Sergey Marqulis: “İranın hərbi təlimləri daxili gərginlikdən diqqəti yayındırmaq üçündür” - MÜSAHİBƏ

Sergey Marqulis: “İranın hərbi təlimləri daxili gərginlikdən diqqəti yayındırmaq üçündür” - MÜSAHİBƏ

Rusiyalı ekspert, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Beynəlxalq siyasət və xarici regionşünaslıq kafedrasının baş müəllimi Sergey Marqulis “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda yaranmış vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Necə düşünürsünüz, İran hansı məqsədlə Azərbaycanla sərhəddə gərginlik yaratmağa çalışır, ora İİKK-nın ağır hərbi texnikasını və qoşunlarını toplayır? Qonşu dövlətin indiki narazılığına nə səbəb ola bilər?

- Məncə, bu vəziyyət iki əsas amildən qaynaqlanır- xarici və daxili. Əgər xarici amildən danışırıqsa, o zaman İran nəqliyyat kommunikasiyalarının və Zəngəzur dəhlizinin açılmasında qətiyyən maraqlı deyil, çünki İran rəhbərliyinin nöqteyi-nəzərindən bu, Türkiyə ilə Azərbaycan arasında yeni əlaqəni təmin edəcək və nəticədə, bu dəhliz İrandan Ermənistan ərazisindən keçən nəqliyyat marşrutlarını kəsə bilər. Hesab edirəm ki, Tehranın Ermənistan-Azərbaycan sərhədindəki son gərginlikdən və sərhədlərin Azərbaycanın xeyrinə dəyişdirilməsi ehtimalından narahat olması heç də təsadüfi deyil. Aydın məsələdir ki, İran türk dövlətləri dairəsində olmaqdan və bununla da Ermənistan ərazisindən keçən nəqliyyat marşrutunu itirməkdən qorxur.

İkinci amil- daxili faktora gəlincə, mən hesab edirəm ki, bu, daha aktualdır və əhalinin diqqətini son vaxtlar baş verən etiraz aksiyalarından yayındırmaqdan ibarətdir.

- Sizcə, bu etiraz aksiyalarının əsas səbəbi nədir və hansı nəticələrə səbəb ola bilər?

- İrandakı etirazları ilk növbədə sosial-iqtisadi amillər diktə edir, çünki bütövlükdə İranda vəziyyət firavanlıqdan uzaqdır. Üstəlik, bu, çox mühafizəkar islami həyat tərzi ilə daha da şiddətlənir. Bu, uzun illərdir ki, İran rəhbərliyi tərəfindən təbliğ olunur və bu, bu ölkədə hamını qane etməkdən uzaqdır. Məsələ burasındadır ki, bir vaxtlar, hətta İslam inqilabından əvvəl də İran dinə qarşı heç bir həddi aşmayan daha azad dövlət idi. İndi isə internetə və sosial şəbəkələrə aktiv çıxış olmadığından iranlı gənclərə digər müsəlman ölkələrindəki həyat tərzi haqqında daha az məlumat almaq imkanı verir. Hesab edirəm ki, etirazların səbəbləri də məhz bundadır.

- İranın Ermənistana silah vermə ehtimalını görürsünüzmü?

- Bəli, bu variant mənə kifayət qədər real görünür. Təsadüfi deyil ki, iranlı generallardan biri bir gün əvvəl demişdi ki, artıq 22 ölkə İranın pilotsuz uçuş aparatları və raketlərini almaqda maraqlıdır. Mən istisna etməzdim ki, İran silahlarının potensial idxalçıları sırasında Ermənistan tərəfi də ola bilər.

- Bəs Ermənistanın təxribatçı siyasəti fonunda Cənubi Qafqaz regionunda indi və yaxın gələcəkdə sabitlik və təhlükəsizliyin səviyyəsini necə qiymətləndirirsiniz?

- Cənubi Qafqazdakı ümumi vəziyyətə gəlincə, məncə, bu, təəssüf ki, kifayət qədər sabit deyil və potensial risklərlə doludur, bu da Ermənistan tərəfi ilə Qərb dövlətləri arasında əməkdaşlığın dərinləşməsi ilə bağlıdır. Bu kontekstdə Fransa lideri Makronun regiondakı vəziyyətlə bağlı son təxribatçı bəyanatını, həmçinin ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Ermənistana səfərlərini xatırlatmaq yerinə düşər. Aydındır ki, Qərb dövlətləri regionda vəziyyətin sarsıdılmasında və Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsində maraqlıdır, çünki bu, xüsusilə indiki şəraitdə Rusiya Federasiyası üçün ən əlverişsizdir. Ona görə də tamamilə mümkündür ki, Paşinyanın simasında Ermənistanın siyasətinə Qərbdən müəyyən təzyiqlər olsun. O, Rusiya ilə münasibətləri xeyli korlayıb, baxmayaraq ki, Moskva buna hələ rəsmi səviyyədə reaksiya verməyib. Bütün bu amilləri nəzərə alsaq, regionda hansısa eskalasiyanın olacağını istisna etməzdim.

- Sizcə, Fransa hansı məqsədlə Azərbaycan əleyhinə genişmiqyaslı kampaniyaya başlayıb?

- Makronun bu məsələdə mövqeyi iki amildən irəli gəlir. Bunlardan birincisi daxilidir və ondan ibarətdir ki, Fransa liderləri, bir qayda olaraq, güclü erməni diasporuna ciddi stavka edirlər. Müvafiq olaraq, Fransanın mövqeyi ənənəvi xarakter daşıyır və Qarabağ problemində Ermənistanı dəstəkləməyə yönəlib.

İkinci məqam ondan ibarətdir ki, müasir Fransa siyasəti praktiki olaraq Amerikanın maraqları fonundadır ki, bu da indiki halda KTMT-də Rusiyanın birbaşa hərbi müttəfiqi olan Ermənistanın Rusiya münasibətlərini pisləşdirməyə yönəlib. Buna görə də Fransa tərəfi Moskvanın Ermənistan-Azərbaycan münaqişəsində Bakının mövqeyini tutması tezisini fəal şəkildə təbliğ etməyə çalışır. Əslində, Rusiya əsasən vasitəçi kimi çıxış edir, lakin Paşinyanın Qərbə davamlı baxışlarını nəzərə alsaq, çox güman ki, Paris Bakı ilə münasibətlərdə ermənipərəst mövqedən çıxış edəcək və anti-Azərbaycan ritorikasını davam etdirəcək.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə