"Rusiyanın bu müharibədən qalib ayrılmayacağı gün kimi aydındır" - POLİTOLOQ AÇIQLADI

"Rusiyanın bu müharibədən qalib ayrılmayacağı gün kimi aydındır" - POLİTOLOQ AÇIQLADI

"Rusiya fevral ayının 24-dən etibarən Ukraynaya qarşı müharibə aparır. Sadəcə olaraq indiyə qədər bunun adını hərbi əməliyyatlar qoymuşdu. Bundan sonra adın dəyişdirilməsi və müharibə elan olunması prinsip etibarilə mahiyyəti dəyişmir və böyük miqyasda qeyri-adi dəyişikliklərə də səbəb olmayacaq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşd Bayramov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı hücumda onsuz da nüvə silahı istisna olmaqla öz arsenalındakı bütün silahlardan istifadə edir: "Odur ki, indi müharibə elan olunması ilə nəyinsə dəyişcəyini də gözləməyə dəyməz. Adın nə olmasından asılı olmayaraq istənilən halda bu işğal aktıdır və o indi yox, Rusiya tərəfindən Krımın ələ keçirilməsindən etibarən başlayıb.
Digər bir tərəfdən Putinin müharibə elan edəcəyi ilə bağlı iddialar öz təsdiqini taparsa bu Rusiya üçün əks effekt də verə bilər. Belə ki, bu fakt artıq uzun mənzilli silahlara malik olan Ukraynaya müharibə elan etmiş ölkənin, yəni Rusiyanın ərazilərini vurmaq imkanı tanıya bilər. Rusiya düşünürdü ki, Krımı işğalı zamanında olduğu kimi qısa vaxt ərzində Kiyevi və digər iri şəhərləri ələ keçirərək Ukraynanı öz nəzarəti altına sala biləcək. Bunun mümkün olmadığını başa düşdükdə isə artıq gec idi, belə ki, Ukraynaya qarşı atdığı addımlar Moskvanı bütün dünya qarşısında işğalçı duruma salmışdı. Rusiyanın işğal siyasəti ən çox Qərbin, Birləşmiş Ştatların əlini gücləndirdi və uzun müddətdir ki, Rusiyanın çökdürülməsi üçün fürsət axtaran beynəlxalq güclərə hərəkətə keçmək imkanı verdi. Nəticə etibarilə indiyə qədər görünməmiş həcmdə, beş mindən yuxarı sanksiyanın tətbiqi də Rusiyanın çökdürülməsi planının tərkib hissəsidir və görünən odur ki, sanksiyaların sayı və əhatə dairəsi bundan sonra da artan istiqamətdə davam edəcək. İlkin hesablamalara görə hələ sanksiyaların öz təsirini tam olaraq göstərmədiyi halda belə Rusiyanın iqtisadiyyatının bərpası üçün on ildən artıq vaxt tələb olunur".

Politoloq həmçinin qeyd edib ki, Rusiyanın istənilən halda bu müharibədən qalib ayrılmayacağı gün kimi aydındır: "Hətta Rusiya Ukraynanın iri şəhərlərini ələ keçirsə belə, nəticə bəllidir. Çünki müharibədə təkcə bu və ya digər ərazini tutmaqla qalib olmaq mümkün deyil, əsas odur ki, o əraziləri əlində saxlamaq gücündə olasan. Rusiyanın isə belə bir gücü yoxdur. Sanksiyalar səbəbilə hər gün zəifləyən və hətta defolt həddində olan bir ölkənin uzun müdət hansısa əraziləri işğal altında saxlaması və ordunun təchizatını təmin etməsi mümkün deyil. Digər tərəfdən müharibənin uzun müddətli xarakter alması partizan hərəkatının başlanmasına rəvac verər ki, bu da Rusiyanın onsuz da böyük olan itkilərinin daha da artmasına şərait yaradar.
Rusiyanın artıq məğlub olduğunu şərtləndirən digər bir amil də müharibəyə başlamazdan əvvəlki mövqelərinin zəidləməsi ilə bağlıdır. Xatırlayırsınızsa ABŞ və NATO qarşısında təhlükəsizlik zəmanəti ilə bağlı şərtlər qoyan Rusiyanın əsas tələbləri NATO-nun şərqə doğru irəliləməsinin qarşısının alınması və Rusiya sərhədlərindəki ərazilərdən hərbi texnika və qoşunları çıxarması ilə bağlı idi. Amma nəticədə o oldu ki, NATO Rusiyanın Ukraynaya təcavüzünü əsas gətirərək təkcə bu ölkənin silah və hərbi texnika ilə təminatını deyil, eləcə də digər Şərqi Avropa ölkələrinin də müdafiəsi istiqamətində konkret addımlar atdı. Bu gün Rusiya sərhəddindəki Avropa ölkələrində olan NATO qoşunlarının və hərbi texnikanın sayının müharibədən qabaqkı dövrlə müqayisədə qat-qat artdığı artıq heç kimə sirr deyil. Başqa sözlə desək NATO-dan öz qoşunlarını qərbə çəkməyi tələb edən Putinin Ukraynaya hücumu bunun əksi olan prosesə səbəb oldu.
Bütün sadalananlar onu deməyə əsas verir ki, bu müharibənin qalibi birmənalı şəkildə Rusiya olmayacaq. Amma Ukraynanın özünü də qalib olaraq görmək düzgün olmazdı. Şəhərləri, infrastrukturları dağıdılmış, iqtisadiyyatına ciddi zərər dəymiş və minlərlə insanını itirmiş bir ölkəni qalib adlandırmaq təbii ki, mümkün deyil. İlkin hesablamalara görə müharibə nəticəsində Ukraynaya dəymiş ziyanın ümumi həcmi bir trilyon dollara yaxındır və müharibədən əvvəlki vəziyyətinə qayıtmaq üçün bu ölkəyə on illərlə vaxt lazım olacaq. Odur ki, bu müharibənin qalbi yalnız uzun illərdir ki, Rusiyanın çökdürülməsi istiqamətində çalışan ABŞ və onun müttəfiqləri olacaq.
Bütün bunları görə-görə Rusiya açıq şəkildə müharibə elan edə bilərmi? Düşünürəm ki, bu mümkündür. Birincisi ona görə ki, müharibənin elan olunması Putinə Rusiya ordusunun Ukraynadakı itkilərinin yerini doldurmaq üçün səfərbərlik elan etmək imkanı verər. İkincisi və ən vacibi isə müharibənin elan olunması Putinə müharibə vəziyyətini bəhanə gətirərək daha sərt idarəçiliyə keçmək, ölkədə günü-gündən artan narazılıqları yatırmaq imkanı tanıya bilər. Hər gün sərtləşən sanksiyalar səbəbilə əhalinin yaşayış səviyyəsinin pisləşməsi etiraz dalğasını gücləndirə bilər və bu etirazların yatırılması üçün müharibə vəziyyətinin elan olunmasını Putin müvəqqəti də olsa çıxış yolu kimi görə bilər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə