“Antiterror əməliyyatları keçirilə bilər” AÇIQLAMA

“Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yerləşən Azərbaycan ərazilərində qeyri-qanuni erməni hərbi birləşmələri dəfələrlə 2020-ci ilin 10 noyabr razılaşmasının şərtlərindən irəli gələn müddəaları kobudcasına pozublar. Erməni təxribat dəstələrinin Azərbaycan ərazilərini gülləbaran etmələri və nəhayət yeni ərazilər ələ keçirərək burada möhkəmlənmək cəhdləri Azərbaycan tərəfini "Qisas" əməliyyatı adı altında antiterror tədbirlərini həyata keçirməyə sövq etmişdir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, koordinasiya edilmiş və sərrast şəkildə həyata keçirilmiş tədbirlər nəticəsində Kəlbəcər və Laçın rayonlarının dağ silsiləsində strateji və hərbi əhəmiyyət kəsb edən Qırxqız yüksəkliyi, Buzluqaya, Sarıbaba yüksəkliyi və ətraflarda Azərbaycana aid olan ərazilər ələ keçirilmiş, Silahlı qüvvələrimiz yenicə ələ keçirilmiş mövqelərdə dislokasiya olunaraq düşmənin perspektivdə bu yüksəkliklərdən istifadə etmək cəhdlərinin qarşısını almışlar: “Silahlı qüvvələrimizin nəzarəti altında olan ərazilərin təhlükəsizliyinin təmin edilməsi baxımından əməliyyatın müstəsna əhəmiyyəti var. Bundan əlavə bu əməliyyat Ermənistanda 44 günlük müharibədə məğlubiyyətin əvəzini çıxmaq, revanş götürmək istəyən bəlli dairələrə, habelə Qarabağdakı separatçı rejimin özünə növbəti bir mesaj, ciddi bir ismarıc oldu, Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, bir daha göstərdik ki, "dəmir yumruq yerində və hazır vəziyyətdədir". Ermənilərin bu cəhddən istifadə edərək Azərbaycana qarşı informasiya müharibəsinin yeni mərhələsinə keçmək arzuları da Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş və yönləndirilən siyasətin uğurla həyata keçirilməsi nəticəsində puç olmuşdur. Qisas əməliyyatının Rusiya sülhməramlılarının məsul olduğu ərazidə yüksək səviyyədə keçirilməsi də ekspertlərin diqqətindən yayınmamışdır. Belə ki, Azərbaycanı məhz bu bölgədə antiterror əməliyyatlarının keçirilməsinə sövq etməklə erməni tərəfinin təxribat yaratmaq və onun vasitəsilə Rusiya-Azərbaycan münasibətlərində erməni tərəfinin maraqlarına cavab verə biləcək tendensiyanın yaşanmasına şərait yaratmaq istisna deyil ki, bu təxribatın əsas səbəblərindən biri olmuşdur. Beynəlxalq birlik 2008-ci ildə Gürcüstan tərəfinin Rusiya sülhməramlılarının dislokasiya mövqelərini atəşə tutmasının Saakaşvili iqtidarına neçəyə başa gəldiyini yaxşı xatırlayır. Lakin Azərbaycan bu cəhdin də uzaq gedən məkrli niyyətlərindən xəbərdar olduğundan antiterror tədbirlərini görünür ki, Rusiya ilə razılaşdırmış şəkildə həyata keçirmiş və bununla da əvvəla Rusiya ilə bu ilin fevralında müttəfiqlik münasibətləri barədə müqavilənin tələblərindən irəli gələn şərtlərə əməl etmiş (Təhlükəsizlik və informasiya sahəsində əməkdaşlıq), bununla da Ermənistan iqtidarını özündən çıxmağa, hövsələsizlik etməyə sövq etmişdir. Belə olmasaydı Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətində effektivliyin yüksəkdilməsi təklifləri ilə Moskvaya dil açmazdı, deməli, ermənilərin bu niyyəti də nəinki baş tutmuş, əksinə, onların gözləmədiyi bir rezonans doğurmuşdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə