Fondun gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanda ölkə rəhbəri cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət ölkənin hərtərəfli inkişafında öz töhfələrini verməkdədir və Azərbaycan dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputat Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycanın səsi dünyanın bir çox ölkələrindən gəlir: "Qlobal miqyaslı məsələlərin həllində ölkə Prezidentinin fikirləri, təklifləri nəzərə alınır. Bu onu deməyə əsas verir ki, Azərbaycanda daxili və xarici siyasət uğurla həyata keçirilir. Bu siyasətə, bu məsələlərə dəstək verən təşkilatlardan biri heç şübhəsiz Heydər Əliyev Fondudur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond yarandığı gündən etibarən bir çox həm ölkə daxili, həm də beynəlxalq səviyyədə Azərbaycanın müsbət imicinin formalaşmasında böyük rol oynamışdır. Mehriban xanım Əliyevin rəhbərliyi altında Fond saysız-hesabsız məktəblərin, uşaq evlərinin, baxçaların, parkların tikintisinə, yenidən qurulmasına göstərişlər vermiş, şəhid ailələrinin və qazilərin şəraitinin yaxşılaşdırılması üçün bir sıra vacib qərarlar qəbul etmişdir. Artıq insanlar Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna bir ümid yeri kimi baxır. Bu günə qədər Fond həm ölkəmizdə, həm də xaricdə, Avropada, Asiyada, Amerikada, Afrikada çoxsaylı xeyriyyə tədbirləri təşkil etmişdir. Mehriban xanım UNESCO və İSESCO-nun xoşəramlı səfiri kimi beynəlxalq humanitar dəyərlərə böyük hörmət edən və onun inkişafı üçün əlindən gələni əsirgəməyən bir siyasətçi, bir insan obrazı yaratmışdır.

Fond müharibə iştirakçıları, qazilər, şəhid ailələri, onların problemləri və digər qayğıları ilə yorulmadan maraqlanır və onlara xüsusi diqqət göstərirlər. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri davam edir. Bu gün Şuşanın və digər şəhərlərin, kəndlərin bərpası kimi ümummilli məsələlərə dövlətlə yanaşı Fond da xüsusi diqqət ayırır. Bu bölgədə görülən işlərə ümumi nəzarəti Heydər Əliyev Fondu həyata keçirir. Fondun gördüyü işlər xalqımız tərəfindən də yüksək qiymətləndirilir.

Fond həm də ictimai nəzarət xidmətini də həyata keçirir. Biz inamla deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan bu Fond, həmçinin Mehriban xanım Əliyeva Azərbaycan üçün, dövlətimizin hərtərəfli inkişafı üçün bir sıra vacib tədbirlər həyata keçirib. Bu gün artıq müzəffər, qalib xalqın Qarabağda və Şərqi Zəngəzurda gördüyü işlər onu göstərir ki, Azərbaycanda qeyri-hökümət təşkilatları, cəmiyyətlər, icmalar bir yumruq olaraq birləşib bu inkişafı daha da irəliyə aparır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə