Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir TƏHLİL

Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir TƏHLİL

Prezident İlham Əliyev: “Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur”

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən, məhz sözün əsl mənasında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev hər zaman 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.

“BU GÜNƏ QƏDƏR BU KATEQORİYADAN OLAN 10 MİNƏ YAXIN İNSAN MƏNZİLLƏRLƏ TƏMİN EDİLİB”

Bu gün dövlətin şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğısı Azərbaycanda tam fərqli formadadır. Bunu biz digər dünya ölkələri ilə müqayisə etməklə görə bilərik. Çünki bizdəki yanaşma çox spesifik formadadır. Şəhid ailələri, müharibə veteranlarına dövlətin maddi dəstəyi ilə yanaşı mənəvi dəstəyi də ən yüksək səviyyədədir. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı şəhid ailələrinə, Qarabağ müharibəsinin iştirakçıları və qazilərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur və bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir: «Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq».

Prezident müsahibə zamanı bu həssas kateqoriyadan olan insanlara göstərilən qayğının sırf Azərbaycanda aparıldığını bildirib: «Yəni, bir daha demək istəyirəm ki, bu, sırf bizim təşəbbüsümüzdür. Biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq. Əlbəttə, bu, böyük vəsait tələb edir. İndi hər kəs bilir ki, bir mənzilin qiyməti neçəyə başa gəlir və bu, büdcə üçün böyük bir yükdür. Amma biz bu yükün altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq».

Göründüyü kimi, şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Dövlətimizin başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da genişlənməsinə imkan verdi. Bunun nəticəsi olaraq, 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilməsi proqramı icra olundu. Beləliklə, ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Eyni zamanda, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri uğurla davam edir. 2021-ci ildə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin edilib və bu günədək 7400 müharibə əlilinə avtomobil verilib.Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra - postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində ciddi, orta hesabla 60 faiz artımlar edildi, yeni təqaüd növləri təsis olundu. Əməkhaqqında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə etdi. Ümumilikdə, 2018-2021-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artaraq 6,4 milyard manata çatıb.

YARALANANLARIN VƏ ŞƏHİD AİLƏLƏRİNİN TƏMİNATINA DƏSTƏK FONDUN - "YAŞAT" FONDUNUN 1 İLİ

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu təsis edilməsinə də diqqət yetirmək lazımdır. “YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdən bu günə qədər 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində 2 881 şəhidin ailə üzvləri, habelə 3100 yaralı olmaqla ümumilikdə 14 579 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, həmin şəxslərin müraciətinin icra olunması üçün öhdəliklər götürülüb.

Fondun fəaliyyət istiqamətləri üzrə 23 257 853.41 məbləğində vəsait xərclənib. Fond tərəfindən 3652 şəhid ailəsi üzvü və yaralının məişət şəraitinin yaxşılaşdırılmasına, 37 şəhid ailəsi üzvü və yaralının təhsil haqqının, 1004 şəhid ailəsi üzvü və yaralının istehlak kreditlərinin, 1319 şəhid ailəsi üzvü və yaralının isə tibb xidmətlərin ödənilməsinə vəsait ayrılıb.Eyni zamanda indiyə qədər dövlətimiz tərəfindən 89 Vətən müharibəsi qazisi müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, onlardan 26-sı sağalaraq geri qayıdıb. İndiyə kimi bu Fonda 65 milyona qədər vəsait toplanıb ki, həmin vəsaitdən 45 milyon manat şəhid ailələrinə və qazilərə xərclənib. Ötən il dekabrın 8-də - Vətən müharibəsindən sonra şəhid ailələrinə və yaralılara dəstək məqsədilə ASAN Xidmətin nəzdində "YAŞAT" Fondunun yaradılmasının 1 ili tamam olur. Fonddan verilən hesabatda deyilir ki, 2021-ci il dekabrın 2-dək Fonda 65 milyona yaxın vəsait daxil olub. 2916 şəhid ailəsi üzvləri və 4946 yaralı olmaqla ümumilikdə 16 min 348 nəfərlə görüş keçirilib və ehtiyacları qeydə alınıb.10 min 781 şəxsin 15 min 644 müraciəti icra olunub.

Şəhid ailələrinin və yaralıların ehtiyaclarına 49 milyon 54 min 136 manat 86 qəpik pul xərclənib. 15 milyon 719 min 626 manat 91 qəpik hələlik istifadə olunmamış qalıb. Xərclənən vəsaitdən 32 milyon 173 min 789 manat 50 qəpik məişət şəraitinin yaxşılaşdırılmasına, 445 min 228 manat 51 qəpik təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 milyon 395 min 854 manat 57 qəpik istehlak kreditlərinin və başqa borc öhdəliklərinin qarşılanmasına, 11 milyon 39 min 264 manat 28 qəpik isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 137 və yaralıların 20 müraciəti olmaqla ümumilikdə 157 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 min AZN vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 63 şəxsin ödənişi Fond tərəfindən, 60 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb. Bundan başqa, martın 18-dən 21-əki “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 manat dəyərində 4000 qutu Novruz sovqatı paylanılıb.

Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır. Sərəncama uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9670 mənzil və fərdi ev verilib.Bir sözlə, yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə