Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə münaqişə zamanı tamamailə dağıdılmış Ağdam şəhərində "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilmişdir.Forumda çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev mühüm məqamlara toxunmuş, dünyaya mesaj vermişdir.Torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya erməni vandalizminin bir daha şahidi oldu. Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarımızda törədilmiş vəhşilik erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Yandırılmış, dağıdılmış kəndlərimiz, təhqir olunmuş məscidlərimiz, xarabaya çevrilmiş, məhv edilmiş meşələrimiz, talan edilmiş qəbirlərimiz erməni faşizminin və terrorunun acı nəticələridir. Ona görə də Azərbaycanın qazandığı Qələbə təkcə Ermənistan deyil, həm də faşizm üzərində çalınmış Qələbədir.
Ermənistana qarşı sanksiyalar tətbiq etməklə bağlı müraciətlərimizə baxmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. Bunu Prezident İlham Əliyev Ağdamda Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirsinlər.
Ancaq bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Azərbaycan xalqı 30 ildə yorulmadan, dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə inamını sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanları və şəhər ərazilərində böhranların aradan qaldırılmasını nəzərdən keçirir. Ümumilikdə Azərbaycan bir çox beynəlxalq tədbirlərə, Forumlara dəfələrlə ev sahibliyi edib. Amma bu tamam fəqli bir platforma idi. Şəhərsalma sahəsində müxtəlif biliklərə sahib mütəxəssislərin təcrübəsi baxımından tədbirin məhz Ağdamda, erməni vandalları tərəfindən dağıdılmış şəhərdə keçirilməsi müstəsna əhəmiyyətə malik idi. Milli Şəhərsalma Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Dünya şəhərsalma təcrübəsinin mənimsənilməsi və tədbiq edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da bu Forum uğurlu platformadır.
Cavid İsmayılov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB