Türkiyənin Artvin şəhərində Qlobal Jurnalistlər Şurasının (KGK) “Artvin-Batumi media görüşü” adlı növbəti toplantısı keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, toplantıda 57 ölkədən 100-ə yaxın jurnalist, media məsələləri üzrə ekspertlər iştirak ediblər.
KGK-nin Artvin bürosunun rəhbəri Aydın Tatar tədbiri açdıqdan sonra Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edilib, Türkiyənin İstiqlal marşı ifa olunub.
Sonda Qlobal Jurnalistlər Şurasının baş katibi Mehmet Ali Dim çıxış edib. Qeyd olunub ki, qurumun yaradılmasından keçən qısa müddət ərzində şuranın üzvlərinin sayı 100-ü keçib və artıq 57 ölkəni əhatə edir.
Qarşıda duran vəzifələrdən də danışan M.Ali Dim bildirib ki, KGK-nin əsas məqsədi təkcə Türkiyədə deyil, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı KİV-lərinin köməkliyi ilə xalqlar, millətlər arasında dostluğu, qardaşlığı inkişaf etdirmək və daha da möhkəmləndirməkdir. KGK-nin əsas fəaliyyət istiqamətlərindən biri də xalq diplomatiyasını inkişaf etdirməkdir. Jurnalistlərin xalq diplomatiyasının inkişafında mühüm rolundan danışılıb və bunun vacibliyi vurğulanıb.
Bu yaxınlarda Azərbaycana səfərindən danışan M.A.Dim deyib: “Azərbaycanda “TEKNOFEST Azərbaycan” festivalında iştirak etdik. Bu möhtəşəm tədbir çərçivəsində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşdük və şuranın fəaliyyəti barədə geniş müzakirələr apardıq. Azərbaycandan bizə böyük dəstək var. Şuranın Azərbaycan təmsilçisinin səyi nəticəsində paytaxt Bakının mərkəzində, İçərişəhər adlanan yerdə KGK-in ofisi yaradılıb. Bu gün, eyni zamanda Qlobal Jurnalistlər Şurasının üzvləri sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC da var. Bu da Azərbaycanın bu quruma verdiyi böyük dəstəyin nümunəsidir”.
Baş katib növbəti toplantıların gələn ilin ortalarında Gürcütsanda, daha sonra isə Bakıda təşkil ediləcəyini diqqətə çatdırıb.
Sonra media üzrə professor Levent Eraslan ənənəvi media ilə sosial media arasındakı uyğunsuzluq, bu sahədə qanunvericilik, beynəlxalq təcrübə və əməkdaşlıq mövzusunda çıxış edib.
Müzakirələr zamanı çıxış edənlər ənənəvi media ilə sosial media, internet mediası arasındakı fərqlərdən danışıb, sosial medianın yaratdığı təhlükələr barədə fikirlərini bölüşüblər.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Azərbaycanda media sahəsindəki qanunlardan danışıb, qaldırılan məsələlərə münasibət bildirib.
Konfrans işini iyunun 10-da davam etdirəcək.
Qeyd edək ki, konfrans çərçivəsində jurnalistlərin Artvinin bölgələrinə səfərləri təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB