"Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış etmiş və qeyd etmişdir ki, 2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə bu ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil olunmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir: "Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir".

Deputat sözlərinə belə davam edib: "Qeyd olunmuşdur ki, Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinmişdi. Ağdam şəhəri o dərəcədə dağıdılmışdı ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırmışlar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Yalnız Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin bu gün də - Rəsmi İrəvanın hərbi cinayətləri davam edir.

Ölkə rəhbərinin vurğuladığı kimi, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Bunu isə biz əməldə göstərəcək qədər güclüyük.

Tikilən yeni şəhərlərdə, salınan kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
Çıxışda qeyd olunduğu kimi, Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.

Düşünürük ki, azad olunmuş bölgələrimiz tez bir zamanda həyata qayıdacaqdır, çünki tikinti-quruculuq işləri surətlə aparılır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə