov riyakarcasına sovet qoşunlarının Bakıya hərbi müdaxiləsinə onu “fövqəladə şəraitin” məcbur etdiyini bildirmişdi: “1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqəladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı”. Moskvada Azərbaycan Nümayəndəliyində keçirdiyi mətbuat konfransında isə xalqımızın qeyrətli oğlu Heydər Əliyev vəziyyəti vaxtında nizama salmağın mümkünlüyünü necə aydın göstərmişdi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.

O ağır və faciəli günlərdə xalqın səsini eşitmək istəyən yox idi. Sovet hakimiyyət orqanları bu qanlı hadisəyə heç bir reaksiya vermədilər. Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən isə ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi.

1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 20 Yanvar hadisələrinə siyasi -hüquqi qiymət verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, heç kim bunu etmədi. Baxmayaraq ki, hadisəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində çox iş gömək olardı. Əksinə, müxtəlif səthi qərarlar qəbul edə-edə və ya etdirə-etdirə bu günün müsibətlərini xalqımıza unutdurmağa çalışdılar.

Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi.1994-cü ilin mart ayının 29-da respublika parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabanında ucalan "Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu öndər 31 mart 1998-ci il tarixdə "20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb. 29 dekabr 1998-ci ildə "20 Yanvar Şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edilib. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar Şəhidi” fəxri adı verilib.

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısı bildirib ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar: "20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışmış Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Onlar bu məsələdə heç maraqlı da deyildilər, çünki həmin cinayətin törədilməsinin məsuliyyəti bu və ya digər dərəcədə onların da üzərinə düşürdü. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinin mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı”.

Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

33 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm də milli qürur günü kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.

“20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. (İlham Əliyev)

Allah sizə rəhmət eləsin, heç vaxt unutmayacağımız 20 yanvar şəhidlərimiz!

Allah sizə rəhmət eləsin Azərbaycan xalqının bütün şəhidləri!

Bu vətən, bu məmləkət Sizlərin yazdığınız qəhrəmanlıq tarixi üzərində yaşayıb, yaşayır və yaşayacaq!

Mürsəl Mürsəlov

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə