Sülh müqaviləsinin bağlanmasına ümidlər bir qədər də artıb - DEPUTAT ŞƏRH ETDİ

“22 may 2022-ci il tarixində Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşma böyük əhəmiyyət daşıyır. Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılıması, sərhədlərin delimitasiyası və demakrasiyası prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu, bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin işğaldan azad edilmiş ərazilərdə mina problemi və Birinci Qarabağ müharibəsində itgin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğulayıb. Cənab Prezident 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib. Aşağıdakı nəticələrin əldə olunduğu qeyd olunub”.

Deputat sözlərinə belə davam edib: “Sərhəd məsələləri ilə bağlı sərhəd komussiyalarının yaxın günlərdə birinci iclasının dövətlərarası sərhəddə keçirilməsi razılaşdırılıb. Bu razılaşmanın reallaşdırılması üçün Azərbaycan tərəfindən müvafiq addım atıldı. Cənab Prezident İlham Əliyev tərəfindən 23.05 2022-ci il tarixdə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalanıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb. Kommunikasiya ilə əlaqədar dövlət başçıları nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəlinib. Sülh sazişi ilə əlaqədar hər iki dövlət başçısı Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyəcək gələcək Sülh müqaviləsinə dair müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bürüssel görüşüdə əldə olunan razılaşmalar ümumilikdə Azərbaycanın maraqlarına tam uyğun olduğunu göstərir. Bütün bular deməyə əsas verir ki, Aİ Vətən müharibəsi zamanı Azərbaycanın qələbəsi nəticəsində yaranmış yeni reallıqları qəbul edir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən balanslaşdırılmış, dərindən düşünülmüş strateji siyasət öz nəticələrini verir və keçirilən görüşdə əldə olunan razılaşmalar iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına ümidlər bir qədər də artmışdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə