"ŞƏT yeni əməkdaşlığın qurulması üçün münbit bir platformadır" - POLİTOLOQ ŞƏRH ETDİ
"Bildiyimiz kimi 15-16 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının növbəti iclasında iştirak etmək üçün Səmərqənd şəhərinə səfər edib. Bu Azərbaycanın təşkilatın işində qonaq qismində ilk iştirakıdır. Bölgədə baş verən siyasi proseslər fonunda Azərbaycanın bu görüşdə iştirakı bir neçə məqamdan olduqca vacibdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.
Onun sözlərinə görə, ilk növbədə Şanxay Əməkdaşlıq Təşkilatı yeni əməkdaşlığın qurulması üçün münbit bir platformadır: "Təşkilat üzvlərini daha çox iqtisadi maraqlar birləşdirsə də Nizamnamədə birgə olaraq terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə də öz əksini tapıb. Sonrakı mərhələdə Azərbaycanın iştirakı ona görə vacibdir ki, ŞƏT-na üzv olan dövlətlərlə Azərbaycanın ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığı mövcuddur. Bura əsasən Türkiyə və Orta Asiya ölkələrini əlavə etmək olar. Xüsusilə Qazaxıstan və Qırğızıstanın cəbhədə baş vermiş erməni təxribatına qarşı göstərdiyi adekvat cavabdan sonra müzakirə üçün bir sıra ortaq məqamların olması müəyyən olundu. KTMT-nin daxilində bu ölkələrin Ermənistana silahlı qüvvəllər göndərməməsi haqqında olan bəyanat Ermənistan cəmiyyətində bomba partlayışı kimi qarşılandı. Bundan əlavə görüşdə region üzrə aparıcı dövlətlər olan Rusiya və Türkiyə dövlət başçılarının iştirakı da Azərbaycan üçün bu görüşü vacib etdi.
Belə ki, hər iki dövlət Azərbaycanın strateji müttəfiqidir və eyni zamanda da regionda sülhün qarantoru rolunda da çıxış edirlər. Son təxribatlar və Ermənistanın siyasi rəhbərliyinin bu görüşdə iştirak etməsindən imtina etməsi və Ermənistanın gələcək taleyi haqqında mühüm məsələlər çox güman ki, bu dövlətlər arasında müzakirə obyekti olacaq. Çünki, Ermənistanın son törətdiyi təxribat təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Türkiyə və Rusiyanın da bölgədə nüfuzuna xələl gətirməsinə hesablanıb. Məhz bu səbəbdən də Səmərqənd görüşündə yaxın gələcək üçün Ermənistanın taleyini həll edəcək mühüm qərarların verilməsi və Azərbaycanın sülh gündəliyinin dəstəklənməsi istiqamətində mühüm qərarlar verilə bilər”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB