Gəncənin şəhid müəllimləri ziyarət olunub FOTOLAR

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, təşkilatın əməkdaşları, partiya fəalları 5 oktyabr - Beynəlxalq Müəllimlər Günündə Gəncənin 44 günlük Vətən müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən şəhid müəllimlər Rəşad Məmmədov və Rabil İsmayılovun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.Şəhidlərin məzarları önündə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərdən, qəhrəmanlıqları ilə tarix yazan, adını tarixə həkk etdirən müəllimlərin döyüş şücaətlərindən, qısa, lakin mənalı, şərəfli həyat yolundan danışılıb. Bildirilib ki, şagirdlərinin sevimli müəllimləri olan Rəşad Məmmədov və Rabil İsmayılov fədakarlıqları ilə gələcək nəslə qəhrəmanlıq dərsi keçiblər. Şəhidlik zirvəsinə yüksələn müəllimlərimizin əziz xatirəsi yaddaşlardan heç vaxt silinməyəcək.Qeyd edək ki, Rabil İsmayılov Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müəllimi idi. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında 55 bal toplayaraq işə qəbul olunmuşdu. Rəşad İsmayılov Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbdə işləyirdi. 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında 51 bal toplamışdı.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə