"Azərbaycan bu siyasəti sərgiləməklə öz qüdrətini bütün dünyaya göstərir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətli təmir-bərpa işləri həyata keçirməklə dünyanı heyrətləndirməyə davam edir". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərinə səfəri, burada həyata keçirilən quruculuq, təmir-bərpa işləri ilə tanış olmaları, müxtəlif təməlqoyma mərasimlərində, açılışlarda iştirak etmələri həyata keçirilən böyük siyasətin bariz nümunəsidir: "Bu gün Azərbaycan ermənilərin viran qoyduğu ərazilərdə sıfırdan şəhər salır, ən müasir infrastrukturlar yaradır, bərpa işləri həyata keçirir, yollar çəkir, su, elektrik, qaz xəttləri çəkir. Bunlar olduqca böyük layihələrdir. Azərbaycan bu siyasəti sərgiləməklə, bu işləri görməklə öz qüdrətini bütün dünyaya göstərir. Biz göstəririk ki, bu torpaqların əsl sahibləriyik. Burada öz missiyamızı layiqincə yerinə yetiririk, ermənilərin vandalizm aktları törətdiyi ərazilərimizə sahib çıxırıq və bu əraziləri qurub yaradırıq. Bütün bu proseslər həm xarici dairələr tərəfindən maraqla izlənilir, həm də Azərbaycan xalqı tərəfindən məmnunluq hissi ilə qarşılanır.
Eyni zamanda Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyevanın Ağdamda böyük tədbirdə iştirak etmələri də xüsusi əhəmiyyət daşıyır. Milli Şəhərsalma Forumunda xarici ölkələrin nümayəndələri də iştirak edirlər. Ölkə başçısı Ağdamda bir sıra qəbullar da keçirdi. Bu da o deməkdir ki, Azərbaycan dövləti bu xoş missiyasını, uğurlarını dünya ilə bölüşür”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə