Vətən Müharibəsinin ilk nübarı – Cəbrayıl

2020-ci ilin 4 oktyabr tarixi. Vətən Müharibəsinin 8-ci günü. Bizim üçün sakral əhəmiyyət daşıyan tarixlərdən biri, daha doğrusu isə ilklərindən biri. Vətən Müharibəsinin bizə sevinc xəbəri gətirən ilk qaranquşu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan etdiyi gün. İnsanlarımızın televizor ekranlarına sarılaraq göz yaşları və iftixar hissi ilə Sərkərdəsini öpdüyü ilk gün. Üçrəngli müqəddəs bayrağımızın qəhrəman əsgərlərimiz tərəfindən ucaldıldığı ilk məkan.

Doğrudur, 1994-cü ilin yanvarında Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi, 2016-cı il Aprel döyüşləri zamanı isə Lələtəpə yüksəkliyi düşməndən təmizlənib Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. Amma mühüm olsa da, strateji əhəmiyyət daşısa da, bu, bir epizod idi. İlk dəfə idi ki, ordumuz kütləvi əks-hücum əməliyyatı aparır, ilk dəfə idi ki, bir rayon mərkəzini azad edir, ilk dəfə idi ki, Azərbaycan-İran sərhəddinə nəzarəti bərpa edirdi.

Deyirlər “haqq nazilər üzülməz”. Haqq, 27 il idi ki, nazilirdi, qətnamələr kağız üzərində qalırdı, icra edilmirdi. 27 il ərzində ilk dəfə idi ki, bu haqqı şanlı Azərbaycan ordusu, Sərkərdəsinin iradəsi ilə, canı ilə, qanı ilə icra edirdi.

Düşmənin vandallığını, vəhşiliyini unutmamışdıq, bilirdik, amma Ilk dəfə idi ki, bunun miqyasını tam şəkildə görürdük.
Çox keçməyəcək, Vətən müharibəsi zəfərlə bitəcək və bu zəfərdən cəmisi 6 gün sonra, noyabrın 16-da, Müzəffər ordunun Müzəffər Baş Komandanı öz ömür-gün yoldaşı ilə birlikdə buraları ziyarət edəcək, tarixi yadigarımız, milli rəmzimiz, xalqımızın mənəvi dünyasında özünəməxsus yeri və izi olan, Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldıracaq, köksümüzü qabardacaqdı. İlk növbədə Cəbrayılı görmədən dünyaya gözlərini əbədi yuman cəbrayıllıların ruhunu şad edəcək, Cəbrayılı görmədən dünyaya göz açan cəbrayıllıların qəlbini fərəh hissi ilə doldurqcaqdı. O yerləri ana qucağında, bələkdə, qundaqda tərk edən, lakin tanklar üzərində geri qayıdan igidləri - Cəbrayılı, Fizulini, Ağdamı, Zəngilanı, Qubadlını, Laçını, Kəlbəcəri görməmiş, ancaq qan yaddaşı diri olan, düşmənə nifrət, vətənə məhəbbət ruhunda böyümüş oğulları sevindirəcəkdi.
Cəbrayıl qapı idi. Qarabağın qapısı idi. Bu rayonun azad olunması, burada qazanılmış qələbə, ordumuzun və xalqımızın motivasiyasını artırmaqla yanaşı, Xocavənd və Hadrut istiqamətində də uğurlu əməliyyatlar keçirilməsi üçün platsdarm açmış oldu. Torpaqların azad olunmasına görə təsis edilmiş ilk medal da, “Cəbrayılın azad olunmasına görə” medalı oldu. 22744 əsgər və zabitimiz bu medala layiq görüldü. Azərbaycan Ordusunun Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edib, şəxsi igidlik və şücaət göstərərək bu təltifə layiq görülmüş hərbi qulluqçularının sayı, ərazi uğrundakı mübarizənin miqyası barədə bizdə təsəvvür yaradır.
Artıq iki il ötüb o hadisələrdən. Xalqımız Vətən Müharibəsi zamanı olduğu kimi, müharibədən sonrakı dövrdə də tarixinin ən şərəfli, qürurlu və unudulmaz günlərini yaşayır. 27 il ölü olan, xarabazara çevrilmiş o torpaqlara yenidən həyat qayıdır, yollar, tunellər, hava limanları, məktəblər, evlər, elektrik, günəş, külək stansiyaları inşa edilir, ağaclar əkilir, tarixi abidələr, mədəni irsimiz bərpa edilir. 27 il çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmış, ümidləri tükənmək üzrə olan insanlar üçün bundan böyük hədiyyə, bundan böyük sevinc ola bilərmi?

Çox keçməz ki, bu yerləri yenidən uşaq gülüşü, quşların nəğməsi, heyvanların mələşməsi, toy-düyün səsləri bürüyər. Bizə yaraşan da budur. Bu gün qeyd etdiyimiz tarix, həm də Cəbrayılın yenidən doğuluş tarixidir, Qarabağımızın və bütövlükdə Azərbaycanımızın yenidən doğuluşudur.
Tariximizdəki şərəfli hadisələrin, qələbələrin hamısı bizim üçün əzizdir. Lakin ilklərin, nübarın yeri həmişə əlahiddədir, müstəsnadır. Xüsusilə bu yolu, bu qapını ilk açan, şəhidlik şərbətini ilk dadan igidlərimizin və ümumən Vətən torpaqlarının azadlığı uğrunda canını fəda etmiş övladlarımızın xatirəsini anmaq naminə bir vasitə, ilk açılan səhifədir.

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə