Brüssel görüşü çox effektivdir - POLİTOLOQ ŞƏRH ETDİ

“Avropanın siyasi mərkəzi Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sayca 3-cü dəfə keçirilən görüş də mühüm nəticələrlə yadda qaldı. Şarl Mişelin bəyanatlarında həm sülh müqaviləsi ilə bağlı olan gündəlik, eləcə də iqtisadi və nəqliyyat ilə bağlı fikirlər yer alır. Hümanitar sahədə olan məsələlərlə yanaşı həm də sərhədlərin delimitasiyası istiqamətində də bir sıra qərarların qəbul olunması diqqəti çəkir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, eyni zamanda xüsusi olaraq, vurğulanmalıdır ki, Brüssel görüşündən dərhal sonra Azərbaycan və Ermənistan liderləri sərhədlərlə bağlı komissiyanın tərkibini müəyyənləşdirdilər: "Bu komissiyanın sədrləri Azərbaycan-Ermənistan sərhəddində görüşdükdən sonra növbəti görüşün Brüsseldə keçirilməsi ilə bağlı anons da verildi. Bütün bunlar göstərir ki, Brüssel görüşü çox effektivdir. Heç bir vasitəçi olmadan tərəflər dövlət sərhədində görüşürlərsə, bu çox pozitiv məqamdır.

Siyasi dialoqun daha da genişləndirilməsinə ehtiyac var. Eyni zamanda həm iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması baxımından, həm də sərhədlərin delimitasiyası ilə bağlı olan məsələ yeni adamlara tapşırılıb. Azərbaycanda Baş nazirin müavini Şahin Mustafayevin erməni həmkarı ilə də uzun müddətdir ki, görüşləri keçirilir. Görünür ki, artıq məsələlər vahid formada tənzimlənir. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması həm də delimitasiya məsələsi ilə üst-üstə həll olunur. Bütün bunlar sülh prosesinə gedən ən mühüm amillərdir.

Düşünürəm ki, Brüssel formatının effektivliyi gələcək zamanda da özünü göstərəcək. Rusiyanın bu məsələlərdə mövcudluğu və varlığı hiss olunmaqdadır. Çünki Brüssel görüşündən sonra Rusiyanın xarici işlər naziri erməni və azərbaycanlı həmkarı ilə telefon əlaqəsi yaratmışdır. Sonrakı dövrlərdə Rusiyanın təklifləri də mütləq şəkildə irəli sürüləcək. Bunun əsnasında regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində addımlar atılacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə