Bu gün buna təkcə iki ölkənin yox, bölgənin ehtiyacı var - SİYASİ EKSPERT AÇIQLADI

““Teknofest” festivalına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dəvət edilməsi və onun bu festivalda gözlənilən iştirak əhəmiyyətli hadisədir. Bu tip festival iki ölkənin həm hərbi əməkdaşlığının, həm də Azərbaycanın hərbi potensialının nümayiş etməsində çox böyük rol oynayacaq”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərləri həmişə müəyyən yeniliklərlə müşahidə olunur: ““Teknofest” festivalında Rəcəb Tayyib Ərdoğanın iştirakı iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi üçün yeni addımların atılacağını əsas verir. Düşünürəm ki, Ərdoğanın Azərbaycana səfəri zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni layihələrə imza atılsın. Bunu bu gün Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf mənafeləri tələb edir. Eyni zamanda bölgəmizdə sülhün və təhlükəsizliyin perspektiv maraqları iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsindən çox asılıdır.

Aydın Quliyev sözlərinə davam edərək həmçinin qeyd edib ki, heç kim inkar etmir ki, Türkiyə-Azərbaycan tandemi bu gün bölgəmizdə sülhün və təhlükəsizliyin ən böyük təminatçılarından bəlkə də birincisinə çevrilib: “Məhz bu tandemin qarşısında Ermənistanın bölgədəki pozuculuq fəaliyyəri xeyli dərəcədə aşağı düşüb. Əslində Ermənistanın pozuculuq potensialı demək olar ki, sıfırdır. Amma nəzərə alsaq ki, sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi, münasibətlərin normallaşdırılması sahəsində Ermənistanın tutduğu mövqe perspektivə optimist baxmağa əsas vermir. Ərdoğanın ölkəmizə səfəri zamanı Azərbaycan ilə strateji əməkdaşlıq nöqteyi-nəzərdən yeni layihələrin və ideyaların ortaya çıxmasına səbəb ola bilər. Bu gün buna təkcə iki ölkənin yox bölgənin ehtiyacı var”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə