Zəngəzur bölgəsinə nəzarət imkanları yarandı

Zəngəzur bölgəsinə nəzarət imkanları yarandı

Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. 27 illik işğal müddətində erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb və bufer zona kimi istifadə olunub. İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir.

Rayonun zəngin təbii ehtiyatları ermənilər tərəfindən mənimsənilib və digər ərazilərimiz üzərindən qonşu ölkələrə daşınıb. Əvəzində ciddi maliyyə dəstəyi alan Ermənistan ərazilərimizi işğalda saxlamaq üçün hərbi potensialını artırıb, torpaqlarımızı minalarla çirkləndirib, hətta müharibənin bitməsindən keçən iki il müddətində mina xəritələrini ölkəmizə təqdim etməkdən boyun qaçırır. Bu da beynəlxalq konvensiyaların pozulmasıdır. Belə ki, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da işğalçı dövlət tərəfindən pozulub.

Zəngilan Müzəffər Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yarandı. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin ermənilərdən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi işğaldan azad olundu. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətrilən humanitar-hərbi yüklərin qarşısı alındı. Bundan əlavə, Qubadalı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşdı. Ermənistanın işğala davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətində keçdi, eyni zamanda, Qarabağın taleyinin həll olunmasında həlledici oldu. Çünki işğal olunmuş ərazilərə İrəvandan, eləcə də digər ölkələrdən gələn yardımların qarşısını alındı, Ermənistanın blokada vəziyyətinə düşməsi tezləşdi. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəkliklərinin azad olunması isə Ordumuza vizual üstünlük qazandırdı, təhlükələri önlədi.

Azərbaycan 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başladı. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirildi. Beləcə, cari ilin iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Bu isə tariximizdə çox yaddaqalan hadisə oldu. Bundan əlavə, 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən beynəlxalq hava limanının təməli qoyuldu. Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından da strateji əhəmiyyət kəsb edir. Bundan əlavə, 2021-ci il oktyabrın 26-da Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da təməli qoyulub.

Elmir Səftərov

Siyasi şərhçi

Bütün xəbərlər Facebook səhifəmizdə