Prezident İlham Əliyev: "Azərbaycan uğurla neft kapitalını insan kapitalına çevirir"
Qeyri-neft sektorundan əldə olunan gəlirlər insan kapitalının inkişafına yönəldilməklə Azərbaycanın iqtisadi tərəqqisi və davamlı inkişafına etibarlı zəmin yaradır. Azərbaycanın neft strategiyasının başlıca hədəfləri həmişə ölkənin iqtisadi yüksəlişinə təkan verməkdən və sosial islahatların davamlı olaraq miqyasının genişləndirilməsinə baza yaratmaqdan ibarət olub. Dövlət başçımız praqmatik lider kimi neftdən əldə olunan gəlirlərin, ilk növbədə, ölkədə güclü insan kapitalının formalaşdırılmasına yönəldilməsinin vacib olduğunu cıxışlarında dəfələrlə vurğulamışdır. Müasir dövrdə hər bir xalqın, dövlətin taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları və bütün bunların fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Azərbaycan da öz inkişafını, ancaq təbii sərvətlərin gətirdiyi mənfəətə bağlamır, resurslarını insan faktorunun inkişafına yönəldir. Prezident İlham Əliyevin elm və təhsil sahəsində həyata keçirdiyi davamlı islahatlar da, məhz insan kapitalına əsaslanan informasiyalı cəmiyyətin formalaşmasına zəmin yaratmaq məqsədi daşıyır.
"MƏNİM TƏŞƏBBÜSÜMLƏ AZƏRBAYCANDA QARA QIZILI İNSAN KAPİTALINA ÇEVİRMƏK PRİNSİPİ ƏSASINDA İSLAHATLAR APARILIR"
Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrlə paralel olaraq, təhsil sahəsində köklü islahatlar aparılır, təhsilin məzmunu, keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Azərbaycan Prezidenti İlham Əliyev cıxışlarının birində son illərdə bu sahədə çox böyük işlərin görülməsini və təhsil sahəsinin daim diqqət mərkəzində olmasının təbii hal olduğunu bildirib: "Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. ... Mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır".
Bildiyimiz kimi, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur, bu proqram uğurla icra edilir. Bu məktəbin yenidən tikilməsi bizim siyasətimizi əks etdirir. Təhsil sahəsinə göstərilən diqqət, eyni zamanda, infrastrukturun yaranmasında da özünü əks etdirir".Bildiyimiz kimi, bu günlərdə Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub. Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksi də müasir standartlara uyğun olaraq tikilib. Cənab Prezidentin Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olması məhz təhsilimizə ayrılan diqqətdir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
Görülən işlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. 1963-cü ildə inşa edilən təhsil ocağı 550 şagird yerlik olmaqla fəaliyyət göstərib. Ərazidə əhalinin sayının artması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikilməsi zərurətə çevrilib. Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nə əsasən, bu məktəbin yenidən inşası da həyata keçirilib. Həmin proqram əsasında 2021-ci ilin yanvarında Saray qəsəbəsində 2000 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb. Ən müasir və dünya standartlarına uyğun tikilən məktəbin sahəsi 21 min kvadratmetrdir. Yenidən tikilən məktəbdə 70 sinif otağı, 6 laboratoriya, 5 informatika, çağırışaqədərki hərbi hazırlıq kabineti, musiqi, təsviri incəsənət, texnologiya otaqları, həmçinin kitabxana, akt və iki idman zalı, yeməkxana var. Ən müasir avadanlıqla təchiz olunan binada tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şərait yaradılıb. Təhsil ocağında məktəbəqədər iki kabinet də fəaliyyət göstərəcək. Ümumtəhsil müəssisəsində STEAM mərkəzi də qurulub. Daha sonra Prezident İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
Tikintisinə 2020-ci ilin noyabrında başlanılan 1600 şagird yerlik məktəbdə 63 sinif, 4 informatika otağı, 2 məktəbə qədər hazırlıq otağı, 5 STEAM otağı, 2 idman zalı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika kabineti, kimya və biologiya laboratoriyaları, kitabxana, 200 yerlik yeməkxana və 520 nəfərlik akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 17 min 254 kvadratmetrdir. Qeyd edək ki, STEAM layihəsi Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir.
DÖVLƏTİN TƏRƏQQİSİ VƏ GƏLƏCƏYİ ONUN TƏHSİL SƏVİYYƏSİ İLƏ BAĞLIDIR
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan, hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək.Əlbəttə ki, görülən işlər bir daha təsdiqləyir ki, təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.
Beləliklə, növbəti məktəbin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür. Ümumiyyətlə, istifadəyə verilən müasir standartlara cavab verən təhsil müəssisələrində informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəblərdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil müəssisələrinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.Göründüyü kimi, zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB