"Böyük Qayıdış"a məhz Müstəqillik Günü ərəfəsində start verilməsi rəmzi məna daşıyır ŞƏRH

"Böyük Qayıdış"a məhz Müstəqillik Günü ərəfəsində start verilməsi rəmzi məna daşıyır ŞƏRH

27 may tarixində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub.Ölkə başçısının nitqində diqqət edilməli məqamlardan biri müstəqil siyasət vurğusu olub. Danılmaz həqiqətlərdən biri dünyada bir çox dövlətlərin müstəqil siyasət yürütmək imkanından məhrum olmasıdır. Müstəqil siyasət yürüdə bilmək sözün əsl mənasında bütün sahələrdə tam azad olmaqdan, həmçinin iqtisadi müstəqilliyə nail olmaqdan asılıdır. Azərbaycan Respublikası məhz dövlət başçımızın uğurlu siyasi xətti sayəsində tam müstəqilliyə nail olub. İqtisadiyyatın yüksək templə inkişafının, Azərbaycanın inkişaf strategiyasının çoxşaxəli olması ölkəmizə iqtisadi cəhətdən də müstəqillik qazandırması mühüm rol oynayıb.

Dövlət başçımız İlham Əliyev haqlı olaraq, müstəqil Azərbaycanın formalaşmasında ümummilli lider Heydər Əliyevin rolunu vurğulayıb: “1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”. Prezident İlham Əliyevin bu sözlərlə ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düçar olduğu ağır durumdan xilas edən Heydər Əliyevin fəaliyyətinin bugünkü müasir və müstəqil Azərbaycanın formalaşmasındakı misilsiz rolunu bir daha vurğulayıb. Xatırladaq ki, müstəqilliyin ilk illərində Azərbaycan böyük bəlalarla üzləşib, verilmiş səriştəsiz qərarlar ölkəni daha da ağır vəziyyətə salmışdı. Yaranmış bu vəziyyətin aradan qaldırılmasında ulu öndər Heydər Əliyevin siyasi məharəti həlledici rol oynadı. Dövlət başçımızın ulu öndər Heydər Əliyevin siyasi kursuna bağlılığı və böyük uzaqgörənliklə həmin siyasəti inkişaf etdirməsi, strateji həmlələri isə Azərbaycanı bu gün sahib olduğu layiqli mövqeyə çatdırdı. Məhz buna görə Azərbaycan bu gün artıq qlobal miqyasda sayılıb-seçilən və mövqeyi ilə hesablaşılan qüdrətli bir dövlətə çevrilib.

Dövlət başçımız İlham Əliyevin çıxışında həm də Azərbaycanın sahib olduğu qüdrətin geosiyasi müstəvidəki önəminə toxunulub. Ölkə başçısı haqlı olaraq vurğulayıb ki, bu gün beynəlxalq hüquq işləmir, bu da güc amilinin ön plana çıxmasına gətirib çıxarır. Vətən müharibəsini doğuran səbəblər arasında da məhz beynəlxalq hüququn işləməməsi, təsir və təzyiq mexanizmlərinin təcavüzkar Ermənistana qarşı tədbir görməməsi yer alırdı. Məhz bu amil isə dövlətin tam müstəqil, qüdrətli və nüfuzlu olmasının nə dərəcədə önəmli olmasını ortaya qoyur. Prezident İlham Əliyevin liderliyində Azərbaycanın nail olduğu qüdrət və güc, beynəlxalq hüququn təkidlə görməzdən gəlməyə cəhd göstərdiyi məsələlərin həllinə zəmin yaratdı. Prezidentin İlham Əliyev öz çıxışında güc amili Azərbaycanın qələbəsini şərtləndirdiyini və həm də Azərbaycanın bundan sonra da eyni kursa sadiq qalacağını vurğulamış oldu.

Prezident İlham Əliyev nitqindəki daha bir xüsusi məqam sülh müqaviləsi ilə bağlı etdiyi qeyddir: “Digər məsələ, biz demişdik ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib. Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə edirik”.

Prezident İlham Əliyevin fikirləri Vətən müharibəsində qazanılmış mütləq Zəfərin siyasi müstəvidə yansımasını bizə göstərir. Belə ki, artıq yeni reallıqlar bütün dünya tərəfindən qəbul olunub. Qeyd edək ki, Azərbaycanın öz gücünə yaratdığı yeni durum aparıcı güclər tərəfindən etiraf edilib. İşğalçı Ermənistan üçün bu cür geosiyasi konyunkturda heç bir müqavimət ehtimalı qalmayıb. Çünki şərtlər tamamilə Bakı tərəfindən diktə olunur və Azərbaycan burada həm də özünün regiondakı söz sahibi mövqeyini və nüfuzunu ortaya qoyur. məhz Azərbaycanın müəyyən etdiyi gündəlik Beynəlxalq təşkilatlar tərəfindən əsas olaraq götürülür. Ermənistan isə Azərbaycanın sülh üçün təklif etdiyi beş maddəlik prinsipləri qəbul edib.

Həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyaların ilk görüşünün əhəmiyyəti də vurğulanıb. Sərhədlərin müəyyən edilməsi birmənalı olaraq Ermənistanın ərazi iddialarına son qoyulması anlamına gəlir. Belə ki, İrəvanın hər hansı iddia ilə çıxış etmək cəhdlərinin qarşısı alınır və Azərbaycan bu müstəvidə də öz mövqeyini diktə edir. Eyni zamanda, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı da fikirlərə diqqət yetirmək lazımdır: “Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə edirik”.

Azərbaycan liderinin verdiyi mesaj olduqca səlis və açıqdır: İrəvan nə qədər əngəl yaratmağa cəhd göstərsə də, Bakı öz istəyinə nail olub. İşğalçı Ermənistan hökumətinin buna qədər etdiyi pafoslu çıxışlar isə sadəcə daxili auditoriyanı ələ almaq üçün edilmiş gedişlərdən başqa bir şey olmayıb. Azərbaycanda yaşayan ermənilərə gəlincə, Prezident İlham Əliyev Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkə olduğunu xatırladıb. Belə ki, Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Qeyd edək ki, Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb. Azərbaycan lideri məhz buna görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmli olduğunu vurğulayıb. İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edən Azərbaycan ənənəvi sürətli inkişaf tərəqqi yolunu davam etdirir. Azərbaycan xalqı 44 günlük müharibədəki parlaq Zəfərdən sonra müzəffər xalq kimi yaşayacaq. Bununla belə ölkəmiz özünəxas tolerantlığını, bəşəri dəyərlərə sadiqliyini yenə də nümayiş etdirəcək. Bu mənada Azərbaycanda dinc və rifah içində yaşamaq imkanı Qarabağda yaşayan ermənilərə də şamil olunur. Azərbaycan dövləti hər bir vətəndaşının olduğu kimi erməni əhalinin də təhlükəsizliyini təmin etməyə hazırdır.Azərbaycan dövləti dinc inkişaf yolunu davam etdirir və quruculuq sahəsində böyük addımlar atır. Bu addımların nəticələri isə işğaldan azad edilmiş ərazilərdə görülən işlərin timsalında qarşımıza çıxır. Dövlətimiz xalqın rifahı və gələcəyi naminə atılan addımları daim diqqətdə saxlayır, Azərbaycanın gələcəyinin təmini, qüdrətinin daha da artırılması üçün zəruri addımları atır. Bütün dünya tərəfindən qəbul edilən bir həqiqəti xatırladaq ki, Azərbaycan dövləti heç kimlə düşmənçilik etmədən dinc inkişafa meyl edir, bununla belə, mümkün təhlükələrə qarşı özünümüdafiə mexanizmlərini də daim təkmilləşdirir.

Fərid Mustafayev

YAP Yasamal rayon təşkilatı AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə