Yaşasın güclü TÜRKİYƏ! TƏHLİL

Yaşasın güclü TÜRKİYƏ! TƏHLİL

Prezident İlham Əliyev: "Birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir"

99 il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanmış cümhuriyyət quruculuğu yolu qardaş Türkiyəni dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirib. Türkiyə Cümhuriyyəti ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib. Regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrikində Türkiyənin gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrildiyini bildirib: "Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə ölkəniz beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanmışdır. Bütün bunların təməlində Sizin zəhmətiniz və yorulmaz əməyiniz, müdrik rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq".

"DOSTLUQ VƏ QARDAŞLIQ ÜZƏRİNDƏ QURULMUŞ AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİNİN BU GÜN DÜNYADA BƏNZƏRİ YOXDUR"

Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Əlbəttə ki, Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluq və qardaşlığa söykənir və uğurla davam etdirilir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir." – deyə Prezident bildirib. Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi əhəmiyyətli rola malikdir. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu: "Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, "Bir millət iki dövlət" şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir". Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. Cənab Prezidentin çıxışlarının birində bildirdiyi kimi, Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir: "Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır".

"QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR BÖLGƏLƏRİNİN BƏRPASI İŞİNDƏ VƏ YENİDƏN QURULMASINDA AZƏRBAYCANA ƏN ÇOX DƏSTƏK VERƏN YENƏ DƏ QARDAŞ TÜRKİYƏDİR"

Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə qardaş, dost ölkə olaraq Azərbaycanın yanında oldu. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. "Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla bütün xalqınızın müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bizi dəstəkləməsini daim yüksək qiymətləndirir və heç zaman unutmuruq. Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Bir neçə gün bundan əvvəl Sizin Azərbaycana səfəriniz çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin açılışında iştirakımız, bir sıra mühüm infrastruktur layihələrinin təməlini birgə qoymağımız qardaşlıq münasibətlərimizin sarsılmaz ənənələrinin bariz ifadəsidir."
Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə