Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi - TƏHLİL

Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi - TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək

Sənət yaranan əsərlərin fövqündə uca və əzəmətli görünür. Xalqın mədəni irsinə çevrilən sənət əsərləri bir amala xidmət göstərir: xalqa və onun mədəniyyətinə, incəsənətinə. Azərbaycan sənət tarixində bu amalla çalışan kifayət qədər yaradıcı simalar olmuş, bu gün də var. Belə simalara dövlətimiz tərəfindən hər zaman diqqət ayrılmış və onların yaradıcılıq nümunələrinin dünyada tanıdılması, tədqiqi və təbliği, eləcə də gənc nəslə aşılanması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Azərbaycan bəstəkarlıq məktəbindən qidalanıb, çoxşaxəli yaradıcılıq üslubunu təqdim edən sənətkarlar sırasında yeri, rolu, mövqeyi olan xalq artisti Rauf Hacıyevin yaradıcılıq dünyasına hər zaman diqqət ayrılmış, həssaslıqla yanaşılmışdır. Bu il - 2022-ci ilin may ayında görkəmli bəstəkarın 100 illiyi tamam olur. "Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı sənət xadimlərinə ayrılan diqqətin daha bir təzahürüdür. Sərəncama əsasən, görkəmli bəstəkarın Azərbaycanda musiqi mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətləri nəzərə alınaraq Mədəniyyət Nazirliyi tərəfindən 100 illik yubileylə bağlı tədbirlər planı hazırlanıb həyata keçiriləcəkdir.

Bəstəkar Rauf Hacıyev musiqi sahəsində çoxşaxəli fəaliyyət göstərərək ölkəmizdə operetta və balet janrlarının inkişafında mühüm rol oynayıb, mahnılar müəllifi kimi geniş şöhrət qazanıb. Onun tərcümeyi-halına nəzər salsaq görərik ki, bəstəkar 1922-ci ilin mayın 15-də dünyaya göz açıb. O, Azərbaycan professional musiqisinə müxtəlif mövzulu operettaları, "Gənclik" simfoniyası, skripka ilə simfonik orkestr üçün konserti, bir-birindən gözəl çoxlu estrada mahnıları ilə daxil olmuşdur. Bəstəkarın musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Həsən bəy Zərdabinin qızı əməkdar müəllim Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış R.Hacıyevin bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyli mühüm rolu olub. Belə ki, Raufun fortepiano üçün pyeslərini "Tarantella", "Dağıstan" və "Ləzgihəngi"ni dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmiş və onunla il yarım məşğul olandan sonra o, "Samur", "Mingəçevir", "Gənclik marşı" kimi əsərlərini bəstələmişdir.

MİLLİ MOTİVLƏRLƏ MÜASİR ÜSLUBUN VƏHDƏTİNDƏ YARANAN VƏTƏNPƏRVƏR RUHLU MAHNILAR

İlk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb etmiş, bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında bir çox mahnıları daha çox populyarlıq qazanmışdır. Bu silsilədən olan mahnıları "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" ona daha böyük şöhrət gətirmişdir. Sadaladığımız həmin mahnılar bu günümüzdə də müxtəlif nəsillərdən olan ifaçıların repertuarını zənginləşdirir. Klassikliyini qoruyub saxlayan mahnılar bəstəkarı daha da populyarlaşdırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır.
Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. R.Hacıyevin yaradıcılığında teatr tamaşalarına və filmlərə yazdığı musiqiyə də yer verilmişdir. Bəstəkar on beşə qədər filmə musiqi yazmışdır. Onlardan bir neçəsini xatırladaq: "Əhməd hardadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.

MƏŞHUR OPERETTALARIN MÜƏLLİFİ

Görkəmli bəstəkar 7 operettanın müəllifidir. Təqdirəlayiq haldır ki, onlardan beşi məhz Moskva Dövlət operetta teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapmışdır. Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb - desək, düz olar. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-birilə üzvi surətdə birləşir. Onun operettalarının mövzularını isə ən çox adamlarımızın gündəlik həyatı təşkil edir.

R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası "Romeo mənim qonşumdur" əsərindir. Həmin əsər əvvəl Bakıda "Qonşular" adı ilə getmişdir. Əsər Moskvanın operetta teatrında müvəffəqiyyətlə göstərildikdə tamaşanın quruluşçu rejissoru A.Zaks operetta haqqında belə demişdir ki, bu Azərbaycan operettasını teatrımızın repertuarına salmağa bizi sövq edən onun mövzusunun yeniliyi və müasirliyi, R. Hacıyevin coşqun musiqi dili, sırf milli koloriti, əsl mənada müasir musiqi dilidir.

O da diqqətəlayiqdir ki, "Romeo mənim qonşumdur" operettası keçmiş SSRİ respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülmüşdür. Qeyd edək ki, "Romeo mənim qonşumdur" operettası 23 teatr səhnəsində tamaşaya qoyulmuşdur. Operettanı "Azərbaycanfilm" studiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırmışdır.

R.Hacıyevin maraqlı operettalarından biri "Mənim məhəbbətim - Kuba"dır. Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" operettalarıdır. Qeyd edək ki, "Dördüncü fəqərə" Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılmışdır. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi - ictimai qayəli operetta yaratmağa nail olmuşdur.

Təqdirəlayiq haldır ki, "Qafqaz əsiri" operettasının Moskva operetta teatrında tamaşa təcəssümündə iştirak edən yaradıcı heyət əsasən, azərbaycanlılardan ibarət idi. Rejissor - Fikrət Sultanov, rəssam - Adil Quliyev, baletmeysterlər - Rəfiqə Axundova və Maqsud Məmmədov, dirijor - Elmar Abusəlimov. 70-ci illərin sonunda R.Hacıyevin daha bir yeni operettası "Ana mən evlənirəm" Moskva operetta teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır. Operetta janrının başlıca xüsusiyyətlərini dərindən bilən R.Hacıyev "Yolayrıcında" əsərini də yüksək zövqlə yazmışdır. Bu operettanın musiqisi demək olar ki, Qafqaz xalqlarının milli musiqi folkloruna əsaslanır.

R.Hacıyevin axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ordan-burdan" əsəridir. Xüsusi olaraq Azərbaycan televiziyası və radio verilişləri şirkətinin sifarişi ilə yazılmış və televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə oldu.

Operetta janrında çalışmaqla yanaşı, R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınamışdır. 60-cı illərdə o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür - "Ləzgihəngi" və "Yallı"nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla acıb göstərə bilmişdir.

MÜBARİZ RUHDAN YARANAN MUSİQİ ƏSƏRLƏRİ

1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.

Əlcəzairdə işlərkən R.Hacıyev eyni zamanda, bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı açıldıqdan sonra orada milli musiqi teatrı da fəaliyyət göstərirdi. Bu milli teatr kollektivi üçün ilk baleti R.Hacıyev özü yazır. "Üç inqilab" adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnib. İlk baletin uğurlarından ruhlanan Hacıyev, bir ildən sonra ikinci baletini tamamlayır. "Alov" adlanan bu balet də inqilabi mövzuda yazılmışdır. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır. Bu əsər Əlcəzair inqilabının tarixinə həsr olunmuşdur. Tamaşanın özünəməxsus musiqisi də diqqəti çəlb edir. "Alov" baletini teatrın truppası Tunis, Mərakeş, Paris, Havanada göstərmişdir. "Hürriyyət" bəstəkarın üçüncü baletidir. Əsər Əlcəzairin bu günündən, yeni həyat quruculuğundan bəhs edir. Müəllif yazırdı: "Ən əvvəl mən musiqi folklorunun öyrənilməsinə başladım. Ölkə üzrə səyahət zamanı tanınmış müğənni və instrumental musiqiçilərlə görüşlər, xalq mahnılarının öyrənilməsi və təhlili mənə bu materialı mənimsəməyə kömək etdi.

Onu da deyək ki, R.Hacıyev 60-cı illərdən başlayaraq ictimai işlərdə də fəal çalışmışdır. O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır.

Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında o, idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilmişdir.

Azərbaycan professional musiqisinin görkəmli bəstəkarı dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. Onun əsərləri klassik və ölməzdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə