Dünən vokalçı, opera ifaçısı Lətifə yaradıcılığında olan yeniliyi təqdim etmək üçün fərqli bir məclis düzənləyib. SİA-nın məlumatına görə, ifaçı yeni "Prima" adlı albomunu və azərbaycan musiqisinə gətirdiyi yeniliyini keçirdiyi mətbuat konfransında üzə çıxarıb. Məsələ burasındadır ki, Lətifə üç janrı sintez etməklə mahnı oxuyub. Pop, rok və operanı bir musiqidə cəmləşdirən Lətifə fərqli bir məhsul ərsəyə gətirib.
Lətifə incəsənət xadimi, mərhum Akif Fətəliyevin qızıdır. Azərbaycan mədənniyyəti üçün böyük işlər görən mərhum 2 ay öncə dünyasını dəyişib. Lətifənin sənətə gəlməsində müstəsna rol oynayan Akif Fətəliyev qızının məhz bu gününə çox sevinərdi.
Mətbuat konfransında jurnalistlərə açıqlama verən Lətifə bu sözləri deyib: "Mənim üçün çox özəl gündür. Ancaq bu haqda danışmaq da çox çətindir. Əfsuslar olsun ki, mən atamı itirmişəm. O, bu günü çox gözləyirdi. Bu disk hələ onun sağlığında hazırlanmışdı. Ancaq o dünyadan köçdüyü üçün təqdimat bu günə təsadüf etdi. Atamın ən böyük istəyi mənim sənətimlə bağlı idi. O, dayanmadan çalışmağımı istəyirdi və mənə çox dəstək olurdu. Ümidvaram ki, bu gün onun ruhu şad olacaq".
Konfransında iştirak edən xalq artisti Mübariz Tağıyev, Faiq Sucəddinov, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və peşəkar musiqiçi, aranjemançı Yaşar Baxış Lətifə haqda fikirlərini söyləyərək, onun böyük istedada malik olduğunu dilə gətiriblər.
Tədbir zamanı Lətifənin çəkdirdiyi iki klip də nümayiş olunub. Rejissor Fuad Əlişovun ekranlaşdırdığı kliplərdən biri müğənninin ifa etdiyi məşhur "Ave Maria" əsərinə, digəri isə musiqisi İlham Abdullayevə, sözləri Baba Vəziroğluna məxsus olan " Bu sevgidən yoruldum" adlı mahnısına çəkilib.
Mətbuat konransı bitdikdən sonra isə tədbirin ikinci hissəsi başlayıb. "After party" yönlü mərasimdə müğənni Elnarə Xəlilova və teleaparıcı Zemfira Adıgözəlova da iştirak edib.
Lətifə ilə tanınmış müğənni Elnarəni də yaradıcılıq işi birləşdirir. Belə ki, E. Xəlilova Lətifənin albomunda yer alan "De amore" mahnısının bek-vokalını ifa edib. Bek-vokal oxumağı böyük bacarıq hesab edən Lətifə Elnarəyə təşəkkür də bildirib.
Müğənni Elnarə də öz növbəsində Lətifəyə dəstək olub: "Lətifənin çox gözəl vokal imkanları var. Onun bek-vokalını səsləndirməyə razılıq verdim. Çünki görüm ki, mənə ehtiyac var. Köməyimi əsirgəmədim. Mən hər zaman ona dəstək olmağa hazıram".
Lətifə repertuarında yer alan ən gözəl mahnılarını da tamaşaçılar üçün səsləndirib. O, Azərbaycan musiqisinin incilərindən olan "Sarı gəli"ni də ifa edib.
Onu da qeyd edək ki, vokalçı Azərbaycan Dövlət Musiqi Akademiyasında SSSRi Xalq Artisti Xuraman Qasımovanın sinfində təhsilini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB