Azərbaycanlı sənətçilər əcnəbiləri qonaq edəcəklər

Azərbaycanlı sənətçilər əcnəbiləri qonaq edəcəklər

BBC-3 radiosunun üç əməkdaşı Lusi Duran, Ceyms Parken və Melani xanım növbəti dəfə Azərbaycana səfər ediblər. SİA-nın verdiyi xəbərə görə, onlar paytaxtımıza Londonun məşhur Royal Albert Hall-da səslənəcək Azərbaycan musiqi hazırlıqları üçün gəliblər. Həmin səhnədə istedadlı xanəndə Qoçaq Əsgərov və onun londonlu tələbəsi Fidan Hacıyeva çıxış edəcəklər. Xatırladaq ki, sözügedən heyət ötən ayın ilk günləri respublikamızda səfərdə olublar. Konsert layihəsinin hazırlıqları çərçivəsində görkəmli xanəndələrimiz Londonda, ingilislərin mühitində boya-başa çatan azərbaycanlı Fidan Hacıyeva üçün ustad dərsləri keçiblər. Dərslər yenə davam etdirilir. Konsert haqqında Q.Əsgərov məlumat verib: "Avqustun 22-də dünyada məşhur olan Royal Albert Hall-da konsert proqramı ilə çıxış edəcəyik. 90 dəqiqəlik konsertin bir saatı mənim, 30 dəqiqəsi isə Fidan Hacıyevanın payına düşəcək. Həmin səhnəni həm BBC, həm də əksər kanallar işıqlandıracaq".

Xatırladaq ki, sözügedən konsert layihəsi Royal Albert Hall-ın, BBC-3 radisonun rəhbərliklərinin və YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın birgə təşəbbüsüdür. Hazırda Mahnı Teatrında məşqlər davam etdirilir. İyunun 2-nə kimi Bakıda olacaq heyəti Şəki səfəri də gözləyir. Belə ki, Gülyaz və Gülyanaq bacıları onları ata yurdlarına aparmağı qərarlaşdırıblar. Bundan başqa BBC-nin əməkdaşları gitara ifaçısı Rəhmanın, eləcə də, xanəndələr Qocaq Əsgərov və Eldəniz Məmmədovun ifasında olan muğam parçalarını lentə yazdırıb, radiolarda səsləndirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə