“Bu, Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir” - ŞƏRH

“Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda ən fəal dövlət kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində koronovirusa qarşı peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölünməsi, postpandemiya dövründə beynəlxalq təşkilatların, eləcə də dünya dövlətlərinin həyata keçirə biləcəyi tədbirlər barədə irəli sürdüyü təkliflər BMT Baş Assambleyasının sessiyasında müsbət qarşılanmış və müvafiq qətnamələr qəbul edilmişdir. 2022-ci ilin mart ayında Azərbaycanın BMT yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbirin işğaldan azad edilmiş Şuşa şəhərində keçirilməsi tarixi bir hadisə oldu. Tədbirin mədəniyyət paytaxtımız Şuşa şəhərində baş tutması bir daha sübut edir ki, dünyanın ən böyük siyasi təşkilatı olan BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir ki, son dövrlər nüfuzlu beynəlxalq tədbirlər Bakıda keçirilir. Prezident cənab İlham Əliyev iyunun 27-də Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" adlı 11-ci sessiyasında çıxış etdi: “Çıxışında ölkə başçımız paytaxtımız Bakının qədim tarixi şəhər olmaqla bərabər dünyanın ən gözəl və müasir bir şəhər olduğunu, eləcə də işğal zamanı Ermənistan tərəfindən viran qoyulmuş digər şəhərlərimiz barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Bakı şəhəri xalqımızın milli mədəniyyətini, irsini, misilsiz memarlığı ilə dünyanın ən gözəl müasir park və bulvarlarını özündə birləşdirir. Ermənistan Azərbaycan torpaqlarını 30 il işğalda saxladığı vaxt bütün kənd və şəhərlərimizi qəsdən dağıtmış, mədəni və dini abidələrimizi talan etmişdir. Erməni vandalizmi nəticəsində 9 şəhərimiz və yüzlərlə kəndimiz yer üzündən silinib. İşğaldan əvvəl Azərbaycanın ən böyük və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam şəhəri ermənilər tərəfindən elə dağıdılıb ki, xarici mütəxəssislər onu "Qafqazın Xirosiması" adlandırıblar. İşğaldan azad edilmiş şəhərlərimizə gələn diplomatlar və xarici qonaqlar dağıntıları öz gözləri ilə görüb sənədləşdiriblər”.
Deputat sözlərinə belə davam edib: “Ermənistanın torpaqlarımızı 30 il işğalda saxlamaqlarına baxmayaraq Azərbaycan münasibətlərin normallaşmasının, səmimi qonşuluq şəraitində yaşamanın, bir-birinin ərazi bütövlüyünün, suverenliyinin qarşılıqlı tanınmasının tərəfdarıdır. Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir və sülh danışıqları üçün 5 prinsip irəli sürüb və Ermənistan bunu qəbul edib.

Bu gün işğaldan azad edilmiş ərazilərimizin yenidənqurulmasının sürətlə aparılmasına mane olan və məcburi köçkünlərin öz yurd yerlərinə dönmələrini ləngidən ən böyük problemlərdən biri ərazilərin tamamilə minalanmasıdır. Ermənilər torpaqlarımıza minaları toxum kimi səpiblər. Ermənistanın hərbi cinayətləri bu gün də davam etməkdədir. Minaların partlaması nəticəsində çox sayda vətəndaşlarımız həlak olub və ağır yaralanmışdır.

Azərbaycan işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizi ən müasir konsepsiyalar tətbiq etməklə yenidən inşa edir. Buraya qayıdacaq soydaşlarımızın yaşamaları və işləmələri üçün bütün şərait yaradılacaq. Pilot layihə olaraq inşa edilmiş Zəngilanın Ağalı kəndi dünyanın ən müasir kəndi hesab olunur. İşğaldan azad edilmiş şəhərlərimizdə yenidənqurma prosesləri çox sürətlə və keyfiyyətlə həyata keçirilir. Füzuli şəhərində 8 aydan az müddətdə ən müasir hava limanı inşa edilib. Zəngilan və Laçın rayonlarında da hava limanlarının tikintisi davam etdirilir. İşğaldan azad edilmiş bir çox şəhərlərimizin Baş planı hazırlanıb. Ağdam şəhəri əvvəlkindən də böyük və möhtəşəm şəhərə çevriləcək. Regionun sənaye şəhərinə çevriləcək bu şəhərdə Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir. Azərbaycan dövlətinin məqsədi yeni salınacaq kənd və şəhərlərimizi dünyanın ən müasir texnologiyaları əsasında inşa etməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə