"Paşinyanın Rusiyaya səfərləri artıq mütəmadi xarakter alıb. Bu dəfəki səfər isə sırf KTMT-nin toplantısı ilə bağlı səfər idi, amma Paşinyan bu toplantıdan belə istifadə edərək Qarabağ məsələsi ilə bağlı fikir formalaşdırmağa cəhd etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan KTMT-nin üzvü olmasa da bizlər təbii olaraq həmin toplantını diqqət mərkəzində saxladıq. Çünki, Ermənistanın o qurumda təmsil olunması və Paşinyanın dəfələrlə həmin qurumdan Azərbaycana qarşı istifadəyə cəhd etməsi bu toplantıları və orada qəbul olunan qərarları daim diqqətdə saxlamağı şərtləndirir.
Erməni baş nazirin yeni savaş olacağı təqdirdə, KTMT-nin bu dəfə Ermənistana dəstək verəcəyinə ümid bəslədiyini deməsi, rəsmi İrəvana hansısa vədlər verildiyini göstərir. Paşinyan Moskvada keçirilən son sammitdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını ifadə edib. O çıxışında KTMT-nin 44 günlük müharibədə Ermənistanın gözləntilərini doğrultmadığını bildirib və qeyd edib ki, KTMT, Kollektiv Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən 2010-cu il 10 dekabr tarixli böhranlı vəziyyətlərə reaksiya barədə sənədə uyğun hərəkət etməyib: “Təəssüf ki, təşkilat Ermənistan Respublikasının gözlədiyimi kimi, reaksiya vermədi”.
O daha sonra KTMT-yə üzv olan ölkələr tərəfindən Azərbaycana silah satışı ilə bağlı məsələni də qaldırdıqlarını əlavə edib: “Düzünü desək, KTMT-yə üzv ölkələrin 2020-ci ildə 44 günlük müharibə zamanı və müharibədən sonrakı dövrdə reaksiyaları Ermənistanı və erməni xalqına çox da şad etmədi”.
Səfərin regiona və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərə təsirinə gəldikdə isə qeyd etməliyəm ki, biz Paşinyanın Moskvaya hər səfərdən sonra onun ritorikasında müəyyən dəyişikliklər baş verdiyinə şahidlik edirik.
Xatırlayırsınızsa bir ay bundan qabaqkı səfərdən sonra onun əvvəlki mövqedən fərqli açıqlamalar verdiyini gördük. Əslində, Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya aprel səfərindən sonra rəsmi İrəvanın məhz belə davranacağı ilə bağlı ehtimallar mövcud idi. Və erməni baş nazirin Ermənistana dönüşündən sonra verdiyi açıqlamaların məzmunu da bu ehtimallara inandırıcı görüntülər qatırdı. Həmin vaxt Paşinyan Kremldə Rusiya prezidenti Vladimir Putinin sərt təzyiqləri ilə üzləşmişdi. Erməni baş nazirə Brüssel anlaşmalarının icrasına Rusiyanın verə biləcəyi reaksiya izah edilmişdi. Ondan birmənalı şəkildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmalardan kənara çıxılmaması tələb olunmuşdu.
Şübhəsiz ki, Ermənistan da Kremlin tələblərinə müqavimət göstərə bilmədiyindən Kremlin təlimatlarını yerinə yetirməyə məhkum oldu. Belə ki, baş nazir Nikol Paşinyanın Moskvaya aprel səfərindən öncə Azərbaycanın sülh sazişinin hazırlanması üçün gündəmə gətirdiyi və beynəlxalq hüquq normalarından qaynaqlanan 5 şərti qəbul etmişdi. Erməni baş nazir geri döndükdən sonrasa, rəsmi İrəvan artıq özü də 6 şərt irəli sürmək qərarına gəldi. Və böyük ehtimalla Paşinyan hakimiyyətinin mövqeyindəki bu dəyişiklikdə Rusiyanın Ermənistanda revanşist müxalifəti küçələrə çıxartmasının da rolu olmamış deyil.
Başqa sözlə desək fakt ondan ibarətdir ki, rəsmi İrəvan Rusiyanın maraqlarından çıxış edərək, Azərbaycan və Ermənistan arasında hərbi gərginliyin qalmasına üstünlük verir. Ermənistan sülh sazişi hazırlanması prosesini uzatmağa yönəlik mövqe tutmağa başlayıb.
Təbii ki, rəsmi İrəvanın bu cür mövqe sərgiləməsi Paşinyan hakimiyyətinin Brüssel anlaşmaları ilə ümidverici mərhələyə keçmək şansı qazanmış sülh sazişinin hazırlanması prosesinin pozulmasına cəhddən başqa bir şey deyil. Belə anlaşılır ki, rəsmi İrəvan Kremlin təzyiqləri hərbi-siyasi qarşıdurmanın davam etdirilməsinə çalışır.
İndi də səfər zamanı keçirilən sammitdə KTMT-ni rəsmi İrəvanın müraciətinə reaksiya verməməkdə, Ermənistanı Azərbaycan qarşısında müdafiə etməməkdə qınayaraq, növbəti dəfə KTMT-nın fərqli davranacağına ümid bəsləməsini deməsi ortaya müəyyən sullar çıxarır. Növbəti dəfə dedikdə nə nəzərdə tutulur? Ermənistan yeni müharibəyəmi hazırlaşır?
Əgər söhbət kimlərinsə diqtəsilə yeni savaşa başlamaqdan gedirsə və bu dəfə KTMT qoşunlarının onlara dəstək verəcəyinə ümid edirlərsə bilməlidirlər ki, əvvəla KTMT NATO üzvü olan Türkiyənin müttəfiqi Azərbaycanla hərbi qarşıdurmaya qətyiyyən getməz, ikincisi isə “Rus NATO-su”na olan belə boş ümidlər Ermənistanı növbəti dəfə məğlub olacağı savaş təhlükəsinə doğru sürükləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə