Azərbaycan və Qırğızıstan münasibətləri hansı səviyyədədir? - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Bu da təbiidir. Çünki biz qırğızlarla eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikik. Bundan başqa bizi həmçinin dil və din eyniliyi də birləşdirir". Bu sözləri SİA-ya açıqlasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, hər iki ölkə hələ SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar: "Elə həmin dövrdə də aramızda iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur. 1997-ci il aprelin 23-də Qırğızıstan prezidenti Əsgər Akayev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəvəti ilə Azərbaycana ilk rəsmi səfəri zamanı isə artıq bir sıra sahələr üzrə sənədlər imzalanmışdı. Bura iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında saziş, turizm sahəsində əməkdaşlıq haqqında sazişlər də daxil olmaqla müxtəlif sahələri əhatə edən 14 sənəd daxil idi. Daha sonra 1998-ci il sentyabrın 7-8-də Bakıda keçirilən TRACECA proqramı çərçivəsində "Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə əsas çoxtərəfli saziş" (əsas saziş) və onun texniki əlavələri imzalanıb. Davam edən münasibətlər nəticəsində 2 iyun 2004-cü ildə "Azərbaycan və Qırğızıstan arasında hərbi sahədə əməkdaslıq haqqında saziş" imzalanıb.
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dəvəti və artıq baş tutmuş səfər isə iki ölkə arasında olan münasibətləri daha bir üst səviyyəyə daşımaq məqsədi daşıyırdı və buna da nail olundu. Görüşlərdə qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı müzakirələr aparıldı və artıq məlum olduğu kimi bu gün prezidentlər arasında keçirilən təkbətək görüşdən sonra geniş tərkibdə görüş də keçirildi və müxtəlif sahələr üzrə sənədlər imzalandı.
“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”, “Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, “Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikası İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında saziş”, “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş”, “Antiinhisar Tənzimlənməsi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum”, “Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”, “Əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Maliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanan sənədlər içərisindədir.
Göründüyü kimi imzalanmış sənədlər özündə müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarını ehtiva edir və heç şübhəsiz ki, bu səfər münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB