"Döyüş meydanında qazanılmış qələbələr..." - ŞƏRH

"Döyüş meydanında qazanılmış qələbələr..." - ŞƏRH

Azərbaycan xalqı 30 illik torpaq həsrətindən sonra 2020-ci ilin 10 noyabr tarixində möhtəşəm bir zəfərə imza atdı. 44 gün davam edən şanlı haqq mübarizəsinin nəticəsində düşmən kapitulyasiyaya məcbur edildi və üç rayonumuz döyüşsüz, şəhidsiz, itkisiz ölkəmizin yurisdiksiyasına təhvil verildi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.

Düşmənin canlı qüvvəsinə ciddi zərbə vuruldu və texnikasının mühüm bir hissəsi darmadağın edildi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı sözün əsl mənasında diz çökdürdü və ona təslim olmaqdan başqa çarə qoymadı. Bununla paralel olaraq, informasiya və siyasi-diplomatik müstəvidə də Azərbaycanın haqlı mövqeyini qətiyyətli şəkildə bildirən Müzəffər Ali Baş Komandanın hər çıxışı, nitqi, müsahibəsi dünyanın diqqətini regionda saxladı və Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurları siyasi müstəvidə də davam edirdi.

10 noyabr 2020-ci il tarixdə Azərbaycan öz qələbəsini siyasi müstəvidə rəsmiləşdirdi və Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bəyanata əsasən Ermənistan işğalçı qoşunlarını Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmağa məcbur oldu ki, bu, birmənalı olaraq Azərbaycanın hərbi-siyasi qələbəsi idi. Sözügedən üç rayon coğrafi mövqeyinə görə olduqca strateji nöqtələrdə yerləşib və əgər rayonlar döyüşlə alınacaqdısa böyük itkilər hesabına başa gələcəkdi. Sözsüz ki, Azərbaycan Ordusu buna hazır idi və qarşıya qoyulan istənilən tapşırığı icra etməyə qadir idi. Ancaq bu ərazilərin siyasi yolla geri qaytarılması, o cümlədən qələbənin itkisiz başa gəlməsi daha vacib və dəyərli idi. Onu da qeyd edək ki, Bəyanat, Ermənistanın Qarabağın “müstəqilliyi” və ya onlara hansısa statusun verilməsi ilə bağlı əsassız iddialarının puç olması deməkdir. İmzalanmış bəyanatda Dağlıq Qarabağa hansısa hüquqi statusun verilməsi ilə bağlı bir kəlimə belə yoxdur. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir.

Vətən Müharibəsi zamanı xalqımız bir yumruq kimi birləşərək, Prezidentimizə, ordumuza öz dəstəyini göstərdi, bu da bizim qələbəmizin əsas amillərdən biri oldu. Azərbaycan xalqı nə qədər vətənpərvər, böyük xalq olduğunu və milli həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Eyni zamanda, Qələbənin əldə olunmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi müstəsna rol oynadı. Müharibədən sonra bəzi məqamlar açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığının şahidi oldu. Ölkə başçısının döyüşlərin getdiyi bir vaxtda ermənilərə havadarlıq edən iri dövlətlərin təzyiqlərinə və xarici mətbuat nümayəndələrinin qərəzli suallarına təmkinlə, əsaslı faktlarla cavab verməsi Ermənistanla aparılan lokal müharibədə Azərbaycana uğur gətirdi. 30 ilə yaxın bir müddət ərzində dünyanın ən nüfuzlu təşkilatının həll edə bilmədiyi münaqişəni Azərbaycanın Müzəffər Sərkərdəsi, onun rəhbərliyi altında olan Ordusu 44 günə həll etdi və müharibəni strateji hədəflərinə nail olan Azərbaycan dayandırdı. 10 noyabr 2020-ci ili ölkə başçımızın kapitulyasiya aktının imzalanmasından həmən sonra xalqa müraciəti ilə açdıq. Bu müraciətdə ölkə başçımız artıq Dağlıq Qarabağ münaqişəsinin sona çatdığını, şanlı qələbə xəbərini Azərbaycan xalqına verdi.

Bu gün Qarabağda və Şərgi Zəngəzurda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı, eyni zamanda, Laçın Hava Limanının inşası və digər infrastruktur layihələrinin həyata keçirilməsi bunun bariz nümunəsidir. Artıq “Böyük Qayıdış” proqramı reallaşır və ilk sakinlər öz doğma yurdlarına qayıdırlar. İşğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik.


Rüfət Əhmədov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə