ATƏT-in Minsk Qrupunun həmsədrlər formatı faktiki olaraq yoxdur - SİYASİ EKSPERT AÇIQLADI

ATƏT-in Minsk Qrupunun həmsədrlər formatı faktiki olaraq yoxdur - SİYASİ EKSPERT AÇIQLADI

"ATƏT-in Minsk Qrupu ilə Azərbaycanın hazırkı münasibətlərində hər hansı bir işgüzar xarakter yoxdur. Ümumiyyətlə Minsk Qrupunun son 28 ildə Azərbaycan ilə münasibətlərdə yeganə işlək formatı olan həmsədrlik formatı da faktiki surətdə mövcud deyil". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, fəaliyyətdə olduğu 28 ildə həmsədrlər formatı ortaya hər hansı bir real iş qoymadığına görə, Azərbaycan məcbur qalaraq öz məsələsini özü həll etdi. Müharibədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun iki həmsədrini və Rusiyanın səfirini onların xahişi ilə qəbul edərək açıq şəkildə qəbul edərək müharibədən sonra Minsk Qrupunun həmsədrlər formatına Qarabağ münaqişəsinin həllindən sonrakı mərhələdə qalan məsələlərin həllinə ehtiyac yoxdur. Çünki qalan məsələləri isə başqa format çərçivəsində həll etmək olar və Azərbaycan Minsk Qrupu və onun həmsədrlik formatı üçün tamam başqa bir çərçivədə fəaliyyət perspektivlərini təqdim etdi.

Azərbaycan onlara təklif etmişdi ki, əgər, ATƏT-in Minsk Qrupu və onun həmsədrlik formatı Dağlıq Qarabağ münaqişəsinin həllindən sonrakı məsələlərin həllində iştirak etmək istəyirsə, bu məsələlər Ermənistan cəmiyyətini sülhə hazırlamaqdan, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsindən və revanşist meyllərin Ermənistanda güclənməsinin qarşısını almaqdan ibarətdir.

Təəssüf ki, Minsk Qrupu tərəfindən bu məsələ ilə bağlı hər hansı bir reaksiya gəlmədi. Artıq Minsk Qrupunun həmsədrlər formatının iki ölkəsi birinə qarşı birləşərək onu qrupdan kənarlaşdırıblar. Artıq həmsədrlər formatının birgə işləməsi qeyri-mümkündür. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa Birliyinin fəallaşdığını görürük. ATƏT-in Minsk Qrupunun həmsədrlər formatı faktiki olaraq yoxdur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə