Azərbaycanın beynəlxalq aləmdə sözü imzası qədər dəyərlidir TƏHLİL
Bu, Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir
Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Belə ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Eyni zamanda, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaradıb. Əlbəttə ki, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynayıb. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu”.
Hərəkatın 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və həmin ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını xüsusi qeyd olunmalıdır. Çünki Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə aparıb. Azərbaycan Qoşulmama Hərəkatının adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin olunması ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul edilib. Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişə ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar”.Qoşulmama Hərəkatı ölkələrinin ölkəmizə tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, Azərbaycanın təşkilata sədrliyi daha bir il uzadıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətini mühüm töhfələr verir.Qoşulmama Hərəkatından əlavə, Azərbaycan 2019-2021-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da uğurla sədrlik etdi. Ölkəmiz sədrliyi dövründə türkdilli ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Türk Dövlətləri Təşkilatına (TDT) çevrilərək beynəlxalq təşkilat statusunu qazanması, Türk dünyasının iki mühüm ideya və hərəkətverici gücünün - Azərbaycanın və Türkiyənin uzun illərdən bəri həyata keçirdikləri siyasətin, gərgin əməyin bariz nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin sammitə dəvət olunması dövlət başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir
Son vaxtlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamizm müşahidə olunur. Xüsusilə də, Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir.Bu il Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Azərbaycan Prezidentinin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin gələcək konturlarını müəyyən edir.Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında bildirib ki, Azərbaycan-Qırğızıstan münasibətlərin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik: “Əminəm ki, mənim səfərimin yekunlarına dair əldə olunacaq razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək”.“Azərbaycan-Qırğızıstan münasibətlərin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik”,- deyən Prezident İlham Əliyev əminliklə bildirib ki, səfərimin yekunlarına dair əldə olunacaq razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək.
Qarşılıqlı səfərlər münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir
Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında onu da vurğulayıb ki, həm xalqlarımız arasında qardaş xarakterli münasibətlərə, həm də Qırğız-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətlə tam şərikəm. İndiyədək qardaş Qırğız torpağında iki dəfə olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu səfərlər beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Azərbaycan Prezidenti qırğızıstanlı həmkarına müraciətlə deyib: “Qırğızıstana rəsmi dövlət səfərim ilk dəfədir və o, demək olar, Sizin rəsmi səfərinizdən yarım il sonra həyata keçir. Bu da münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir”.
Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı rəmzi məna daşıyır
“Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı rəmzi məna daşıyır. Bizim ölkəmizə və xalqımıza belə münasibətə görə Qırğızıstan Prezidentinə bütün Azərbaycan xalqı adından minnətdarlıq ifadə etmək istəyirəm. Biz bu parkda, həmçinin Qırğızıstan Prezidentinin xəyallarını, onun şəhərsalma üzrə, Qırğızıstanın digər şəhər və kəndlərinin sakinləri üçün rahat, yaxşı şəraitin yaradılması üzrə planlarını görürük”-deyən Prezident İlham Əliyev onu da bildirib ki, bizim təkcə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsətimiz old: «Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılığı barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur”.
Qırğız torpağında bir daha görürəm ki, qardaşlığımız sözdə deyil, əməldədir
“Bu gün mən Qırğız torpağında bir daha görürəm ki, qardaşlığımız sözdə deyil, əməldədir”,-deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim xalqların qardaşlığı şəhərlərimiz arasında qardaşlaşmaya da transformasiya edir. Əminəm ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstan və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq. “Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub». Bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində deyib. O, dövlətimizin başçısının ölkəmizin milli maraqlarının təmin edilməsinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətini xüsusi qeyd edərək bildirib: “Sizin şəxsi diqqətiniz və Qırğızıstanla bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək istəyiniz bizim ölkədə hörmət və dəstəklə qarşılanır. Vurğulamaq istəyirəm ki, bizim üçün zamanın sınağından çıxmış qardaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir”.
Prezident İlham Əliyev: “Bu əlamətdar hadisələr qardaş ölkələrimiz arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir”
“Bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.“Sadır Nurqojoyeviçin də qeyd etdiyi kimi, bu gün biz daha bir məktəbi, Azərbaycanın digər görkəmli oğlu, Azərbaycan xalqının fəxri olan şairi, mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq məktəbi də ziyarət edəcəyik. Bu əlamətdar hadisələr qardaş ölkələrimiz arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.Azərbaycan Prezident ionu da bildirib ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri yeni dinamika, yeni stimul alacaq: “Dünən biz Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak etdik. Bu park gözəl müasir istirahət mərkəzi olmaqla yanaşı, bizim xalqlarımızın qardaşlığını da təmsil edir”.Dövlətimizin başçısı deyib: “Bu gün bizim yaşadığımız bu əlamətdar hadisələr xalqlarımızın yaddaşında uzun illər boyu dərin iz buraxacaq. Əminəm ki, bizim ölkələrimiz arasında qardaşlıq münasibətləri mənim dövlət səfərimin nəticələrinə görə yeni dinamika, yeni stimul alacaq”.Bəli, göründüyü kimi, Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək. Son illərdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Eyni zamanda, Azərbaycan Prezidentinin fəal xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə milli mənafeyinin müdafiəsinə yönəlib və konkret nəticələr əldə edib. Bu siyasət müstəqildir və milli maraqların müdafiəsinə söykənir. Məsələyə bu kontekstdə yanaşdıqda Prezident İlham Əliyevin həm Qərb, həm də Şərqi Asiya istiqamətində xarici siyasət vektorlarının ölkəmiz üçün çox böyük siyasi dividendlər gətirdiyi göz qabağındadır. Prezident İlham Əliyevi Qərb dünyasında – Avropada son dərəcə praqmatik Lider kimi qəbul edirlər. Xüsusilə də, Prezident İlham Əliyevin son Praqa danışıqlarındakı diplomatik uğurları heç şübhəsiz ki, Qərbin aparıcı beyin mərkəzlərinin, siyasi liderlərinin, KİV-lərin diqqətindən yayınmır. Təkcə bu istiqamətdə deyil, həm də Asiya istiqamətində Azərbaycan Prezidentinin olduqca çevik xarici siyasət kursu diqqəti cəlb edir. Və Azərbaycan Prezidentinin Qırğıstana səfəri, səfər çərçivəsində imzalanmış sənədlər ticarət-iqtisadi, nəqliyyat, humanitar sahələrdə, kiçik və orta biznesin inkişafı sahəsində, Dövlətlərarası Şuranın fəaliyyətinin genişləndirilməsi nöqteyi-nəzərindən, xarici işlər nazirləri arasında əlaqələrin daha da inkişafı prizmasından olduqca əhəmiyyətlidir. Bir sözlə, bu səfər bir daha onu göstərdi ki, Qərb dünyasında olduğu kimi, Şərq dünyasında – Asiyada da Azərbaycan Prezidentinin şəxsiyyətinə çox böyük inam, ehtiram, etibar var. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Dünya xəritəsində indi Azərbaycan kimi dövlətlər azdır. Azərbaycanda həyata keçirilən inkişafa yönəlik siyasət nəticəsində ölkəmizin əlverişli geostrateji mövqeyini diplomatik qüdrətimizlə bütün dünyaya qəbul etdirmişik. Azərbaycan şanslıdır ki, onun həm Avropa, həm də Asiyada örnək götürülən dövlət başçısı var.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB