Kənd təsərrüfatı sahəsində ölkəmiz uğurlarını davam etdirir ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlarımıza hər səfəri yeni müəssisələrin təməlqoyma mərasimləri, bəzilərinin isə açılışı ilə yadda qalır. Prezident İlham Əliyevin cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan televiziyasına verdiyi müsahibə demək olar ki, bir çox məsələlərə aydınlıq gətirmiş oldu. Ölkəmizin region üçün hansı əhəmiyyət kəsb etdiyini, həmçinin, dünya iqtisadiyyatına verdiyi töhfələr bizim doğru yolda olduğumuzun göstəricisi kimi səciyyələndirilməlidir. Bu gün pandemiyadan sonra dünya iqtisadiyyatında gedən böhran, eləcə də regionda baş verən siyasi və hərbi münaqişələr təbii ki, ölkəmizdən də yan keçməmişdir. Bütün bu çətinliklərdə daha dayanıqlı olmamız üçün, ilk növbədə, ölkə ərazisində qeyri-neft sektorunun inkişaf etdirilməsi daha vacib məsələlərdən biri olmalıdır. Bu baxımdan, regionların inkişafı və kənd təsərrüfatı sayəsində qarşıya qoyulmuş məqsədlərə maksimum dərəcədə çatmaq, iri layihələrin hazırlanması, ölkə iqtisadiyyatını mövcud problemlərdən sığortalamaq başlıca məqsəd kimi hamılıqla, bütövlükdə hər bir vətəndaşın əsas vəzifələrdən biri olmalıdır.

Müstəqillik dövründə ölkəmizin aqrar sahədə əldə edilən təcrübələrinin işğaldan azad edilmiş rayonlara transfer edilməsi, orada sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi üçün xüsusi dəstəkləmə proqramlarının həyata keçirilməsi, heyvandarlıq və bitkiçilik sahəsində zəruri infrasturktur qurulması kimi məsələlər prioritet əhəmiyyətə malikdir. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin iri və xırdabuynuzlu heyvanlarla təmin olunması, arıçılıq təsərrüfatlarının yaradılması, rayonlara görə ixtisaslaşmanın yenidən dəqiqləşdirilməsi aqrar sahənin inkişafı baxımından atılacaq addımlardır. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək, yeni investisiyaların cəlb edilməsinə və su ehtiyatlarının istifadəsinə imkan yaradacaq. Bu proses qeyri-neft məhsullarının ixracının artmasına səbəb olacaq, əkin dövriyyəsi artacaq, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasını yaxşılaşdıracaq. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, erməni faşistlərinin həmin ərazilərə vurduğu ciddi ziyan tədricən aradan qaldırılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Azad edilmiş bütün ərazilərdə quruculuq-abadlıq işləri sürətlə aparılır. Aqrar sahənin inkişafı üçün texniki avadanlıqlar olduqca vacibdir. Kənd təsərrüfatı texnikalarının endirimli satışının maliyyələşdirilməsi, əkin işləri üçün hazırda pambıqçılıqda tətbiq olunan Müqaviləli istehsal modelinin tətbiqi müasir və ağıllı texnologiyalarından istifadə imkanlarını genişləndirmək kimi tədbirlər dövlətin diqqət mərkəzində olacaq. Kənd təsərrüfatı baxımından mühüm potensiala malik ərazilərin inkişafı Azərbaycanın regionda iqtisadi baxımdan daha da güclənməsində və iqtisadi təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq.

Nəriman Orucov,

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə