Artıq zaman Rusiyanın xeyrinə işləmir - POLİTOLOQ ŞƏRH ETDİ

Artıq zaman Rusiyanın xeyrinə işləmir - POLİTOLOQ ŞƏRH ETDİ

“Əvvəla qeyd edim ki, hər keçən gün Rusiyanı Ukraynada daha dərin bataqlığa sürükləyir. Artıq zamanın Rusiyanın xeyrinə işləmədiyi dəqiqdir. Ən azı ona görə ki, hər bir ötən gün Rusiya üçün geridönməsi mümkün olmayan canlı qüvvə və maddi-texniki itkilər deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, üstəgəl sanksiyalar səbəbilə, həm də maddi baxımdan böyük çətinliklər var: “Ukraynanın isə belə problemi demək olar ki, yoxdur. Çünki Qərb, NATO, Avropa Birliyi bütünlüklə Ukraynaya dəstək verir və nəticə etibarilə Ukraynanın nə silah, nə də maliyyə baxımından hər hansı problemi yoxdur. Mayın 11-də isə ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqlədi. Bundan əlavə prezident Bayden də çoxdan gözlənilən “Len-Liz” qanununu imzalayıb ki, bu da Ukraynanın icarə yolu ilə külli miqdarda yeni silahlarla təmin olunmasını asanlaşdıracaq.
Rusiya-Ukrayna müharibəsindəki son duruma nəzər salsaq görərik ki, Rusiya tədricən də olsa əvvəl işğal etdiyi mövqelərindən geri çəkilir. Müharibənin ilk ongünlüyü ilə müqayisədə Rusiyanın mövqelərinin xeyli zəiflədiyinin şahidiyik. Belə ki, az qala paytaxta qədər irəliləmiş rus qoşunları nəinki Kiyevi işğal edə bilmədilər, hətta Xarkovu belə əllərində saxlaya bilmədilər. İlk olaraq öz qoşunlarını qorumaq məqsədilə Kiyev ətrafından geri çəkilən ruslar Donbas istiqamətində qüvvə cəmləyərək aktiv hücuma keçsələr də bu da uğurlu olmadı. Ümumiyyətlə son məlumatlardan aydın olur ki, həm Mariopol, həm Donetsk istiqamətində Rusiya tərəfi xeyli sayda itki verərək mövqelərindən geri çəkilmək məcburiyyətində qalıb.
Rusiyanın çox itki verməsi həm də küçə döyüşləri ilə əlaqədardır. Hələ də Rusiyanın nəzarətində olan ərzilərdə ayrı-ayrı hərbi birləşmələrin və yerli xalqın müqavimət göstərməsi Rusiyanın itkilərini artırır.
Ukraynanın hər keçən gün Rusiya qarşısında daha üstün mövqedə olmasını şərtləndirən ən mühüm amil isə xalqın inamı və öz torpaqları uğurunda sonacan mübarizə aparmaq əzmidir. Məhz bu inam və əzmin nəticəsidir ki, Ukrayna Milli Qvardiyasının "Azov" alayının uzun müddətdir ki, “Azovstal” zavodu ərazisində mühasitrədə qalmasına, ərzaq, sursat çatışmazlığı ilə üzləşməsinə və çoxlu sayda yaralısının olmaına baxmayaraq zavodun ərazisində Rusiya hərbçilərini darmadağın edir və artıq rusları ələ keçirdiyi bir çox mövqelərdən vurub çıxarmağa müvəffəq olublar.
Bütün sadalananlar onu deməyə əsas verir ki, Rusiya Ukraynaya qarşı müharibədə dalana dirənib. Döyüşlərin nə ilə nəticələnəcəyini və ümumiyyətlə Rusiyanın Ukraynaya müdaxiləsinin nə ilə bitəcəyini dəqiq demək mümkün olmasa da bir şey dəqiqdir ki, Rusiya–Ukrayna müharibəsi Rusiyanın iqtisadi cəhətdən çökməsi, beynəlxalq birlikdən təcrid olunması ilə nəticələnəcək və ən çox uduzan da Rusiya olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə