Prezident müşavirə keçirdi. 2022-ci ilin 6 ayının yekunlarına həsr olunmuş bu müşavirə, həm ölkə əhlisinə, həm beynəlxalq ictimaiyyətə, həm də komandasına ismarıclarla zəngin bir müşavirə idi. Məqsəd - həm keçmişə, həm bu günə, həm də gələcəyə baxış idi. Bütün istiqamətlərdə dövlət siyasətinin yekunları və qarşıda duran vəzifələrin aydın, dəqiq və məzmunlu ifadəsi olan bu müşavirə bizə nələri dedi?
Prezidentin çıxışını diqqətlə izləyən hər bir kəs, vurğulanan, barəsində fikir yürüdülən hər bir məsələnin üzvü surətdə əlaqələndirildiyini, fikirlər ilə fəaliyyətin tamlıq təşkil etdiyini sezə bilər. Məsələn təkcə bir cümlə; “Hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün həm qonşuluqda, həm də dünyada müsbət beynəlxalq fon lazımdır” cümləsindən, daxili siyasətlə regional və beynəlxalq siyasətin harmonik bağlılığının nə qədər böyük əhəmiyyət təşkil etdiyi nəticəsi çıxara bilər. Ona görə də iqtisadi sahədə uğurlar, ölkədaxili sabitlik, tərəqqi və inkişaf üçün nə qədər mühüm əhəmiyyət daşıyırsa, bu siyasətin regional və beynəlxalq əlaqələrlə uzlaşdırılması da o qədər vacib faktordur.
Azərbaycanın nəqliyyat xabına çevrilməsi, dünya enerji təhlükəsizliyində oynadığı rol, azad edilmiş ərazilərin məskunlaşdırılması, bərpa edilən enerji sahəsində atdığı addımlar və digər istiqamətlər, iqtisadi cəhətdən nə qədər səmərəli bir məqsəddirsə, bu məqsədlərin reallaşması üçün regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, hərbi-siyasi və diplomatik fəaliyyətin düzgün və məqsədyönlü təşkili də o qədər mühümdür. Bu mənada, ölkə başçımızın müxtəlif beynəlxalq qurumlarla – o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı və xüsusilə Azərbaycanın sədrliyində intibah dövrü yaşayan, söz sahibinə çevrilməyə başlayan Qoşulmama Hərəkatı ilə səmərəli iş birliyi, habelə Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya, İran, Gürcüstan kimi qonşu dövlətlərin başçıları ilə görüşlərin regionda əməkdaşlıq, sülh və sabitliyə vəsilə olacaq siyasəti, təqdirə layiq olmaqla yanaşı, həm də xalqlar arasında mədəni əlaqələrin inkişafına təsir edir.
Bununla yanaşı, Ermənistanla əlaqədar, hələ də davam edən qeyri-müəyyənlik, Azərbaycanın irəli sürdüyü təkliflər, demək olar ki, bütün tərəfdaşlar - Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu dövlətlər və hətta Ermənistanın özü tərəfindən təqdir edildiyi halda, bəzi müsbət tendensiyalara baxmayaraq hələ də konkret nəticələrin olmaması, öhdəliklərin yerinə yetirilməməsi, qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsini ləngidir və regionda gərginliyin azalmasına xidmət etmir.
Dövlət başçımız, Ermənistanla imzalanmış 10 noyabr Bəyannaməsinin faktiki olaraq kapitulyasiya aktı olduğunu, müharibənin dayandırılmasının əsas şərtinin erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması olduğunu bir daha vurğulayaraq, bu öhdəliklərdən yayınmanın adekvat addımlara səbəb ola biləcəyi barədə xəbərdarlıq etmiş, Bəyannaməyə tərəf olan Rusiyanın da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən narazılığını ifadə etmişdir.
Öhdəliklərdən biri olan Zəngəzur dəhlizi ilə də əlaqədar Ermənistan tərəfin tərəddüdləri, bu istiqamətdə heç bir rasional addımın atılmaması da, qarşı tərəfin səmimi olmadının, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəməməsinin göstəricisidir ki, bu davranış tərzi Azərbaycanı da üzərinə götürdüyü və icra etdiyi öhdəliklərə yenidən baxmağa vadar edə bilər.
Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüquqa tam uyğun olan beş prinsipin Ermənistan tərəfindən guya qəbul edilməsinə, başqa sözlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına rəğmən, yeri gəldi-gəlmədi Minsk Qrupundan danışması, vaxtaşırı status məsələsini qabartması da faktiki olaraq ərazi iddialarından əl çəkilmədiyini və bu davranışı ilə Azərbaycanı da analoji addıma – yəni 1920-ci ildə Ermənistana verilmiş Zəngəzur ilə əlaqədar status məsələsini gündəmə gətirmək məcburiyyəti qarşısında qoymağa təhrik edəcəyini dilə gətirən Prezident, bunun çox təhlükəli tendensiya olduğunu, Ermənistan üçün ağır nəticələrə gətirə biləcəyini qeyd etmişdir.
Azərbaycan silahlı qüvvələrinin yenidən qurulması, yeni və müasir hərbi texnikalar, silah-sursatlar alınması barədə ictimaiyyəti məlumatlandıran ölkə başçımız, hərbi xərclərin artırılmasının ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyümüzün, müstəqilliyimizin qorunmasına xidmət edən addım olduğunu, qarşıda son dərəcə böyük və ağır vəzifələr ola-ola, hərçilərimizin sosial problemlərinin həllinin də dövlətimizin prioritet vəzifəsi, mənəvi borcu sayıldığını, bununla əlaqədar çoxlu işlər görüldüyünü faktlarla çatdırdı.
İqtisadi sahədəki perspektivlərə diqqət çəkən Prezident, kənd təsərrüfatında, xüsusilə strateji məhsul olan taxıl istehsalında asılılığı aradan qaldırmaq üçün xüsusi proqram hazırlandığını qeyd etmiş, heç vaxt istifadə olunmayan 100 min hektar ərazidə dənli bitkilər əkilməsinin bizim ərzaq təhlükəsizliyimizin təmin edilməsində böyük rolu olacağını, iqtisadi müstəqilliyin siyasi müstəqilliyin təməl daşı olduğunu bildirmişdir. Yekun nitqində, hökumət qarşısındakı vəzifələri və planları müfəssəl şəkildə təhlil edən ölkə başçımız, cari ilin əsas vəzifələrindən birinin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, ölkəyə investisiyaların cəlbi və ixrac potensialımızn artırılması, hazırlıqlı kadr potensialının yaradılması, habelə kölgə iqtisadiyyatı ilə mübarizənin daha da gücləndirilməli olduğunu vəzifə kimi müəyyənləşdirmiş, ölkəmizin güclənməsi və xalqımızın rifahı üçün sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi və milli həmrəyliyin önəminə diqqət çəkmişdir.
Mirsüleyman Mirxaslı
YAP Cəlilabad rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB