Azərbaycan və Gürcüstan arasında nümunəvi əməkdaşlıq münasibətləri mövcuddur
Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri qonşu ölkələrlə sıx əlaqələr qurmaq və müttəfiqlik etmək, regionu əməkdaşlıq mühitinə çevirməkdən ibarətdir. 30 il torpaqlarımızı işğal altında saxlayan, bir milyon soydaşımızın öz ölkəsində məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan, torpaqlarımızda əsl urbusid və kultursid törədən Ermənistan xaric olmaqla ölkəmizin demək olar ki, bütün region dövlətləri ilə münasibətləri ən yüksək səviyyədədir. Milli maraqlarımıza uyğun olaraq Türkiyə və Rusiya kimi nəhəng dövlətlərlə strateji müttəfiqlik səviyyəsində, İranla balanslaşdırılmış, Gürcüstanla isə uzun illərdir ki, qarşılıqlı maraq və mehriban qonşuluq prinsiplərinə malik əlaqələrimiz mövcuddur.
Ötən gün dövlət başçımızın Gürcüstan Respublikasına səfəri və səfər çərçivəsində səsləndirilən bəyanatlar çərçivəsində Azərbaycan-Gürcüstan münasibətlərinin aktuallığı bir daha üzə çıxdı. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. Qeyd edək ki, ikitərəfli münasibətlər Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalayıblar. Bu gün isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində iki ölkənin əlaqələri günü-gündən daha da inkişaf edir. İki ölkəni ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairə kimi bir çox sahələrdə əməkdaşlıq bir-birinə bağlayır. Ancaq bütün bunlardan əlavə olaraq, Gürcüstan və Azərbaycanı həm də mehriban qonşuluq münasibətləri bağlayır. Müstəqillik tariximizin ən böyük sınağını verdiyimiz Vətən müharibəsi dövründə Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək və öz ərazisindən Ermənistana silah-sursat daşınmasının qəti şəkildə qarşısını alaraq öz ədalət tərəzisinin düzgünlüyünü sübut etdi. Demokratiyanın beşiyi olan Avropadan ya da dünyanın süper gücü statusu daşıyan ölkələrdən daha qətiyyətli mövqe nümayiş etdirərək xalqımızın da sevgisini, rəğbətini, hörmətini qazanan qonşu Gürcüstanla əlaqələrimiz nümunəvi əməkdaşlıq formatındadır.
Ötən gün dövlət başçımızın Gürcüstana səfəri də əlaqələrimizin formatına uyğun şəkildə, əsl qardaşlıq münasibətləri çərçivəsində reallaşdı. Səfər çərçivəsində Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü baş tutdu. Daha sonra iki lider Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış oldu və mədəni proqramda iştirak etdi. Sonda liderlər mətbuata bəyanatlarla çıxış etdilər. Ölkə başçımız bəyanatda özünü evdəki kimi hiss etdiyini bildirərək Gürcüstanda olmaqdan məmnunluğunu ifadə etdi. Eyni zamanda əsrlər boyu iki xalqın dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşadığı vurğulandı. Bəyanatda diqqətçəkən məqamlardan biri də Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrindəki artımın konkret rəqəmlərdə öz əksini tapması oldu. Qeyd edildi ki, cari ilin 9 ayında ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb və Azərbaycan Gürcüstan iqtisadiyyatına üç milyard dollar sərmayə yatırıb. Təbii ki, bu iqtisadi göstəricilər iki ölkə arasında artan əməkdaşlığın səviyyəsinin bariz göstəricisi hesab oluna bilər. Azərbaycandan Avropaya uzanan neft, qaz kəmərləri və tarixi İpək Yolunun Gürcüstan ərazisindən keçdiyini nəzərə alsaq, ölkəmizin Qərb qonşusunun iqtisadi həyatındakı rolunun əhəmiyyətini təsəvvür etmək çətin olmaz. Beləliklə, bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı – faydalı əməkdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Azərbaycan-Gürcüstan əlaqələri, qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulmuş və hər iki ölkənin uğurlu və sabit inkişafının qarantına çevrilmişdir. Şübhə yoxdur ki, ölkə başçımızın qonşu Gürcüstana 24 oktyabr tarixli səfəri inkişafda olan Azərbaycan-Gürcüstan münasibətlərinin dinamikasına müsbət təsir göstərəcəkdir.
Kəmalə Mustafayeva
“Pirallahı Tibb Mərkəzi” PHŞ-nin əməkdaşı YAP Pirallahı rayon təşkilatının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB