Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə, sadəcə, mümkün deyil. Qırılan talelər, yarım qalan ömürlər, geridönməz xoş günlər, əvəzsiz xatirələr. Ermənilərin ölümə, işgəncəyə həsr etdiyi ünvanlarda körpə gülüşü, toylar-düyünlər olub bir zamanlar. Cəbrayılı görmədən bu dünyaya gözlərini əbədi yuman cəbrayıllılar olub.

Qeyd edim ki, işğaldan əvvəl Cəbrayılda qaynar mədəniyyət, elm-təhsil, maarif mühiti olub. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 Bukitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub. İşğaldan sonra isə, heç bir mədəniyyət abidəsi qalmamışdı. Erməni vandalizmi nəticəsində yer üzündən silinmişdi.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Vətən müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini (27.09.2020), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri (03.10.2020), Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı (04.10.2020) işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib.

2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Çünki Xudafərin bizim üçün milli qürur məsələsidir.Postmüharibə dönəmində də xalqımız öz tarixinin şərəfli, qürurlu bir sözlə, unudulmaz günlərini yaşayır. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir. Azərbaycan xalqı qədim, mədəni, xeyirxah, dövlətlər quran, zəfərlər çalan xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların hamısı bizimçün əzizdir, doğmadır. Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir.

Prezident İlham Əliyev rayona Cəbrayıl rayonuna səfər edərək təməlqoyma tədbirlərində iştirak edib. Belə ki, həmin gün Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsası qoyuldu.

Ölkə rəhbəri eyni zamanda 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyası, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Daha sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident çıxışında qeyd etdi ki, oktyabrın 4-ü tariximizdə əbədi qalacaq, çünki həmin gün Cəbrayıl şəhəri işğalçılardan azad edilib və bu qələbənin çox böyük mənası var: “Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim ordumuza əlavə güc verdi, inam verdi. Bu qələbədən sonra bizim şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Cəbrayıl rayonu artıq azaddır və yeni bərpa işləri ilə yeni həyata qədəm qoyur.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə