Deputatlar Rumıniyada mühüm görüşlər keçirdilər - FOTOLAR

Milli Məclisin nümayəndə heyəti Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov Rumıniyada bir sıra mühüm görüşlər keçirib. SİA xəbər verir ki, səfər çərçivəsində deputatlarımız Rumıniya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Dan Barna, Rumıniya Prezidentinin müşaviri Luminita Odobesku, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və rəhbəri Kristian-Daniel İvanuta, Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fota, Baş nazirin müşaviri Yulian Kifu ilə görüşlər keçiriblər. Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Regiondakı vəziyyət təhlil edilib, mövcud durumun qiymətləndirilməsi aparılıb, müasir çağırışlar fonunda parlament diplomatiyasının rolu diqqət mərkəzində olub. Azay Quliyev Milli Məclisin Rumıniya parlamenti ilə münasibətlərin inkişafına böyük önəm verdiyini söyləyib.

Qeyd olunub ki, qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qrupları arasında əlaqələr təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir. Deputatlarımız beynəlxalq parlament təşkilatları çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. Bildirilib ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi ümumi məqsədlərə xidmət edir. Azay Quliyev qeyd edib ki, Azərbaycanın Ermənistanla münasibətlərin tənzimlənməsi ilə bağlı təqdim etdiyi 5 baza prinsipi sivil ölkələrarası qonşuluq münasibətlərinin formalaşmasına və əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir və BMT Nizamnaməsinə uyğundur. O, Ermənistanın son təxribatları barədə görüş iştirakçılarını məlumatlandırıb.

Rumıniya Parlamentinin Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Kristian-Daniel İvanutsa Şuşaya səfərini xatırladaraq şəhərdə gedən sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olduqlarını, Füzuli Beynəlxalq Hava Limanının bölgədə turizmin inkişafı üçün səmərəli rolu barədə danışıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı faydalı əməkdaşlığının əhəmiyyətindən danışıb. Rumıniyalı deputat hazırda əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib.

Qeyd edilib ki, ikitərəfli münasibətlərin səmərəliliyinin artırılmasında parlamentlər səviyyəsində əlaqələrin gücləndirilməsi çox əhəmiyyətlidir. Görüşlərdə iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar olduğunu bildirib. Xalqlarımız arasında möhkəm dostluq münasibətlərindən məmnunluq ifadə olunub. Rumıniyanın Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə