"Əlaqələrin genişləndirilməsinə dair müzakirələr davam etdirilir" - POLİTOLOQ AÇIQLADI
"Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşünün keçirilməsi Azərbaycan-Avropa İttifaqı əlaqələrinin gələcək yol xəritəsinin müəyyənləşdirilməsi baxımından kifayət qədər önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, görüş çərçivəsində enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Azərbaycan Respublikasının yeni formalaşan beynəlxalq sistem daxilində əsas faktorlardan birinə çevrilməkdə olduğunu da aydın şəkildə ifadə etmiş olur: "Artıq Azərbaycan Respublikası Avropanın yeni enerji xəritəsində etibarlı tərəfdaş qismində çıxış edərək ikitərəfli əməkdaşlıq imkanlarını da yenidən nəzərdən keçirir və fərqli istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinə dair müzakirələr davam etdirilir. Həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin sadəcə enerji təminatı ilə məhdudlaşmayacağını, alternativ enerji mənbələrindən istifadə imkanları, ticarət əlaqələrinin genişləndirilməsi, Şərqlə Qərb arasında daha təhlükəsiz yol olan Orta dəhlizin gələcək perspektivi və Şərq tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi kimi məsələlərin də gündəmdə olduğuna dair açıq mesajlar verilmiş oldu. Ona görə də, bu görüş sadəcə Azərbaycan Respublikası üçün deyil, ümumilikdə region dövlətləri üçün də yeni mərhələnin formalaşmaqda olduğunun və bu mərhələdə ölkəmizin kifayət qədər önəmli rol oynadığının bariz nümunəsidir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB