Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəddinə müşahidə missiyasını göndərmək qərarı İrəvanla Bakı arasında vasitəçilikdə Qərb oyunçularının atdığı addım kimi görünür. Amma bu arada avropalı müşahidəçilərin ideya müəlliflərindən birinin, Fransa prezidenti Emmanuel Makronun Azərbacanda hiddət dalğasına səbəb olan, hətta Ermənistanda belə birmənalı qarşılanmayan bəyanatla çıxış etməsi pozuculuq kimi qiymətləndirilir.
Avropa İttifaqının monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ideyası artıq reallaşmaq üzrədir. Bu məsələni İrəvan artıq qəbul edib və nəinki Paşinyan hakimiyyəti, bütün erməni siasətçiləri də vəziyyəti başa düşmək, qəbul etmək niyyətindədirlər. Ermənistan xarici işlər nazirinin müavini Hovhannisyan özü də cümə axşamı jurnalistlərə deyib ki, Avropa İttifaqının faktaraşdırıcı missiyasının yerləşdirilməsi üçün müşahidəçilərin yerləşdirilməsi məqsədilə xüsusi yerlər barədə bütün meyarlar müzakirə ediləcək. Bu isə o deməkdir ki, rəsmi İrəvan artıq Avropa İttifaqının mövqeyi, qərarı ilə razılaşıb. Belə bir vəziyyətdə Fransa prezidentinin yenə də ortaya atılması, məsələnin həllini pozmağa xidmət edən fikirlər səsləndirməsi heç də normal görünmür, əksinə, ciddi şəkildə rezonans doğurucu təsir bağışlayır.
Makron hər zaman ermənipərəst siyasətçi kimi tanınıb, Ermənistana tərəf çıxan prezident kimi dünyada qəbul edilir. Bu dəfə də, Praqa görüşünün ardınca, özü də öz iştirakı ilə keçirilən görüşün ardınca ermənipərəstliyini tamamilə açıq şəkildə ortaya qoysa da, həddini tamamilə aşıb və ifrat dərəcədə tərəfkeşliyini nümayişkaranə şəkildə göstərmək arzusuna düşüb. Bunu ermənilər özləri də yaxşı başa düşüblər və Ermənistana məxsus mətbuat səhifələrində də, erməni əsilli siasətçilərin fikirlərində də bu öz əksini tapır. İndi ermənilər etiraf edirlər ki, Makron artıq Moskvadan da özünün İrəvanın daha yaxın müttəfiqi olmağa hazır olduğunu nümayiş etdirməyi qərar verib. “Orada 5 min rus əsgəri yerləşdirilib, Rusiya bu münaqişəyə müdaxilə edərək, yaxın vaxtlara qədər ona yaxın olan Ermənistanı zəiflətməyə çalışır və bu, sabitliyi pozmaq cəhdləridir”, deyə “France 2” telekanalının efirində fikirlərini, daha doğrusu “ürəyindəkiləri” açıq şəkildə ifadə edən prezident Makron özünü, ölkəsini Moskvadan daha çox Ermənistana yaxın kimi göstərməyə çalışıb.
Bundan əlavə, Qarabağı “mübahisəli” və “beynəlxalq səviyyədə tanınmayan” region adlandırmaqla, həmçinin Azərbaycanı “çoxlu insanın ölümünə səbəb olan dəhşətli müharibəyə başlamaqda və ərazi ələ keçirməkdə” ittiham etməklə, əndazəni, həddi aşıb. Məsələ burasındadır ki, ermənilər özləri də başa düşürlər və etiraf edirlər ki, Makron bir növ, Praqada səsini çıxara bilməməsinə görə ermənilər qarşısında “günahını” yumağa çalışır. Deməli, Makron elə bil ki, Praqa görüşündən sonra birdən-birə dilə gəlməli olub, görüş bitdikdən və öz ölkəsinə qayıtdıqdan sonra cəsarətlənib, eyni ilə, “daldan atılan daş” zərb məsəlində olduğu kimi. Sual oluna bilər ki, niyə Makron bu ifadələri məhz Praqada səsləndirmirdi, daha dəqiq desək, səsləndirməyə cəsarəti çatmırdı? Axı beynəlxalq səviyyəli görüş idi və bütün dünyanın da gözü, nəzəri, diqqəti orada idi. Belə bir şəraitdə dinməyən siasətçi, görüş bitib qurtarandan sonramı “qəhramanlıq” etmək qərarına gəlibmi? Yaxud, öz ölkəsinə qayıdandan sonra özündə “cəsarət” tapıbmı? “Toydan sonra nağara” çalmaq yadına düşüb yoxsa?
Makronun bu tərzi ermənilərin özlərinə də xoş təsir bağışlamayıb, əksinə, indi ermənilər hesab edirlər ki, Fransa prezidenti düzəlməkdə olan prosesi pozur, pozuculuq edir. Çünki Ermənistan tərəfi artıq dərk edir ki, reallıqlar qarşısında acizdir və Avropa da Azərbaycan həqiqətlərini qəbul edir, hansıki bu vəziyyətdə onların sülh müqaviləsinə razılaşmaqdan başqa çıxış yolları qalmır, amma Makron bu çıxış yolunu da öz xatirinə, özünü göstərmək xatirinə onların əlindən alır. Yəni, pozuculuq dedikdə ermənilər bunu belə başa düşürlər və belə hesab edirlər ki, indi Moskvadan daha çox ermənipərəst olduğunu nümayiş etdirmək, özü də öz xatirinə göstərmək vaxtı, “toydan sonra nağara” yeri deyildi.
“Fransa Azərbaycandan qaz almır və bu məsələdə heç bir razılaşma yoxdur”, deyən Fransa prezidenti guya ki, öz mövqeyində prinsipial olduğunu göstərməyə çalışıb. Əvvəla, Makronun birtərəfli mövqe tutduğu heç kim üçün, ələlxüsus Azərbaycan üçün sirr deyil, bunu sonuncu dəfə nümayişkəranə şəkildə etməsində də yenilik yox idi, amma təəccüblü idi, çünki dağıdıcı, pozucu nəticələrdən başqa heç bir nəticə vəd etməyən addım atdı. Doğrudur, Makronun sonuncu dəfə belə ədalətsizcəsinə, özü də həqiqətləri, hüquqları təhrif edən formada ermənipərəst mövqe nümayiş etdirməsi rəsmi Bakının, vətəndaşlarımızın hiddətinə səbəb olmaya bilməzdi, amma onun bu addımı Azərbaycana deyil, birbaşa Ermənistana zərbə kimi qiymətləndirilir və bunu elə ermənilərin özləri də açıq şəkildə bildirirlər. Etiraf edirlər ki, Makronun son “jesti” dost dediyi ölkəyə zərbəsidir. Digər tərəfdən də, Makronun ölkəsi Azərbacandan qaz almayanda Fransanın təbii qazla təchizatında problemlər yaranır, Azərbacanın yox. Bu gün Avropa ölkələri enerji təhlükəsizliyi məsələlərini, daha doğrusu problemlərini müzakirə etdiyi zaman, Azərbaycanı sabit enerji təchizatçısı olaraq qəbul etdiyi zaman, bircə dənə Fransanın hansısa razılaşmasının olub-olmaması bizim üçün heç bir fərq etmir. Bir sözlə, Makronun atdığı bu “daş” heç topuğa da dəymiş olmur.
Bir məsələ də ermənilərə aydın oldu ki, Makron onların xatirinə “çıxış” etməyib. Ümumiyyətlə, kimlərinsə dəyirmanına su tökməkdə “mahir” olan Fransa prezidentinin bu dəfə də hansısa dəyirmana “su tökmək” niyyətini ermənilər özləri ifşa ediblər. Erməni politoloq Stepan Danielyan öz növbəsində əminlik ifadə edib ki, Fransa prezidentinin fikirləri Ermənistan üçün deyil, Qərblə Rusiya arasında gedən mübarizə məntiqində səslənib. Deməli, ermənilər özləri də yaxşı başa düşürlər ki, Makronun son “performansı” Ermənistan üçün, erməni cəmiyyəti naminə deyildi. Təbii ki, ermənilər onun bir ermənipərəst olması fonunda “simasını” hamıdan yaxşı tanıyırlar, hansıki bir-birinə tən gələn “dostlar” bir-birilərini daha yaxşı tanıya bilməlidirlər, burada da bir qeyri-adilik yoxdur. Məhz bu məntiqlə yanaşanda ermənilərin Makron haqqında dediklərinə dünya ictimaiyyətinin inanmaq istəyi başadüşüləndir. Fransa prezidentinin bəyanatına Moskvanın da reaksiya verməsi təsadüfi sayılmır. “Azərbaycan və Ermənistanla Rusiyanın münasibətlərinə Parisin zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və Fransanın nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq, eləcə də biz, Emmanuel Makronun Rusiyanın guya Dağlıq Qarabağ münaqişəsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etdiyi barədə bəyanatlarını açıq-aşkar şəkildə qətiyyən qəbuledilməz hesab edirik və bu cür hücumları Qərbin Rusiyanı şeytanlaşdırması üçün anti-Rusiya xəttinə uyğun hesab edirik”, deyə cavab verilməsi, yəni Moskvanın reaksiyası təsdiq edir ki, Makronun rola girdiyinin, “kimlərinsə dəyirmanına su tökmək şakərinin” bütün dünya artıq fərqindədir.
Həqiqətən də Praqa görüşünün nəticələri də Azərbacanın növbəti diplomatik qələbəsi sayılır. Avropanın Azərbaycan həqiqətlərini qəbul etməsi, ölkəmizin yaratdığı reallıqla barışması, bu reallıqdan çıxış etməsi, başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, bütün azərbaycanlıların uğuru, qələbəsidir. Bu qələbəni, bu uğuru Fransa prezidenti həzm etməsə belə öz gözləri ilə, özünün iştirak etdiyi Praqa görüşündə gördü. Gördü ki, Azərbaycan davamlı olaraq qələbələrə imza atır və bu reallıq qarşısında susmaqdan başqa onun heç nəyə gücü çatmır, baxmayaraq ki, Ermənistanın baş naziri ilə təkbətək görüşüb min bir hiylə fikirləşirdilər. Onun öz susqunluğu fonunda ermənilərin hədəfinə tuş gəlməsi də təsadüfi deyildi və ermənipərəst kimi “ad qazanan” Fransa prezidentinin çarəsizliyi Ermənistanda hələ də çox pis qarşılanmaqdadır. Elə ermənilərin özləri tərəfindən Makrona sual oluna bilər ki, bütün dünyanın diqqətinin yönəldiyi Praqa görüşündə niyə deyə bilmədiyini sonradan dilə gətirir? Sual oluna bilər ki, bu “daldan atılan daş” və yaxud da “toydan sonra nağara” kimin nəyinə lazım idi?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB