Müstəqil dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və azadlığının rəmzidir. Söz yox ki, bayraq amili tarixən hər bir xalq üçün müqəddəslik simvolu kimi əks olunub. Hansı dövlət və xalq olursa-olsun – onlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Məhz ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilir.
Bu mənada, ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır.
Dalğalanan bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədri-qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız, fəxr və qürur hissi ilə bağdığımız müqəddəs bir varlıqdır.
Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Təəssüf ki, müstəqil dövlətimiz yalnız 2 il yaşayıb və 1920-ci il aprelin 28-də bolşevik işğalı ilə sona çatıb.
70 il keçəndən sonra Azərbaycan xalqı öz mübarizlik ruhu ilə yenidən öz müstəqilliyinə qovuşdu, üçrəngli bayrağımız başlarımız üzərində dalğalanmağa başladı. Beləliklə də biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik.
17 noyabr 1990–cı il tarixində Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü təklifi əsasında üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul edildi.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.
Söz yox ki, müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi: “Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq”.
Və ən əsası - 30 illik həsrətdən sonra bu gün üçrəngli bayrağımız doğma Qarabağımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanır. Bu bayraq igid oğullarımızın şücaətləri ilə o torpaqlarımıza sancıldı!
Həmçinin, qürurverici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında, eləcə də digər nüfuzlu təşkilatların üzərində dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun, müqəddəs bayrağımız daima, qürurla dalğalansın və bizləri yeni-yeni zəfərlərə doğru ruhlandırsın!
Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB