“Paylaşılan hər bir status düşmən tərəfindən təbliğat kimi istifadə edilə bilər” AÇIQLAMA

“44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfərdən sonra cəmiyyətimizdə Silahlı Qüvvələrimizin gücü, sarsılmaz iradəsi haqqında çox möhtəşəm ictimai rəy formalaşdı”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

S.Seyidova bildirib ki, bu gün hər bir azərbaycanlı dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin, təhlükəsizliyinin təmininin əmin əllərdə olduğunu bilir: “Bu məsələlərdə Azərbaycan Ordusunun üzərinə müstəsna vəzifələr düşür. Onu da unutmamalıyıq ki, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistanla hələ də sülh müqaviləsi imzalanmayıb. Biz qarşı tərəfdən revanşist çağırışların olduğunu müşahidə edirik. Bu səbəbdən, belə həssas bir məqamda siyasi baxışlarından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimiz haqqında mənfi, həqiqətə uyğun olmayan aşağılayıcı fikirlər səsləndirməməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, sosial şəbəkələrdə paylaşılan hər bir bu cür statuslar, rəylər düşmən tərəfindən təbliğat kimi istifadə edilə bilər. Ordumuzun minlərlə şəhid qanı hesabına əldə etdiyi Qələbənin əhəmiyyətini azaldaraq əldə etdiyimiz nəticələri kölgələməyə çalışırlar. Ona görə də, hər bir məsuliyyətli vətəndaş belə məsələlərə çox həssaslıqla yanaşmalı, daha çox ölkəmizə qarşı yönələn təhdidlərlə savaşmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə