Dövlətin uğurlu xeyriyyəçilik missiyası - “YAŞAT” FONDU TƏHLİL

Bu, Ali Baş Komandanımızın qazilərə və şəhid ailələrinə qayğısının daha bir təzahürüdür

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən, məhz sözün əsl mənasında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir. Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, bu insanların mövcud problemləri daima ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəxsən diqqət mərkəzində saxlanılır və onların həlli məqsədilə bütün zəruri tədbirlər müntəzəm olaraq həyata keçirilir.

YAŞATMAQ ÜÇÜN “YAŞAT” FONDU

Şəhid ailələri və qazilərin qayğıları daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Bu gün Azərbaycan vətəndaşları, xarici ölkələrdə yaşayan soydaşlarımız, ayrı-ayrı iş adamları və şirkətlər xalqımızın xeyirxahlıq, humanizm amallarından qaynaqlanan prinsiplərə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Məhz bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılmasına xidmət edən, bunun üçün müvafiq platformanın yaradılması, habelə şəhid ailələrinin və qazilərin qayğıları ilə bağlı işlərin daha səmərəli və çevik aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradıldı. Bu Fərman Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutudur. Bu gün cəmiyyət və dövlət birliyinin təcəssümünə çevrilmiş Fondun fəaliyyəti qazilərimizin xarici ölkələrdə müalicələrinin təşkili, eyni zamanda, şəhid ailələrinin və qazilərimizin məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə işlərin görülməsini özündə ehtiva edir. Çox mütərəqqi addımlardan biri olan “YAŞAT” Fonduna həm ölkə daxilindən, həm də xarici ölkələrdən ianələr edilməsi bu qurumun maddi resurslarının genişlənməsinə istiqamətlənmişdir. Fondun təşəbbüsü ilə şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların ehtiyacları müəyyən edilir və mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atılır. Təqdirəlayiq haldır ki, Fond öz fəaliyyətində şəffaflığı rəhbər tutmaqla, cəmiyyətə açıq hesabatları təqdim etməklə bu nəcib təşəbbüsün davam etdirilməsini hədəfləyir. Belə ki, işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvlərinə və qazilərimizə həvalə olunmuş “YAŞAT” Fonduna daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. Bütövlükdə, bu gün cəmiyyətdə Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artıran əlavə bir mexanizm kimi dəyərləndirilir.

“BU SAHƏDƏ AZƏRBAYCAN DÜNYA MİQYASINDA ÖZ MODELİNİ ORTAYA QOYUR”

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı şəhid əilələrinə, Qarabağ müharibəsinin iştirakçıları və qazilərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur və bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir: «Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq.

“YAŞAT” FONDUNUN 1 İLİ: HANSI İŞLƏR GÖRÜLÜB?

“YAŞAT” Fondunun 23 iyun 2022-ci il tarixinədək Fondun hesabına 73 781 435.79 vəsait mədaxil olub. Ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb, və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 848-dır. Fondun fəaliyyət istiqamətləri üzrə 61 114 757.86 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 12 666 677.93 AZN təşkil edir. Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: 36 892 200.00 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 546 346.40 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 6 336 540.51 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 17 339 670.95 AZN olub. Həmçinin, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla ümumilikdə 215 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 254 637.99 AZN vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 94 şəxsin ödənişi Fond tərəfindən, 72 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb. 23 iyun 2022-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Bununla yanaşı “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group”, “Data Science Academy” və “Mars Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub.

2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali əhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Cari günədək 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 907 və yaralıların 4 483 müraciəti olmaqla ümumilikdə 9 390 müraciət təmin edilib. Ümumilikdə 176 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 171-i ağır yaralı, 5-i isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 148-i ölkəyə geri qayıtmışdır. Hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib. 28 fevral - 07 mart 2021-ci il tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəmizə gətirilib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub. Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb. 2021-ci ilin 12 avqust tarixində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib. 2021-ci ilin 12 avqust tarixində İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib. Türkiyə Respublikasında (İstanbul, Bursa və İzmit) Fondun dəstəyi ilə müalicə alan 28 ağır yaralının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə komissiya (2022-ci il 13 yanvar-16 yanvar) təşkil olunmuşdur. Komissiya üzvlərinin tərkibinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iki əməkdaşı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin iki əməkdaşı daxildir. Türkiyənin ən böyük xəstəxanalarından olan “VM Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası (beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu) ölkəmizə gəlmişdir. Həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamalayaraq ölkəyə qayıdan 20 yaralı və bir şəhid övladını müayinə etmişdilər. 2022-ci il 20 may tarixində “YAŞAT” Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Türkiyə Respublikasında müalicəsi davam edən bəzi şəxslərin ölkəyə geri qayıdan zaman reabilitasiya prosesinin harda davam etdirmələri barədə müzakirələr aparılıb.

İSTEHLAK KREDİTLƏRİ VƏ DİGƏR BORC ÖHDƏLİKLƏRİNİN QARŞILANMASI

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 832, itkin ailə üzvlərinin 3 və yaralıların 1 166 müraciəti olmaqla ümumilikdə 2 001 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 926.74 AZN vəsait qarşılanıb. “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci ilin 12 iyul tarixindən 2021-ci ilin 28 avqust tarixinədək 3 fərqli yaş qrupunu əhatə edən şəhid övladları üçün Lənkəran şəhərində, "Springs Wellness Resort” hotelində ümumilikdə 211 uşağı əhatə edən 6 düşərgə təşkil edilib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları həyata keçirilib. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib. “YAŞAT” Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə 2022-ci ilin 27 may-30 may tarixlərində Qəbələdə “YAŞAT” idman düşərgəsi keçirilib. Layihədə Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidən olan, idmana marağı olan şəhid övladlarını əhatə edib. Layihə çərçivəsində 8-13 yaş aralığındakı 22 şəhid övladı Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvando, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb olunublar. Eyni zamanda onlar Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxmışdırlar. Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, idmana marağı artırmaq, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.Bir sözlə, yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir. Bir sözlə, həm dövlət, həm Heydər Əliyev Fondu, həm də “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər uğurla davam etdirilir, bu sahədə sistemli və kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər təsdiqləyir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Ümumilikdə, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. liyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, həm də bu katekoriyalı insanlarrı, onların ailələri ilə tez-tez görüşləri, onların problemləri ilə maraqlanması bir daha dövlətin öz vətəndaşına qayğısının göstəricisidir. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə