Ermənistan seçim qarşısında - TƏHLİL

Ermənistan seçim qarşısında - TƏHLİL

Bu vaxta qədər Ermənistanın hansısa bir mövqedə qaldığının kimsə şahidi olmayıb və bu işğalçı ölkənin hər zaman ikibaşlı oyunlar oynadığı hər kəsə bəllidir. Bir tərəfdən Qərbə, digər tərəfdən isə Rusiyaya meyl edən ermənilər hər zaman özləri üçün bir arxa, dayaq axtarışında olublar. Bu işğalçı ölkənin məqsədi iyanələr almaq və işğalçılıq siyasətinin kimlərsə tərəfindən dəstəkləndiyinə əmin olmaq olub, amma rəsmi İrəvan hansı tərəfdən dəstək ala biləcəyini hələ də təyin edə bilməyib. Əksinə, hansısa mənada dəstəyin olacağı belə bu ölkədə şübhə ilə qarşılanır və ona görə də ümidi kəsilən Ermənistanın seçim qarşısında qaldığı günün reallığıdır.

Artıq ermənilər Rusiyanın bölgədə söz sahibi olmasına, eləcə də imkanlarına inanmadığını nümayiş etdirir və belə görünür ki, onlar hətta rusları qıcıqlandırmağa belə cəhd edirlər. Əsasən də sülh danışıqları prosesində Rusiyanın rolunu şübhə altına aldığını nümayişkəranə şəkildə göstərən ermənilər bununla ABŞ-ın, Qərbin diqqətini cəlb etmək istəyirlər. Ermənistan hakimiyyətinin Brüssel görüşünə həssa yanaşma nümayiş etdirməsi də bu səbəbdən idi. Təsadüfi deyildi ki, Rusiya tərəfi buna dərhal reaksiya da verdi və məhz Lavrovun İrəvana mesajları da bunun əks-sədası sayılır. Çünki, Lavrov Ermənistan tərəfini çox yaxşı tanıyır və bilir ki, ermənilərin Qərbə meyl etməsində məqsəd daha güclü himayə qazanmaqdan, dəstək almaqdan ibarətdir və əgər onlar buna ümid edirlərsə, deməli artıq ruslara xəyanət etməyə çoxdan hazırdırlar.

Moskvada Lavrovun öz həmkarı Mirzoyana, eləcə də birbaşa rəsmi İrəvana mesajlar göndərməsindən belə məlum oldu ki, hal-hazırda Ermənistanın məhz Brüssel görüşünün nəticələrinə sadiq qalacağı görüntüsünü yaratdığını müşahidə etmək belə Rusiya üçün heç də qəbuledilən deyil. Əlbəttə, Lavrov başa düşür ki, sərhədlərinin qorunması məsələsində Ermənistana dəstək göstərəcəyini vəd etsə də ermənilər Brüssel görüşünün nəticələrini arxa plana keçirmək fikrində deyil və bu heç də görüşün nəticələrinə sadiqlik ifadəsi deyil, sadəcə himayədar axtarışıdır. Bu hal isə Ermənistanın ikibaşlı oyunu barədə Rusiya tərəfinin məlumatlı olması anlamına gəlir. Ruslar yaxşı bilirlər ki, Ermənistanın mövcud hakimiyyəti Rusiyanın Cənubi Qafqazda hansısa perspektivə malik olmasına şübhə ilə yanaşır və istənilən anda ermənilər öz böyük qardaş adlandırdıqlarını Qərbin ayağına verə, sata bilərlər.

Görünən də odur ki, Brüssel görüşünün ardınca Ermənistan tərəfi Azərbaycanla münasibətlərdən, ikitərəfli və birbaşa təmaslardan qaçmır, boyun qaçırmır. Baxmayaraq ki, bu hal Rusiyanı qane etmir, amma Azərbaycan və Ermənistanın xarici işlər nazirləri telefon əlaqəsi yaradaraq sərhədlərin delimitasiyası məqsədi ilə ikitərəfli kamissiyanın yaradılmasını müzakirə ediblər, hətta ölkələr arasında yekun sülh sazişinin hazırlanması məsələsi də müzakirə predmeti olub. Bu isə ondan xəbər verir ki, Ermənistan tərəfi artıq Rusiyanın, yaxud Qərbin olması fonunda belə çıxılmaz vəziyyətə düşdüyünün fərqindədir. Bu o demək deyil ki, Brüssel danışıqlarının timsalında Ermənistan hansısa danışıqlara sadiqlik nümayiş etdirir, sadəcə bu işğalçı ölkə Azərbaycanın bölgədə yaratdığı reallıqları görməməzliyə vura bilmir. Əksinə, indi artıq rəsmi İrəvan başa düşür ki, hər bir halda Azərbaycan tərəfi haqlıdır və bununla onlar barışmaq məcburiyyətindədirlər.

Paşinyan hakimiyyətinin Ermənistanı hansısa xəyallara, Qarabağla bağlı erməni xülyalarına qurban vermək istəmədiyi göz önündədir. Bu zamana qədər hansısa qondarma və dırnaqarası “status” barədə danışan Ermənistan hakimiyyəti indi Qarabağ sözünü gündəmə belə gətirmək istəmir. Təbii ki, Paşinyana yaxın hakimiyyət nümayəndələrinin erməni cəmiyyətində müəyyən təbliğatlar aparması, sülh sazişinin qaçılmaz olduğu barədə erməni xalqına təbliğat etmələri də anlaşılandır. Anlaşılan odur ki, erməni baş nazirin yaxın ətrafı erməniləri sülh sazişinə psixoloji cəhətdən hazırlayır ki, bu saziş zamanı Ermənistan hakimiyyəti onlar tərəfindən hədəfə alınmasın. Deməli, rəsmi İrəvan ciddi seçim qarşısında qaldığının nəinki fərqindədir, hətta onu da qəbul edir ki, Azərbaycanın hərbi-siyasi iradəsini Ermənistan etiraf etmək məcburiyyətindədir. Eyni zamanda Azərbaycanın diqtə etdiyi şərtlərə razılaşmaqdan başqa Ermənistanın çıxış yolunun olmadığını Paşinyan hakimiyyətnin da anladığı göz önündədir. Ermənilər çox yaxşı başa düşürlər ki, ikibaşlı oyunlar oynamalarına artıq zərrə qədər imkanları, şansları yoxdur və ələlxüsus Rusiya-Ukrayna müharibəsi, Avropanın, ABŞ-ın Rusiya ilə toqquşması fonunda Ermənistan hər bir halda himayəsiz qalır. Araik Arutyunyanın qondarma qurumuna maliyyə dəstəyinin tamamilə kəsilməsi isə ermənilər üçün qırmızı xətti göstərir, həyacan siqnalının səsləndiyini xəbər verir.

Rəsmi İrəvan qəbul edir ki, Rusiyadan imtina etməyəcəyi halda Qərbdən maliyyə dəstəyi ala bilməz və Rusiyaya da bu mənada zərrə qədər ümid yoxdur. Çünki, Rusiya işğalçı ölkəyə yalnız hərbi yardım göstərib, maliyyə yardımı yox. Xüsusən də bu şəraitdə Rusiyanın Ermənistana nəinki maliyyə yardımı, ümumiyyətlə, hansısa yardım göstərməyə durumu belə yoxdur. Ona görə ki, Rusiyanın özünün bu məqamda hər mənada yardıma ciddi ehtiyacı var və bölgədə nəzarəti əldən verməməl, ermənilərin Qərb tərəfə meyillənmələrinin qarşısını almaq məqsədi ilə Lavrovun bütövlükdə Ermənistana mesajlar göndərməsinə baxmayaraq, ermənilər rusların indi heç yadına da düşmür, onlar öz hayındadırlar, hayların hayında yox. Bir sözlə, hər tərəfdən əlləri üzülən ermənlərin, bütövlükdə Ermənistanın seçim qarşısında qaldığı günün reallığıdır və haylar dərk etməlidirlər ki, Azərbaycanın yaratdığı reallığı qəbul etməkdən, bununla barışmaqdan, sülh sazişini imzalamaqdan başqa onların heç bir seçimi qalmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə